RUSİYA İRANIN TƏRƏFİNDƏ DURACAQ - Moskvanın maraqları bunu qaçılmaz edir…

Baxış sayı:
14125

Sentyabrın 2-də Rusiya KİV-ləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərindən sitat gətiriblər. Nazir rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bəyan edib ki, İran Rusiyanın Fars körfəzində təhlükəsizliyin təmin olunması barədəki təklifini alqışlayır və bu ölkələr birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırırlar.

Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Mark Esperin ABŞ-ın rəhbərliyi altında bir neçə ölkənin koalisiyasının boğazda kommersiya gəmiçiliyinin təmin olunması üzrə əməliyyatlarının başlanması barədə bəyanatından 5 gün sonra xəbər verilib.

Sentyabrın 3-də mətbuatda həm də belə bir xəbər yer alıb ki, Rusiya Suriyaya və Türkiyəyə olduğu kimi, İrana da dəniz yolu təklif edə bilər. Belə ki, bu marşrutlar ABŞ sanksiyaları üçün əlçatan deyil.

Bu xəbərlər göstərir ki, Rusiya İranla artan sıx əməkdaşlığından istifadə etməklə, Fars körfəzi üzərində ABŞ-ın 40 illik təhlükəsizlik monopoliyasını dağıtmaq niyyətindədir. İranın Vaşinqtona təkbətək güc nümayiş etdirmək imkanları yoxdur. Amma Rusiyanın dəstəyi ilə o, ABŞ üçün əhəmiyyətli təhdidə çevrilə bilər.

Fars körfəzində Rusiya-İran alyansı Suriyadakı birgə fəaliyyət təcrübəsinə söykənə bilər. Suriya münaqişəsinə müdaxilə etməklə, Rusiya öz müttəfiqini dəstəkləyə və eyni vaxtda bölgədə özünün «açar» oyunçu mövqeyini bərpa edə bildi. Rusiya bu mövqeyini Sovet İttifaqının dağılması ilə itirmişdi.

İranla birgə hərbi-dəniz təlimləri keçirməyə razılıq verməklə və özünün nəqliyyat marşrutlarını təklif etməklə, Rusiya Donald Tramp administrasiyasının Tehrana qarşı maksimal təzyiqinin yolverilməz olduğunu nümayiş etdirmiş olur.

Avropa ölkələri və Çin də daxil, İranın nüvə sazişinin (2015) tərəflərindən biri kimi, Rusiya Tramp administrasiyası tərəfindən sazişin ləvğ olunmasına və İrana qarşı ikinci dalğa sanksiyaların tətbiqinə etirazını bildirib.

iran rus

2019-cu ilin mayında Tramp administrasiyası sanksiyaların yumşaldılması rejiminə son verib. Bu yumşalma Rusiya atom şirkətləri tərəfindən İrana köməklik göstərmək məsələsində istifadə olunurdu. Rusiya firmaları İranın Buşerdəki atom elektrik stansiyası üçün nüvə yanacağı istehsal edir və göndərirdələr.

İrandakı işlərdən təkcə Rusiyanın atom şirkətləri əhəmiyyətli gəlir əldə etmirdi. Rusiya dövləti həm də bu ölkəyə hərbi avadanlıqların tədarükündən ciddi gəlir əldə edir.  Hətta İrana silah satışından əldə olunan gəlirlərdən Rusiyanın silah firmalarının asılılığı var. Eyni zamanda İrana satılmış Rusiya istehsallı Miq-29 döyüş təyyarələrinin, T-72 tanklarının və «Kilo» sinifindən olan sualtı qayıqların (İran onları 1990-cı illərin əvvəlində alıb) təmiri ilə bağlı müqavilələrdən də müəyən gəlir əldə edilir.

Həmin dövrdən sonra İran yenidən silahlanmaya getməyib. BMT TŞ-nın 2231 saylı və nüvə sazişinin yer aldığı qətnaməsi isə 2020-ci ilə qədər İrana böyük döyüş sistemlərinin idxalını qadağan edir. 2017-ci ildə İrana verilmiş S-300 HHM sitemi istisna təşkil edib, belə ki, bu qurğu tam mənada müdafiə sistemidir.

2016-cı ilin ortalarında İranın o zamankı müdafiə naziri Hüseyn Dehqan yeni böyük silah sazişini imzalamaq üçün Moskvaya gəlmişdi.

Rusiya İrana yetərli və ən yeni hərbi vasitələrin əldə olunması imkanları yaratmaqla, onunla yeni saziş imzalamaq arzusundadır.

Beləliklə, açıq-aydın görünür ki, ABŞ-İran qarşıdurmasında Rusiya İranın yanındadır və gələcəkdə də olacaq. Belə bir mövqe tutmağı Rusiyanın özünün siyasi və iqtisadi maraqları qaçılmaz edir./azpolitika