​Sabiq icra başçısı və AXCP üzvlərinə hökm oxundu - iki nəfər azadlığa buraxıdlı

Baxış sayı:
5821

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli hakim qarşısına çıxarılıb. Bu iş üzrə daha 3 nəfər həbs edilən şəxs var. Onlar Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvləridir.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.
Təqsirləndirilən şəxslər AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlidir.
Bu gün baş tutan məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, onlardan ikisi - AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli və Vidadi Rüstəmli 6 il 8 ay şərti cəza ilə həbsdən buraxılıb.
Saleh Rüstəmliyə 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənovun hər biri isə 7 il azadlıqdan məhrum edilib.
Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 1997-ci ildən Rusiyada yaşayıb və bizneslə məşğul olub.
Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Həmin ilin mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də saxlanıblar.
Təqsirləndirilən şəxslərə qarşı qanunsuz sahibkarlıq, pul vəsaitlərini qanunsuz leqallaşdırma və digər maddələrlə təqsirləndirilirlər.
İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.