Şimali və Cənubi Koreya birləşməyə doğru gedir…Rusiya, Çin və ABŞ buna imkan verəcəkmi? – ARAŞDIRMA

Baxış sayı:
5497

Bu yaxınlarda bir-birini, az qala, atəşə tutan Şimali və Cənubi Koreya artıq birləşmə planını müzakirə edir. İki ölkənin qovuşması tərəfdarları artıq çoxdan xəyal edirlər ki, bütöv Koreya indiki Şimal kimi silahlı və müstəqil, amma bununla yanaşı, indiki Cənub kimi zəngin və inkişaf etmiş olacaq. İki ölkəni bir-birinin ağuşuna atılmağa nə məcbur edib və onların birləşməsi necə görünə bilərdi?
Yarım il qabaq öz aralarında, az qala, nüvə savaşına girən Şimali və Cənubi Koreya indi sarsıdıcı bir qeyrətlə qardaşlaşır. KXDR rəhbəri Kim Çen In cərşənbə axşamı Phenyanda Cənubun prezidenti Mun Çje İndən məktub gətirmiş nümayəndə heyətini qəbul edib. Danışıqların yekunları üzrə aprelin sonunda son 10 ildə ilk dəfə və 1953 savaşından bəri üçüncü Koreya-Koreya zirvəsi təyin etmək qət olunub. Kim və Mun habelə öz aralarında birbaşa telefon xətti açmaq qərarına gəliblər.
Xatırladaq – iki Koreyanın liderləri ilk dəfə 2000-də, ikinci və axırıncı dəfə 2007-də görüşüblər. Kim Çen İr və Kim De Cun birinci dəfə Cənubla Şimalın bu günədək birləşmək haqda baş sənəd olan birgə bəyannaməsini imzalayıblar. Tərəflər bəyannamədə “Koreya millətinin özünün gücüylə” bu məqsədə çatmağa söz veriblər.
2007-nin oktyabrında yüksək səviyyədə ikinci görüş keçirilib və elə həmin Kim Sen İr və cənublu No Mu Hen Koreyalararası münasibətlərin inkişafı, barış və inkişaf haqda 2000-ci il bəyannaməsinin ideyalarını inkişaf etdirən Bəyannamə imzalayıblar. Danışıqların baş məqsədi Phenyanın Seulun vasitəçilyi ilə ABŞ-la birbaşa təmas girmək istəyi olsa da, səfərin gedişində başqa mövzu da səslənib – Şimal özünün ümumi gələcək görüşünü Cənubla bölüşüb.
Seuldakı məlumatlı qaynaqların xəbərinə görə, KXDR liderləri birləşməyə doğru hərəkətlənmək təklifi veriblər. Həm də bu dəfə şimallılar artıq yoxsul qohum kimi görünmürlər, onların da masaya qoymağa nəyisə var – Koreyanın öz nüvə silahı. Məqsəd müstəqil nüvə dövləti Koreya adlandırılıb. Yada salaq ki, yarımadanın cənubunda da bu yaxınlarda nüvə silahı var idi, amma gətirilmə – Amerikanınkıydı. Rusiya EA İqtisadiyyat İnstitutu Koreya proqramlarının direktoru Georgi Toloraya jurnalistlərə izah edib: “Hadisələrin bu cür inkişafı Cənubi Koreya cəmiyyətinin müəyyən, millətçi bölümü üçün ideal görünür, amma bu ssenarinin gerçəkləşmə şansları sıfıra yaxındır”.
O, “Vzqlyad” qəzetinə bildirib: “Koreya millətçiləri böyük fantaziyalı adamlardır. Onların içində belə bir süjet populyardır: iki Koreya birləşir və Koreya nüvə silahına malik olmaqla böyük dövlət olur. Bundan sonra vahid Koreya qonşulardan özünün saydığı əraziləri, xüsusən Çindən müqəddəs Pektusan dağını və Rusiyadan Primoryenin bir hissəsini çarpır. Bu, çox cazibəli və çox da ağlabatmayan ssenaridir, amma hər halda nəzərdə saxlamaq lazımdır”.
Tarix elmləri namizədi, koreyaşünas alim Konstantin Asmolov “Vzqlyad” qəzetinə deyib: “Cənubi Koreyanın bəzi mühafizəkarları və solçular belə ideyaları həqiqətən dəstəkləyirlər. Fikir var ki, Koreya birləşəndə Şimaldakı kimi silahı, iqtisadiyyatı isə Cənubdakı kimi olacaq”.
Lakin onun özü isə əmindir: hər şey əksinə olacaq və belə Koreyanın Cənubdakı müstəqilliyi və Şimaldakı iqtisadiyyatı olacaq. “Nəzərə alın ki, Cənubi Koreya millətçiləri birləşməyə hazırlaşmırlar. Onlar yenidən birləşməyə hazırlıq görürlər. Cənublu millətçilərin baxışınca, KXDR ümumiyyətlə mövcud deyil. Hansısa oyuncaq, beş şimal əyalətinə müvəqqəti nəzarət edən antidövlət təşkilatı var, – Asmolov əlavə edib. – Cənubun baxışına görə, yenidən birləşmə prosesi kommunasızlaşdırma, təmizləmə, bir növ, Şimalın Cənub tərəfindən udulması, Şimali Koreya rejiminin ləğviylə getməlidir. Yeri gəlmişkən, bütün bunlar Cənubi Koreyanın “Milli güvənlik haqda” qanununda yazılıb. Bizdə danışmağı xoşlayırlar ki, Cənubi Koreya radiosunu dinləməyə görə həbs kəsilir, amma Cənubda da Şimali Koreya kontentinə (informasiya vasitələri-tərc.) baxmağa görə həbs oxşardır”.
 
Yenidən birləşməyin Şimal ssenarisi
 
Məlum olduğu kimi, 1953-cü il müharibəsindən sonra iki ölkənin rəsmi təması Koreya Respublikası Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Li Hu Rakın 1972-ci ildə Phenyana səfərinin gedişində baş tutub. O və KXDR-in indiki liderinin babası Kim İr Sen danışıqlarda ölkələrin birləşməsinin üç prinsipi haqda anlaşıblar: qıraq müdaxiləsiz, dinc yolla və milli konsolidasiya əsasında.
Uzaq Şərq İnstitutu Koreya Araşdırmaları Mərkəzinin aparıcı elmi əməkdaşı Yevgeni Kim yada salır ki, hələ Kim İr Senin sağlığında 1991-də iki ölkənin baş nazirləri barışıq, qarşılıqlı hücum etməmək, əməkdaşlıq və mübadilə haqda anlaşma imzalayıblar və o zaman tədrici yaxınlaşma başlanıb. Kim İr Senin hələ 1972-də irəli sürdüyü birləşmə ideyası Phenyan və Seulun konfederasiyada müstəqil fəaliyyətindən ibarət idi.
Yevgeni Kim “Vzqlyad” qəzetinə izah edir: “Konfederasiya altında Şimal və Cənubun birgəliyi, birinci növbədə iqtisadi əməkdaşlıq anlaşılırdı. Mədəni əməkdaşlıq üzrə də tam bir sıra mərhələli tədbirlər nəzərdə tutulmuşdu. Plan beləydi: onlar beynəlxalq arenada bir dövlət, daxildə isə iki rejim, iki paralel hökumət kimi çıxış edəcəkdilər”.
Asmolov öz növbəsində Şimalın planını ciddi saymır, çünki iki bu cür müxtəlif ölkə beynəlxalq arenada, çətin ki, bir səslə çıxış edər. “Birləşməyin Şimal layihəsi özlüyündə hətta sadəcə “bir ölkə – iki sitem”i deyil, atı, titrək xallı maralı, qu quşunu, xərçəngi və durna balığını bir arabaya qoşmaq cəhdi olan konfederasiyanın olduqca tutqun variantını təmsil edir, – Asmolov deyib. – Hamıya aydındır ki, Şimali Koreya mirasının təslim edilməsinə istənilən cəhd bir anda buna səbəb olacaq ki, Cənub Şimalı udacaq”.
Ekspert əlavə edib – hətta Şimali Koreyanın doğulmaqda olan biznesmenlər sinifi Kim Çen Inı dəstəkləyir, çünki anlayır: Kim rejimi qırağını qatlasa, Cənubi Koreya menecerləri gələcək və onların hamısını bayıra tökəcəklər.
 
Lakin hər iki Koreya gözlənilmədən səs-səsə verib
 
Yevgeni Kim yada salır: amerikalılar “hər iki ölkənin böyük arzusuna rəğmən bu addımı atmağa imkan verməzlər”.
Ekspert vurğulayır: “Amerikalılar istəyirlər ki, Şimali Koreya tərki-silah olsun. Şimallılar ABŞ tərəfdən nəzarət altında birləşməyə heç vaxt razılaşmazlar. Lakin hazırda Phenyanda olmuş nümayəndə heyəti həftənin sonunda Vaşinqtona uçacaq və Kim Çen Inla nədən danışdıqları haqda orada məruzə edəcək”.
Əlbəttə, Phenyann təklif etdiyi ssenari zamanı cənublular ABŞ-la ittifaqdan imtina etməli olacaqlar. Lakin Cənubun indiki elitası bütünlüklə Amerikayönlü ruhda tərbiyə olunub, ona görə də bu cür gedişi ancaq qorxulu yuxuda təsəvvür edə bilər. Məlum olduğu kimi, Cənubi Koreya təkcə de-fakto deyil, həm də de-yure tamdəyərli suverenliyə malik deyil. Deməli, məsələn, o, müharibə halında öz ordusunu yönəltməyi avtomatik olaraq Amerika generallarına verməlidir. Buna baxmayaraq, fakt budur ki, indiki anda hər iki Koreyanın mövqeyi üst-üstə düşüb.
Seul Kunmin universitetinin professoru Andrey Lankov bu haqda deyir: “Phenyan və Seulun vəzifələri gözlənilmədən qəribə şəkildə üst-üstə düşüb: vaxtı uzadaraq Donald Trampa zərbə endirməyə imkan verməmək”.
Əlbəttə, bu, durumdan törəyən və ötəri ititfaqdır, lakin köhnə siyasilər belə bir şeyi ümumiyyətlə xatırlamırlar.
Tərcümə Strateq.az-ındır.