Şamaxıdakı yanğın sahibkara ciddi ziyan vurub - biçilməmiş taxıl sahələrini necə qorumalı

Baxış sayı:
8625

Yanğınlarla bağlı əsas problem samanın yandırılmasıdır, sığorta məsələsi yenidən gündəmdə...

Ölkədə bir neçə taxıl zəmisinin yanması ötən günün neqativ xəbərlərindən biri oldu. Belə ki, Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın baş verib.

“Report”un məlumatına görə, alovun söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı, Ağsu, Kürdəmir, Qobustan və Hacıqabul rayonları üzrə yanğın mühafizə xidmətlərinin texnika və canlı qüvvələri, həmçinin Mülki Müdafiə qoşunlarının əsgərləri iştirak edib. Hadisə nəticəsində ərazidə 2 min hektar taxıl sahəsi yanıb.

Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda FHN tərəfindən vətəndaşlara dəymiş ziyan hesablanır. Həmçinin Ağcabədi rayonunun Xocavənd kəndində də biçinə hazır olan taxıl sahəsi yanıb. Kənd sakininə məxsus olan 1 hektar sahədə biçilməmiş taxıl yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun digər sahələrə keçməsinin qarşısı alınıb. Hər iki faktla bağlı araşdırma aparılır.

1 gün əvvəl isə Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində biçilməmiş taxıl sahələri yanıb. Fermerlərdən biri iddia edib ki, taxıl sahəsini qəsdən yandırıblar.

Bəs görəsən, bu kimi yanğınlardan fermer təsərrüfatlarını, taxıl sahələrini necə qorumaq olar? Hazırda taxıl biçini üçün texnika yetərlidirmi, istehsal proqnozlara uyğun olacaqmı?

Nicat Nəsirli ile ilgili görsel sonucu

Nicat Nəsirli

“Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı məlumat verən  kənd təsərrüfatı eksperti Nicat Nəsirli bildirdi ki, yanğınlarla bağlı əsas problem samanın yandırılmasıdır: “Taxıl biçildikdən sonra böyük bir həcmdə saman kütləsi tökülüb qalır və fermer onu sahədən çıxarmalıdır. Onu təmizləmək üçün müəyyən qədər maliyyə vəsaitinə ehtiyac var. Bu vəsaiti xərcləmək istəmədiyi üçün ən asan yolu seçir və sahəni yandırır. Bunun üçün isə biçin vaxtı müasir kombaynların olmasına ehtiyac var. Rəsmi rəqəmlərə görə, ölkəyə yeni kombaynlar gətirilib. Kombaynlar taxılı biçib, samanı da  xırdalayıb toz halına salıb sahəyə səpməlidir ki, orada bir gübrə qatı əmələ gəlsin. Ötən ilə qədər ölkəyə gətirilən kombaynlarda bu aqreqat yox idi. Ancaq ötən il gətirilən kombaynlarda bu aqreqat var. Mən deməzdim ki, bütün bu yanğınları fermerlər qəsdən edir. Bəzən də təsadüfən olur, kimsə yanan siqaret kötüyü atır. Bəzən isə insanlar qəsdən sahələri yandırır. Və ya qamışlığı yandırırlar, o isə yayılır və taxıl sahələrinə keçir. Bu çox ciddi problemdir. Cinayət Məcəlləsinə də salınıb, bu əmələ görə 3 min manata qədər cəza tətbiq olunur. Yerli icra hakimiyyətləri və Kənd Təsərrüfatı Nazirliyi bu hallara qarşı mübarizə aparır. Ancaq nəzərə alaq ki, 1 milyon 300 min istehsalçıdan söhbət gedir və hələ bütün istehsalçıları əhatə edə bilməmişik”.

Ekspertin sözlərinə görə, taxılçılıqda əsas hədəf məhsuldarlığın intensiv yolla artırılmasıdır: “2009-cu ildən taxılçılıqla bağlı xüsusi dövlət proqramı başlayıb. Ümumilikdə hər il istehsal həcmi 3 milyon tondan bir qədər artıq olur. Əgər indiyə qədər taxılçılıq sahəsində 960  min hektara qədər əkin dövriyyəsində olan torpaq var idisə, artıq bu sahə 1 milyon 913 min hektara çatıb. Əsas məsələ vahid sahədən götürülən məhsuldarlığın yüksəldilməsidir. Çünki fermerin o qədər də çox torpaq resursu yoxdur. Torpaq sahələrinin genişləndirilməsi də xeyli xərc tələb edir, onun mühafizə məsələsi var, suvarma problemi var. Bildiyiniz kimi, suvarma resurslarına görə Azərbaycan ən kasad ölkələrdən biri sayılır. Bu baxımdan vacib məsələlərdən biri məhsuldarlığın yüksəlməsidir. Ötən ilin nəticələrinə görə, ölkə üzrə taxılçılıqda məhsuldarlıq hər hektara görə, 30-31 sentnerdir. Ancaq taxılçılıqda bu o qədər də qənaətbəxş bir göstərici deyil. Dünya təcrübəsində taxılçılıqda məhsuldarlıq 40-50 sentner arasında dəyişir”.

N.Nəsirlinin fikrincə, taxıl elə bir məhsuldur ki, onu 50 sentnerdən aşağı götürmək onun rentabelliyini aşağı salır: “Bu çox ciddi məsələdir və taxılçılıqda qarşıya qoyulan məqsədlərdən biridir. Biz sahələri deyil, məhsuldarlığı artırmalıyıq. Yəni ekstensiv metoddan deyil, intensiv metodlardan istifadə edək. Yəni torpaq resurslarını qorumaqla daha məhsuldar toxumlardan, suvarma texnologiyalarından istifadə edək.  Nəticədə daha çox məhsul götürək. Hələ ki biz buna nail ola bilməmişik.  Hər il 3 milyon ton taxıl istehsal edilsə də, sirr deyil ki, bizim ərzaq buğdası baxımından idxaldan asılılığımız davam edir. Ölkəyə hər il 800 min - 1 milyon tona qədər ərzaq buğdası gətirilir. Bu o deməkdir ki, biz istehsal etdiyimiz dənli bitkilər üzrə ölkəni təmin edə bilmirik. Burada müxtəlif amillər var, həm iqlim amili var, həm fermerin məsələlərə yanaşması var. Burada keyfiyyətli toxum məsələlərindən istifadə məsələsi var, su resurslarının olması və sair var ki, məhsuldarlığa mənfi təsir göstərir. Hələ ki biz buna nail ola bilməmişik”.

Ekspertlər həmçinin onu da qeyd edirlər ki, taxılçılıq riskli sahə olduğu üçün fermerlərin təsərrüfatlarının sığortalanması məsələsinə ciddi yanaşılmalıdır./musavat.com