“Rusiya bu dəfə daha aqressiv qüvvələri meydana çıxaracaq” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Əbülfəz Elçibəy hakimiyyəti yıxılarkən hansı ssenari həyata keçirilibsə, artıq Rusiya həmin ssenarini başladıb”
“Onlar demək istəyirlər ki, biz Əbülfəz Elçibəyi necə yıxmışıqsa, AXC hakimiyyətini necə məhv etmişiksə, eynilə İlham Əliyevi də yıxa, YAP hakimiyyətini də məhv edə bilərik”
“Milli Şuranın yaradılmasında məqsəd guya seçkilərdə ortaya hansısa bir alternativ güc qoymaq idisə, indi məqsəd hökumətə qarşı həm də çevriliş etmək gücünə malik və yaxud da çevriliş təcrübəsi olan gücləri aktiv şəkildə ortaya çıxarmaqdır”
Son vaxtlar Azərbaycanda AXC hakimiyyətinə qarşı ardıcıl hücumlara start verilib. Məsələn, bir neçə gün əvvəl keçmiş müdafiə naziri Rəhim Qazıyev, ondan az sonra isə keçmiş baş nazir Sürət Hüseynov Milli Azadlıq Hərakatının lideri, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin və onun komandasında təmsil olunan bir sıra şəxslərin ünvanına ağır ittihamlar irəli sürüblər. Maraqlıdır, aradan uzun illər keçməsinə rəğmən, bu gün AXC iqtidarının yenidən hədəfə alınması nə ilə bağlıdır?
Bu və digər suallara Milli Azadlıq Hərakatının öndə gedən isimlərindən olan ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Sərdar bəy, sizcə, bu gün AXC iqtidarının ünvanına kəskin ittihamların səsləndirilməsi bir təsadüfdür, yoxsa burda hansısa gizli maraqlar var?
- Əlbəttə, təsadüf deyil. Əgər biz bu çıxışları Azərbaycan geopolitikasında baş verən hadisələr fövqündə təhlil etsək, görərik ki, son vaxtlar Rusiyanın Azərbaycana olan təzyiqləri artıb. Azərbaycan Xalq Hərəkatı və AXC hakimiyyəti yaxın tariximizdə Azərbaycanda Rusiya hakimiyyətinə qarşı mübarizə aparan yeganə qüvvədir. Burdan da aydın olur ki, Rusiyanın əleyhinə olan qüvvələrə qarşı hücumların təşkil olunması Rusiyanın Azərbaycana olan təzyiqlərini dəstəkləmək və ona fon vermək məqsədi güdür. Hansı ki, söhbət 20-30 il bundan qabaq mövcud olmuş bir təşkilatdan gedir, cəmi 11 ay hakimiyyətdə qalıb, hətta AXC hakimiyyətinin təmsilçilərinin bir çoxu bu gün dünyada yoxdur. Bir çoxu ölkəni tərk edib, bir çoxu isə siyasətdə yoxdur. AXC hakimiyyətindən sonra doğulan insanların indi 25-30 yaşı var, hansı ki, bu cəmiyyətin əsasını təşkil edirlər, onların ümumiyyətlə AXC hakimiyyəti haqqında təsəvvürü yoxdur...
- Bəs, belə bir vəziyyətdə yenidən AXC hakimiyyətinə, Əbülfəz Elçibəyə qarşı hücumlarda məqsəd nə ola bilər?
- Rusiyanın Azərbaycana hücumlarını gücləndirmək, onun təsir sferasını artırmaq və vaxtilə Rusiyanı Azərbaycandan qovan, bu ölkəyə qarşı bir cəbhə, güc kimi xalqı meydana çıxaran bir gücü ittiham etmək, bununla da Rusiyanın Azərbaycana təsirini daha da gücləndirmək məqsədi güdülür. Baxın, AXC-yə hücum edən insanlar kimlərdir: vaxtilə bilavasitə Rusiyanın tapşırığı, yaxından dəstəyi ilə, verdiyi silahla AXC hakimiyyətini devirən, Azərbaycanda demokratiyaya son qoyan, Azərbaycanın müstəqilliyinin və suverenliyinin məhdudlaşdırılmasına gətirib çıxaran, Azərbaycan ərazilərinin daha geniş şəkildə rus-erməni ittifaqı tərəfindən işğalına zəmin hazırlayan insanlar. Bunlar bilavasitə Qarabağın işğalında məsuliyyət daşıyan insanlardır. Müdafiə naziri olmuş, cəbhə bölgəsində hərbi məsələlərə cavabdeh olan adamlar bu gün ordakı məğlubiyyətləri özləri ilə əlaqələndirmirlər, hansısa mücərrəd hakimiyyətin üzərinə atırlar...
-Yeri gəlmişkən, Sürət Hüseynov deyir ki, AXC olmasaydı, Qarabağı alırdım, mənə mane oldular...
- Onda sual olunur, əgər Xalq Cəbhəsi belə güclü idisə, sən onu hakimiyyətdən necə yıxdın? Necə olur ki, AXC iqtidarını hakimiyyətdən yıxa bilirsən, amma onun sənə mane olmasına qarşı çıxıb Qarabağı azad edə bilmədin?! Bütün bunların hamısı, dediyim kimi, ruspərəst qüvvələrin yenidən aktivləşdirilməsinə, daxildə Rusiyanın nəzarətində olan yeni bir güc mərkəzinin formalaşdırılmasına cəhddir. Vaxtilə necə ki, Milli Şura yaradılmışdı, bu dəfə Rusiyanın proyekti daha ciddi və dərin əsasda hazırlanacaq, daha aqressiv qüvvələri meydana çıxaracaqlar. Əgər Milli Şuranın yaradılmasında məqsəd guya seçkilərdə ortaya hansısa bir alternativ güc qoymaq idisə, indi məqsəd hökumətə qarşı həm də çevriliş etmək gücünə malik və yaxud da çevriliş təcrübəsi olan gücləri aktiv şəkildə ortaya çıxarmaqdır. Baxın, bu gün ardıcıl olaraq kimlər ortaya çıxır: Rəhim Qazıyev, Sürət Hüseynov və s. Çox güman ki, bir azdan separatçı qüvvələrin təmsilçiləri də çxış edəcək.
Rusiya Əbülfəz Elçibəy iqtidarını hansı ardıcıllıqla yıxdısa, o ardıcıllıqla da eyni qüvvələri bu gün aktivləşdirir və həmin ardıcıllıqla Azərbaycan hökumətinə mesaj verir ki, onun burdakı tapşırıqlarını yerinə yetirməyəcəyi, onun siyasətini, maraqlarını təmin etməyəcəyi tədqirdə Elçibəyin başına gətirilən oyunları indiki hakimiyyətin də başına gətirəcək. Əslində, bu mesajlar AXC-yə yox, Azərbaycan iqtidarına verilən mesajlardır.
- Belə aydın olur ki, hədəfdə 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləridir...
- Bəli, hədəfdə 2018-ci il prezidenti seçkiləri və Azərbaycan iqtidarı durur. Əbülfəz Elçibəy və AXC hakimiyyəti bir simvoldur. Onlar demək istəyirlər ki, biz Əbülfəz Elçibəyi necə yıxmışıqsa, AXC hakimiyyətini necə məhv etmişiksə, eynilə İlham Əliyevi də yıxa, YAP hakimiyyətini də məhv edə bilərik. Çünki həmin adamlar bu gün də siyasi səhnədədir və həmin proseslər də davam edir. Elçibəy necə yıxıldı? Ölkədə iqtisadi vəziyyət gərginləşdi, xarici ölkələrlə süni problemlər yaradıldı, ölkə blokadaya alındı, belə deyək, daxildə müəyyən əks-inqilabçı, müstəqilliyin əleyhinə olan qüvvələr fəallaşdılar, cəbhə yaratdılar, o cəbhədə birlik yaratdılar, sonra da siyasi qüvvələr ora birləşdi və Əbülfəz Elçibəyi yıxdılar. İndi də həmin qüvvələr fəallaşmağa başlayıb və bir-birinin ardınca mesajlar verirlər. Əslində, bu mesajlar vaxtilə Elçibəyin başına gətirdikləri oyunu təzədən Azərbaycan iqtidarının başına gətirəcəklərinə bir işarədir. Hələlik AXC-ni yadlarına salırlar. Bir azdan isə proseslər tamamilə fərqli bir şəkildə inkişaf edəcək. Görəcəksiniz, bundan sonra da başqa şəxslər, tutaq ki, Tahir Kərimli, Nemət Pənahlı və s. şəxslər də çıxış edəcək, o cümlədən, dediyim kimi, separatçı qüvvələr də fəallaşmağa başlayacaq. Yəni Əbülfəz Elçibəy hakimiyyəti yıxılarkən hansı ssenari həyata keçirilibsə, artıq Rusiya həmin ssenarini başladıb. Digər tərəfdən də, açıq şəkildə Azərbaycana qarşı iqtisadi, siyasi və hərbi təzyiqlər həyata keçirilməkdədir...
- Belə aydın olur ki, bu gedişlə prezident seçkiləri ərəfəsində Azərbaycanda qarşıdurma qaçılmaz olacaq. Bəs, hakimiyyətin bu təhlükəni önləmək imkanı yoxdurmu?
(Ardı var )
Ayxan İLDIRIMTÜRK