“Rusiyanın “Vaqner” şirkətinin 2 min muzdlu hərbçisinin Liviyada nə işi var?” - ƏRDOĞAN / VİDEO

Baxış sayı:
2980

Türkiyə prezidenti R.T.Ərdoğan bu gün Tunis prezidenti Kais Səid ilə keçirdiyi birgə mətbuat konfransında deyib: “Bu gün Liviyada Sudandan olan 5 min nəfər muzdlu hərbçi ilə “Vaqner” özəl hərbi şirkətinin 2 min nəfər muzdlusunun nə işi var? Onlar orada nə edirlər?” Ərdoğan xatırladıb ki, Türkiyə Liviyanın Milli Barışıq Hökumətini dəstəkləyir və ona qarşı çıxan general Xəlifə Hafter ilə başçılıq elədiyi Liviya Milli Ordusunu dəstəkləmir. Ərdoğan Liviyaya hərbçi göndərilməsi ilə bağlı sualın cavabında deyib: “Biz indiyə qədər heç bir yerdə dəvətsiz qonaq olmamışıq. Dəvət etsələr, təbii ki, bunun üzərində düşünərik”. Liviyada vəziyyət Bu yaxınlarda dünya mətbuatında “Vaqner” özəl hərbi şirkətinin Hafter qüvvələrinə dəstək göstərdiyi xəbəri yayılmışdı. Ərdoğanın özü də dekabr ayında analoji açıqlamalar vermişdi. Türkiyə prezidenti Ankaranın Liviyada Rusiya muzdlularının varlığına göz yummayacağını bəyan eləmişdi. Bu yaxınlarda Liviyanın Milli Barışıq Hökuməti il Türkiyə arasında təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma və hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Bu razılaşmaya əsasən, Türkiyə Tripoliyə hərbi yardım göstərə bilər. Rusiya Xarici İşlər Nazirliyi isə Moskvanın Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi ehtimalından narahat olduğunu bildirmişdi. 12 dekabr tarixində general Hafter öz ordusuna Tripolini tutmaq əmri vermişdi. Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Tripolidə Fəyaz Saracın başçılıq elədiyi Milli Barışıq Hökuməti BMT trəfindən tanınıb. Hafterin dəstəklədiyi qondarma şərqi hökumətə isə Abdullah Əbdürrəhman ət Tani başçılıq edir. Mətbuatın yazdığına görə, Hafter qüvvələrini Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir dəstəkləyir. Tripolidəki hökuməti isə Türkiyə, Qətər və İtaliya dəstəkləyir. Hurriyyet.org