Silah anbarlarını kim partladır? – PARTİYA SƏDRİNDƏN ŞOK AÇIQLAMA

Azərbaycan, Ukrayna və Ermənistanın silah anbarlarında baş verən partlayışın pərdəarxası
Sərdar Cəlaloğlu: “Rusiya öz ətrafındakı dövlətləri mümkün qədər zəiflətmək üçün bu cür addımlar atır”
Avqustun 27-də Xızıdakı silah anbarında, srağagün Ukraynanın Vinnitskaya vilayətindəki hərbi anbarda, dünən isə Ermənistanda Nubaraşendə yerləşən hərbi hissənin silah anbarında partlayış baş verməsi diqqəti çəkən məqamlardandır. Xızıda silah anbarında baş verən partlayışın bəzi ekspertlər konkret olaraq Rusiya xüsusi xidmət orqanları tərəfindən törədildiyini vurğuladılar. O cümlədən, Ukraynanın Vinnitskaya vilayətindəki silah anbarında baş verən partlayışda da Rusiyanın əlinin olduğu istisna edilmir. Maraqlıdır ki, Nubaraşendə yerləşən silah anbarının partlamasının Azərbaycan və Ukraynada baş verən partlayışlarla əlaqəsi varmı?
“Ermənistanda hərbi hissədə baş verən partlayış da Rusiyanın təxribatı ilə ola bilər”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, Ermənistanda hərbi hissədə baş verən partlayış da Rusiyanın təxribatı ola bilər: “Ümumiyyətlə, hərbi bazada partlayışların törədilməsi bir qayda olaraq bir dövlətin müdafiə qüdrətinin zəiflədilməsinə xidmət edir. Ona görə də Rusiya öz ətrafındakı dövlətləri mümkün qədər zəiflətmək üçün bu cür addımlar atır. Eləcə də orduda olan korrupsiyaları ört-basdır etmək üçün belə addımlar atılır”.
“Rusiya bir növ Ermənistana “gözağartması” verir”
S. Cəlaloğlu dedi ki, Ermənistanda son vaxtlar anti-Rusiya əhval-ruhiyyəsi çox güclənib: “Bilirsiniz ki, orada açıq-aşkar Rusiyanın əleyhinə mitinqlər gedir. Ona görə də Rusiya bir növ Ermənistana “gözağartması” verir”.
“Özünü qorumasa, istənilən ölkədə belə təxribatlar olacaq”
ADP sədrinin fikrincə, bundan sonra da region ölkələrində hərbi bazalarda partlayış ehtimalı var: “Region dövlətlərinə müxtəlif üsullarla təzyiq olunur. Təzyiqlərin də biri bu cürə təxribatlardır. Özünü qorumasa, istənilən ölkədə belə təxribatlar olacaq”.
Qeyd edək ki, srağagün Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində silah anbarında 188 min ton hərbi sursat olub. Onların arasında “Smerç”, “Uraqan” və “Qrad” tipli raketlər də var”.
Ermənistanın “Jogovurd” qəzetinin yaydığı məlumata görə isə Nubaraşendə yerləşən hərbi hissənin silah anbarında partlayış zamanı ölən və xəsarət alanların olmadığı bildirilsə də silah anbarına külli miqdarda ziyan dəydiyi qeyd edilir.
Günay ƏSƏDOVA