SƏFƏVİLƏR – Şah İsmayıla çamur atanlara tarixi faktlarla CAVAB - I YAZI

Baxış sayı:
30640

Son dövrlərdə istər mətbuatda, istərsə də sosial şəbəkələrdə yenidən Səfəvilər mövzusu gündəmə gəldiyindən, bununla bağlı oxucularımızla bu mövzu haqqında bildiklərimizi paylaşmaq qərarına gəldik. Fransızlar qədim əhalisi kelt dilində danışan tarixi Qalliya ərazisində məskunlaşmalarına və dövlətlərinin öz adını frank adlı alman tayfasından; ingilislər öz dövlətlərinin alman tayfası anqllar tərəfindən qurulmasına və yeni dövrdə dünyanın ən böyük müstəmləkələrinə malik olmasına rəğmən qall tayfalarından olan brittlərin adı ilə Britaniya adlanmasından; ruslar Rusiya ərazisində yaranan ilk dövlətin hökmdarının xaqan titulu daşımasından, IX yüzilliyin II yarısından XVI yüzilliyin əvvəllərinə qədər norman mənşəli Ryuriklər xanədanı tərəfindən idarə olunmalarından və XVIII-XIX yüzilliklərdə sarayda fransız dilində danışmaqlarından “xəcalət çəkmədikləri” halda, dili dilimizdən, qanı qanımızdan, soy şəcərələrimizin böyük əksəriyyətinin dayandığı Səfəvi xanədanını Azərbaycan üçün “yadlaşdırmaq” istəyi haqlı olaraq, əksəriyyətimiz tərəfindən narazılıqla qarşılanır. Məqsədimiz kiməsə “ağıl vermək” yox, haqqında mənasız mübahisə gedən Səfəvilər xanədanı haqqında mənbələrin məlumatlarını çatdırmaqdır... SƏFƏVİLƏRİN MƏNŞƏYİ Səfəvilərin mənşəyi ilə bağlı bir-birlərinə zidd olan müxtəlif fikirlər mövcuddur. Onların kürd mənşəli olmaları haqqında nəzəriyyənin tərəfdarları əsasən ya paniranizm tərəfdarları (Əhməd Kəsrəvi), yaxud da Səfəvilərin tarixinə daha çox məzhəbçilik mövqeyindən yanaşan Türkiyə tarixçiləridir (Zeki Velidi Toğan, Faruk Sümer və s.). Adlarını çəkdiyimiz Türkiyə tarixçiləri öz fikirlərini “təsdiq etmək üçün” hətta VIII əsrdə Cənubi Azərbaycana köçürülmüş, əslən Yəməndən olan ərəb mənşəli Rəvvadilər nəslini kürd “elan edirlər”. Məsələyə daha obyektiv yanaşan, Səfəvi nəslini ərəb mənşəli elan edənlərə qarşı isə digər bir türkiyəli tarixçi İsmayıl Uzunçarşılı belə cavab verir: “Xalis Türk olan bu ailənin siyasətlərinə alət olmaq üzrə yayınladıqları şəcərə kitablarına görə özlərini Sadat-i Hüseyniyyədən göstərmişlər ”. Bəzi müəlliflər istisna olunmaqla rus-sovet tarixçilərinin əksəriyyəti isə Səfəviləri haqlı olaraq Türk mənşəli hesab edirlər. V.Bartold Səfəvilərin Türk mənşəli olduqları qənaətinə gəlmiş, İ.Petruşevski isə “Ərdəbildə yaşamış ilk Səfəvi şeyxlərinin ana dillərinin şəksiz Azərbaycan türkcəsi olduğunu” qeyd etmişdir. Bu sahədə araşdırmalar aparan Azərbaycan tarixçiləri O.Əfəndiyev, Y.Mahmudlu, Z.Bayramov Səfəvilərin Türk mənşəli olmaları ilə bağlı təkzibedilməz faktlar göstərmişlər. Bəs bu barədə yazılı mənbələrdə nə deyilir? Səfəvi tarixi ilə bağlı ilk mənbələrdən sayılan Saffət-üs-səfaya görə Şah İsmayılın ulu babası Şeyx Səfiəddin “Türk kəndində yaşamış”, “Türkün piri” adlandırılmış və öz müridlərinə “Türk qonağı yaxşı qarşılayaraq, onlara ağ çörək və bal, türk olmayan qonağa isə qara çörək və soğan verməyi tapşırmışdı”. Məsələyə daha geniş aspektdən yanaşılan “Tarix-i alamaraye Abbasi” əsərində isə Şeyx Səfiəddinin özünə müşüd axtarmaq üçün Şirazda yaşasa da, əslən Azərbaycan türkü olan, görkəmli Azərbaycan alimi Şihabəddin Sührəverdinin (1145-1234) şagirdi və davamçısı olmuş Şeyx Nəcibəddin Bozquşun yanına getdiyi qeyd olunur. Mənbəyə görə, “Şeyx Səfiəddini - əxlaqda, hərəkət tərzində, davranışda özlərindən yüksək görən” şirazlılar “onu seyidlər zümrəsi və dövrün bilikli adamlarının on biliklisi olan Əmir Abdullahın yanına göndərdilər”. Əmir Abdullahın Şeyx Səfiyə müraciəti xüsusilə maraqlıdır: “EY GƏNC TÜRK! Mücahidlik, zahidlik və yüksək əhvali-ruhiyyə sayəsində sənin üçün hasil olan şeylər mənim bəsirət gözümə çatmayıb... Bu gün sənin gözündən pərdəni götürüb, səni məqsədə tərəf yönəldə biləcək ilahiyyət elmlərini bilən şeyx Zahid Gilanidən başqa bir kəs yoxdur. Onun Gilanda, sizin vilayətinizin yaxınlığında, dəniz kənarında xəlvət yeri var”. Mənbələrə görə, Şeyx Zahid Gilani də öz gənc müridinə “TÜRKZADƏM” (Türk övladı) deyə müraciət etmişdir. SƏFƏVİLƏR DÖVLƏTİNİN METROPOLİYASI Səfəvilər xanədanının qurduğu dövlətin hansı xalq və ölkəyə mənsubluğu ilə bağlı mübahisələrə aydınlıq gətirmək üçün də, təbii ki, “yozmalara” yox, mənbələrə müraciət etmək lazım gəlir. Ərzincan qurultayında nəzərə alındığı kimi, qızılbaş ordusu 1500-cü ilin əvvəllərində Şirvanşahlar üzərinə yeridi. 7 minlik bu ordunun ön hissəsi Əmir Bayram xan Qaramanlının başçılıq etdiyi təkəli və zülqədər tayfalarından toplanmış döyüşçülərindən ibarət idi. Kürü keçməyə risk etməyən bu dəstəyə ürək-dirək vermək üçün İsmayıl çayı birinci keçdi. Kürün digər sahilində ilk olaraq Şəki hakiminin qoşunlarını darmadağın edən qızılbaş ordusu Şamaxıya daxil olarkən məlum olmuşdu ki, əhalinin əksəriyyəti şəhəri tərk etmişdir. Sürətlə hərəkət edən qızılbaş ordusu Fərrux Yasarın Gülüstan qalasına girməsinin qarşısını alaraq, onu Cabanı adlı yerdə haqladı. Şirvanşahın 20 min atlı və və 6 min piyada döyüşçüdən ibarət qoşunu 7 minlik qızılbaş ordusu tərəfindən darmadağın edildi. Şirvanşahın ordusunun qalıqları Gülüstan qalasına çəkildi. “İsmayıl ... o uca qalanı mühasirə etdi. Mühasirə əsnasında qeyb aləmindən gələn səs o həzrətə Azərbaycanın səltənət və padşahlıq taxtının müjdəsini verdi. İsmayıl böyük əmirləri yanına çağırıb dedi: «Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?». Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri səmimiyyət və müridlik aləmində [İsmayılın] ilham söyləyən dilindən nə söz çıxırdısa, məhz onu həqiqət bilərək,ondan heç kənara çıxmadıqlarına görə Azərbaycan taxtı müjdəsinin şənlik sədasını Keyvan eyvanına çatdırdılar.” (İ.Münşi. “Tarixe alamaraye Abbasi”. Bakı, 2009) Həsən bəy Rumlu isə bu hadisəni belə şərh edir: “O əsnada əlahəzrət məsum imamlardan – onların hamısına Allahın salamı olsun – biri İsgəndər şanlı xaqanın yuxusuna girib ona əmr etdi ki, Gülüstan qalasının ətəyindən qalxıb hərəkət yüyənini Azərbaycana doğru yönəltsin. Səhər çağı fələk bürcündən günəşin baş qaldırmasından sonra İsgəndər şanlı xaqan Hüseyn bəy Lələ, Abdal bəy Dədə, Məhəmməd bəy Ustaclu, Əbdi bəy Şamlu və Xadim bəy kimi qüdrətli dövlətin ərkanını çağırıb onlara dedi: - Azərbaycanı istəyirsiniz, yoxsa Gülüstan qalasını? Onlar dedilər: - Azərbaycanı! O həzrət buyurdu: - Keçən gecə bizə din imamlarından və yəqinlik yolunun bələdçilərindən varid olmuşdur ki, əgər Azərbaycanı istəyirsənsə, Gülüstan qalasının ətəyindən qalx!” (Həsən bəy Rumlu. “ Əhsənüt-təvarix”. Kastamonu,2017) “Lübb-ət-təvarix” adlı başqa bir mənbə isə İsmayılın 1501-ci ildə Şərur qələbəsindən sonra “dar-üs-səltənə (səltənətin paytaxtı) Təbrizə gələrək, sərir-e səltənət-e Azərbaycanda (Azərbaycanın hökmdarlıq taxtı) oturduğu” yazılır. Eyni faktı M.Y.Qəzvini də təkrar edir : “Şərur savaşından sonra “darüs-səltənə” (səltənət,sultanlıq taxtı) Təbrizə üz tutan İsmayıl, təxt-e sələtənət-e Azərbaycana (Azərbaycan sultanlığı taxtına) oturdu. “dər tamam-e məmləkət-e Azərbaycan ” (bütün Azərbaycan ölkəsində) onun adına xütbə oxundu və pul zərb edildi ”. Lütfi MƏMMƏDOV, Muxalifet.az