“Rus NATO”sunun erməni rəhbəri: “İsgəndərlər Türkiyəyə düşə bilər”

“Döyüş qardaşlığı 2017” hərbi təlimində müasir silahlardan istifadə ediləcək. 
Axar.az xəbər verir ki, bunu təlimdən öncə çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni əsilli Baş katibi Yuri Xaçaturov söyləyib. O, təlimə Rusiya Cənub Hərbi Dairəsinin komandanı general Aleksandr Dvornikovun rəhbərlik etməsinə aydınlıq gətirib: 
“Sual yaranır ki, niyə Ermənistan ərazisində Cənub Hərbi Dairəsinin rəhbərliyi altında təlim keçirilir? Burada elə silahlardan istifadə edilə bilər ki, onu yalnız Rusiya və ya ruslar idarə edə bilir”. 
Xaçaturov çıxışı zamanı həmçinin öz “zarafat”ından da çəkinməyib: 
“Kağız üzərində biz hər şeyi, hətta “İsgəndər” raketlərini də sınaqdan keçirə bilərik, lakin reallıqda isə praktik cəhətdən onun Ermənistanda sınağı çox çətindir. Belə ki, bizim ərazimiz çox kiçikdir. Təsadüfən o, Türkiyəyə də uça bilər”. 
Qeyd edək ki, bu gün Ermənistanda KTMT-nin “Döyüş qardaşlığı 2017” hərbi təlimi start götürüb.