​Rusiyadan ABŞ-a cavab: “Günahkarı içinizdə axtarın”

Rusiya heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib.
Bu barədə bəyanatı Rusiyanın ABŞ-dakı səfirliyi yayıb. Səfirlik ABŞ-ın bütün düşmən xarakterli addımlarına rəğmən, Moskvanın hər zaman Vaşinqtonla xoş münasibətlərin tərəfdarı olduğunu söyləyib: “Nikki Heyliyə xatırlatmaq istərdik ki, ABŞ-dakı seçki prosesinə müdaxilə edənləri Vaşinqtonun özünün rəsmən elan etdiyi müttəfiqləri və dostları arasında axtarmaq lazımdır. Biz ABŞ-la münasibətlərimizi yenidən qurmağa hazırıq. Məhz Rusiya 2015-ci ildə Vaşinqtona kibertəhdidlərlə bağlı ikitərəfli məsləhətləşmələr təklif etsə də, ABŞ bundan imtina etmişdi”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli Moskvanı ABŞ-dakı prezident seçkisinə müdaxilə etməkdə və xaos yaratmaqda ittiham edib.