Rüstəm Kərimli Apellyasiya Məhkəməsinin ləğv etdiyi işi 4 ildir gizlədir – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
9964

Bakı İnzibati Məhkəməsi yuxarı instansiyanın ləğv etdiyi işə 9 ildir baxmır
Torpaq mülkiyyəti hüququ Konstitusiya ilə, “Torpaq islahatı haqqında” , Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və s. normativ hüquqi aktlarla təminat verilən hüquqdur. Qarabağ savaşı əlillərinə bələdiyyədən bir dəfə pulsuz, dövlətdən iki pay torpaq verilməsi də qanunvericiliyin tələbidir. Di gəl, nə icra hakimiyyətləri, nə də bələdiyyələr bu hüquqa sayğı göstərir. Məhkəməyə müraciət edəndə isə...
Bakı şəhəri, Nərimanov bələdiyyəsinin 1-ci dərəcəli Qarabağ əlili rayon sakininə Nəsib bəy Yusifbəyli küçəsinin sonu, Fətəli Xan Xoyski- 1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsini verməkdən imtinasından 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində ( 2 BİİM) iddia qaldırılıb. Hakim Rüstəm Kərimli 15.10.2019 tarixli qərardadla gizlincə icraata xitam verib.
Bakı Apellyasiya Məhkəməsi 05.03.2020 tarixli qərardadla aşağı instansiyanın qərardadını ləğv edib və işi baxmağa Bakı İnzibati Məhkəməsinə göndərib. 3 il yarım keçsə də işin “bəxtinə” yenidən baxılmaq yazılmayıb. Heç demə, Sabunçu Məhkəməsində hakimlik yapan Rüstəm Kərimli Ədliyyə Nazirliyindəki tanışlarının araçılığı ilə özünü Bakı İnzibati Məhkəməsinə ezam etdirib və ləğv edilmiş işini icraatına götürüb,  4 ilə yaxındır gizlədir.(?)
Hakimin işi gizlətməsi faktı elə açıq-aşkardır ki, Məhkəmə Hüquq Şurasına yalnız fakta qiymət vermək qalır. Özbaşınalığa baxın, hakim R. Kərimli 2-1(112)- 5191/2020 saylı işi “elektron məhkəmə” informasiya sistemindən tamam silib! Hələ də nə iş sistemə bərpa edilir, nə də yuxarı instansiyanın məcburi göstərişinə əsasən işə yenidən baxılır.
Bakı İnzibati Məhkəməsinin apellyasiya instansiyasının ləğv etdiyi işlərə yenidən baxmaqdan imtinası bu “gizliliklə” bitmir. Birinci instansiyanın 06.05.2015 tarixli DSMF-ə qarşı  qərardadını Bakı Apellyasiya Məhkəməsi 02.07.2015 tarixli, 2-1(103)-1098/15 saylı qərardadla ləğv edib və işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün 1 BİİM-ə qaytarıb. 9-cu ildir işə yenidən baxılması gerçəkləşmir.
Belə məhkəmə təminatı hüququ ilə hansı maddi hüququ, mülkiyyət hüququnu əldə etmək olar? Bircə onu deyək ki, Rüstəm Kərimlinin hakim adından ararlanaraq işi gizlətməsi mübahisə predmeti olan torpaq sahəsinin gizlincə satılması ilə sonuclanıb. Gizlin satışdan varlananlar isə Nərimanov RİH, bələdiyyə, ƏMDX və... təbii ki, hakim Rüstəm Kərimli olub.
İndi söz Məhkəmə Hüquq Şurasındadır: yuxarı instansiyanın ləğv etdiyi işlərin qatı nə vaxta qədər “tam gizli” qrifi” ilə açılmayacaq?
Məğrur BƏDƏLSOY