Rus iti olmağın özəllikləri - "5-Cİ KOLON"DA OLANLARIN MENYÜSÜNƏ

Baxış sayı:
3566

Rusun qapısında it olmaq, avantajlı olduğu qədər də risklidir

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə Rusiyanın xarici siyasətini müqayisə edərkən “Biz quyruq bulamırıq” bəyanatı mənim diqqətimi çəkdi. İtlər iki halda quyruq bulamır - bir qorxutmaq istəyəndə, bir də quyruğu kəsik olanda. Ruslar kimi qorxutmaq istəyir və ya onların quyruğunu kim kəsib? Bu suallara cavab vermədən, ümumiyyətlə itin rus siyasi leksikonuna daxil olmasının şüuraltı məqamlarına toxunmaq istəyirəm.
Əslində, dünyanın kifayət qədər böyük bir dövlətinin başçısının, yüz milyonlarla insanın təmsilçisinin ritorikasında Rusiyanın rəsmi təmsilçilərinin davranışlarını itlə metafora etməsi təsadüfi hesab edilə bilməz. İtlərin insanlıq tarixindəki rolu və rus təhtəlşüurundakı yeri ilə bağlı bu qısa yazını yazmağa da məni məhz Putinin “biz quyruq bilamırıq”mesajı vadar etdi.

“İT”LƏRİN MÜDRİKLİYİ

İt ən qədim dövrlərdən digər canlıların içərisində insanın öz taleyini uzlaşdırdığı iki canlıdan - at və itdən biridir. At - etibar, it- sədaqət rəmzidir. Əslində, it özünə sədaqətli olduğuna görə başqalarına da sədaqətli olur. Yəni sədaqət itin mövcudluq prinsipidir. İtin sədaqəti qədim zamanlardan ictimai şüurun ilkin formalarında öz əksini tapmışdır. Antik dövrdə ilk müdriklər özlərini kiniklər - it günündə olanlar adlandırırdı. Kiniklərin görkəmli nümayəndələri dünya malından imtina edərək sadə həyat tərzi yaşamaları, öz dövrünün dini və mədəni - o cümlədən əxlaqi dəyərlərinə qarşı çıxmaq iradəsi ortalığa qoymaları ilə seçilmişdir. Hətta ölümü müqabilində belə, öz sözlərini udmamışlar. Buna görə də Sokrat başda olmaqla kiniklərin çoxu öz dövrünün məhkəmələrində mühakimə edilərək heç bir günahları olmadan edam edilmişdir. Kiniklərin məşhur nümayəndələrinə Platonun müəllimi olmuş Sokrat, Afinali Antisfen, Sinoplu Diogen kimi məşhur filosoflar aiddir. Bu həmin Antisfendir ki, afinalılara məsləhət görmüşdür ki, “Eşşəyi at hesab eləyin”. Afinalılar onun təklifini axmaqlıq hesab etdikdə, o demişdir: “Burda nə var ki, siz ki öz sadə səsvermənizlə nadanları sərkərdə elan edə bilirsiz”. Bu  da o Diogendir ki, ev əvəzinə saxsı küpdə yaşamış, əşya olaraq özündə yalniz su içmək üçün bir fincan saxlamışdır. Bir dəfə bir   uşağın əllə su içdiyini gördükdə fincanı bir tərəfə atib “Bu uşaq     məndən daha sadə yaşayır” demişdir. Başqa bir vaxt hökumət adamlarının bir oğrunu həbsxanaya apardığını gördükdə “Böyük oğrular kiçiyini aparır” demişdir. Bu, həm də o Diogendir ki, özünün it günündə yaşaması ilə dünyanin ən möhtəşəm hökmdarı və sərkərdəsi olmuş Makedoniyalı İsgəndərin həsədinə səbəb olmuşdur.
Makedoniyalı İsgəndər demişdir: “Mən İsgəndər olmasaydım, Diogen olmaq istərdim”. İsgəndər onun yanına gəlib “Gəl tanış olaq. Mən İsgəndərəm” demişdir. Diogen cavabında “Mən də itəm”. İsgəndər onun özünü nə üçün it adlandırdığını soruşanda demişdir: “Kim mənə bir pay atırsa, onu yalayıram, kim atmırsa, ona hürürəm, kim məni incidirsə, onu dişləyirəm”.
Bir dəfə də günəş altına uzanıb özünü günə verərkən İsgəndər onun yanına gəlib başı üzərində dayanaraq demişdir: “Nə istəyirsən məndən istə”. Diogen cavab vermişdir: “Günün qabağını tutma”.

Bir dəfə olimpiyadan qayıdarkən Diogendən soruşmuşlar: “Adam çox idi?” Diogen cavab vermişdi: “Adam çox idi, insan az”.
Kiniklər düzgün həyat tərzini  - it həyatı kimi təsəvvür edirdilər. Onlar həyatın sadəliyini, öz təbiətinə tabe olmağı, şərtilikdən şübhələnməyi, öz həyat obrazında qalmaqda inadlı olmağı, öz arxasında durmağı - özünə güvənməyi, sədaqət, igidlik və minnətdarlıq kimi keyfiyyətləri rəhbər tuturdular. Buradan da üç kinik prinsipi meydana çıxmışdır.
Birincisi, asketiklik - çətinliklərə sinə gərmək, özünüinkar, öz tələbatlarını maksimum məhdudlaşdırmaq, canlı varlıq kimi insanın funksiyalaşması üçün zəruri olmayan, buna xidmət etməyən şeylərdən kənarlaşmaq, bir sözlə “ruhun gücü, xarakteri”nə prioritetlik vermək.
İkincisi, apedevsiya - din və mədəniyyət ehkamlarından azad olmaq, cəmiyyətdən və mədəniyyətdən kənarlaşmaq. Apedevsiyaya görə, mədəniyyət biliyi öldürür. Buna görə təhsilsizlik, tərbiyəsizlik və savadsızlıq xeyirli hesab edilir.
Ucüncüsü, avtarkiya - müstəqil mövcudolma və özü ilə məhdudlaşma. Bu prinsipə görə, müstəqilik və azadlıq ailədən və dövlətdən imtina tələb edir. Bu prinsiplər sonradan ən müxtəlif siyasi cərəyanların, siyasi davranışların başlıca ideyalarına çevrilmişdir. Məsələn, anarxistlər avtarkiyanı ideologiyalaşdıraraq meydana çıxmışlar.
Rus xalqı da digər xalqlarla müqayisədə asketik həyat tərzinə üstünlük verən nadir xalqlardandır. Sadə rus vətəndaşları cah-cəlallı həyatdan uzaqdır, həyatlarını daha şox sərxoşluqda keçirirlər; buna görə çox asanlıqla heç bir tələb qoymadan onları idarə edən ən ədalətsiz hakimlərə belə tabe olur, idarəedənlərə  it sədaqəti nümayiş etdirmələri ilə seçilirlər. Odur ki, Rusiyada  təhkimçilik - quldarlıq tarixinin ən rəzil səhifələrini təşkil etmişdir. Təhkimçilik şüuru rus ictimai şüurunda öz dərin izlərini uzun illər Rusiyada yaşam şərtləri ən aşağı səviyyədə olanda, dövlət rəhbərləri bütün ölkə boyu sovet dönəmində oldugu kimi repressiyalar, kütləvi qirğınlar həyata keçirdikləri dövrdə sağ qalanlar ölkə başçılarına münasibətlərində insan ağılını donduracaq sədaqət nümayiş etdirmələrində buraxmışdır. Müasir Rusiyada həyat səviyyəsinin dünyada ən aşağı yerlərdən birində olmasına baxmayaraq, rus xalqının susması da bununla izah edilə bilər. Rus tarixində bütün ayaqlanmalara, üsyan və inqilablara isə Rusiyada yaşayan qeyri ruslar -yəhudilər, polyaklar, almanlar, tatarlar, gürcülər və s. başçılıq etmişdir.
Rus rəhbərlərinin siyasətlərində apedevsiya prinsipi əsas götürülmüşdür. Dünya tarixində ilk dəfə ruslar sövet dönəmində ellikcə dindən uzaqlaşmış, çagdaş mədəniyyətdən kənarda qalmağa üstünlük vermişlər. Rus liderləri təhsilsizliklərində Stalin, Kalinin, tərbiyəsizliyində Yeltsinin və savadsızlığında Xruşovun, Brejnevin simasında başqa xalqların liderlərindən xüsusi ilə fərqlənirdilər. Bu prinsipi rəhbər götürən Lenin Kommunist Partiyasinda olan ziyalılara -Buxarin, Martov, Bulqanin, Trotski və başqalarına qarşı repressiyalar həyata keçirməklə kifayətlənməmiş, Stalin ölənə kimi dövlət siyasətində ziyalıların kütləvi məhv edilməsi sovet siyasətində ön planda olmuşdur. Təkcə 1937-ci ildə Azərbayacanda başda Cavid, Müşfiq, Salman Mümtaz, Əhməd Cavad kimi ziyalılar  olmaqla, 75 min azərbaycanlı ziyalı məhv edilmişdir.
Haşiyə çıxım ki, sovet sosializm medalının əks üzü olan nasional sosializmi də apedevsiya prinsipini rəhbər tutmuşdur. Hitlerin hakimiyyət komandasında yalnız bir nəfər ali təhsilli  şəxsin olmasının, universitetlərin bağlanmasının, kitabların yandırılmasının, mədəni repressiyanın, ziyalıların kütləvi şəkildə  ölüm düşərgələrinə göndərilməsinin səbəbi də bu olmuşdur.
Bu iki prinsipi rəhbər tutan asketik həyat tərzi yaşayan rus xalqı ilə apedevsik siyasi kurs tutmuş rus liderlərinin vəhdətindən  rus avtarkiyasi doğmuşdur. Avtarkiya həm sovet, həm də Putin Rusiyası üçün xarakterikdir.
Bu gün özünü Rusiyanın silahdaşı hesab edən bütün ölkələrdə də, o cümlədən Azərbaycanda da buna görə avtarkiya hakimdir. Putin müasir dövrdə müstəqil mövcudolma və özü ilə məhdudlaşma siyasəti aparır, buna görə üzvü olduğu Avropa ailəsindən və dünya dövlətindən - beynəlxalq təşkilatlardan uzaqlaşmaqla özünü təcrid yolu tutur.  
Bu qısa təhlil göstərir ki, “biz quyruq bulamırıq” ifadəsi təsadüfən Putin leksikasina daxil olmamış, əksinə təhtəlşüur olaraq, rus siyasətində kinik fəlsəfi prinsipilərinin rəhbər tutulması ilə bağlı dilə gətirilmişdir.

LAYKALARIN ŞÖHRƏTİ

Rusun qapısında it olmaq avantajlıdır. Rejimindən asılı olmayaraq rus idarəçiləri onlara xidmət edən başqa xalqların nümayəndələrini bir qayda olaraq öz itləri ilə müqayisədə qiymətləndirməyə üstünlük vermişlər. Cəlil Məmmədquluzadə  “Qurbanəli bəy” hekayəsində bunu çox gözəl təsvir etmişdir...
Azərbaycanın  rus işğalından sonra yerli hakimlərin hansı vəziyyətə düşməsi, bu hekayədə Azərbaycan bəyini - Qurbanəli bəyin simasında – rus pristavının itinin vəziyyəti ilə müqayisə etməklə, təsvir edir. Qurbanəli bəy öz millətindən olan nökərini kiçik bir qüsuruna görə öldürməklə hədələyir, amma pristavin iti qarşısında diz çöküb “malades, sobak” deyir. Sonra da qollarını qaldırıb rus ağalarının qabağında onlar əylənsin deyə, tərəkəmə oynayır. Nəticədə, o da pristavdan “malades, Qurbanəli bəy” mükafatını alir: “Malades sobak” və “malades Qurbanəli bəy”.

Bu hekayəsində Mirzə Cəlil ürək ağrısı ilə ona işarə etmişdir  ki,  ruslar nəinki işgal etdikləri xalqların başçılarını Qurbanəli bəy kimi rəzil - öz qapılarındakı itlərindən pis  vəziyyətə salmışdır, həm də onları düşdükləri vəziyyətə görə qarşılarında təlxəklik etdirərək oynamağa vadar etmişdir.
Ruslar bəzən onlara xidmət edən itlərə onlara xidmət edən başqa xalqların nümayəndələrindən daha yüksək qiymət vermişlər. İt dünyada heykəli qoyulmiş ilk canlıdır və yenə də Pavlova Nobel mükafatı qazandırmış təcrübədə iştirak etdiyinə görə heykəli    ruslar tərəfindən qoyulmuşdur. Rusiyada itə heykəl qoyulduğu illərdə sovet hökuməti qarşısında müstəsna xidməti olmuş  başqa xalqların bir çox nümayəndələrinə nəinki heykəl, heç barelyef də qoyulmamışdır. Eləcə də rus elmini dünyada tanıdan yüzlərlə qeyri-rus alimin öz ölkələrində belə, tanınmağına imkan verməmişlər. Məsələn, azərbaycanlılar rus kosmonavtikasına rəhbərlik etmiş öz həmvətənləri, general leytenant Kərim Kərimovun çox-çox sonralar  adını eşitmişlər. Hələ də milyonlarla azərbaycanlı bilmir ki, 25 il Rusiyanın bütün kosmik uçuşlarına məhz azərbaycanlı Kərimov rəhbərlik etmişdir.
İt həm də ruslar tərəfindən kosmosa çıxarılan ilk canlı olmuşdur. Ruslar öz itlərini  - Laykanı kosmosa göndərir, Azərbaycanın gələcəkdə sosialist qəhrəmanı olacaq böyük bir şairinə isə:

Sən  göydə etdikcə ham-ham
Mən yerdə səndən alıram ilham”

yazmağı məcbur edirdilər. Rusun iti göylərdə dünya şöhrəti qazandığı günlərdə, azərbaycan sovet şairi yerdə sürünərək itdən ilham almaqla kifayətlənirdi....
Bəli, bu bir həqiqətdir ki, ruslar öz itlərini onlara it sədaqəti nümayiş etdirən başqa xalqların nümayəndələrindən həmişə üstün tutmuşlar.

MUMULARIN ACI TALEYİ

Rusun qapısında it olmaq nə qədər avantajlı olmuşdursa, bir o qədər də riskli olmuşdur. Turgenyev “Mumu” hekayəsində bunu çox gözəl təsvir etmişdir. Küçədə sahibsiz qalıb ac-susuz ölmyə məhkum edilmiş it küçüyü - Mumu rus təhkimçi kəndlisi Gerasimin mərhəmətinə layiq olub, evə gətirildikdən sonra isti yerə, qarın dolusu yeməyə və Gerasimin şəfqətinə görə öz sevincini bir iki ağız hürməklə bildirmək istədikdə rus ağasının yuxusuna haram qatdığına görə suda boğulmaqla cəzalandırılır. Sonralar bu taleni sovetlərə it sədaqəti nümayiş etdirmiş Monqolustanın rəhbəri Sedenbal, Əfqanıstanın ilk prezidenti Nur Məhəmməd Təraki, İrak prezidenti Səddam Hüseyn və digər sirli şəkildə istefaya gedən və ya müəmmalı  şəkildə ölən rus dostu olan qeyri-rus liderlər yaşamaga məhkum edilmişdir.
Sedenbal Moskvanın diktəsindən çıxmaga cəsarət etdiyinə və öz xaqına xidmət etmək istədiyinə görə Moskvaya rəsmi səfərə dəvət edilmiş, onu Moskvada ev dustağı edib, Monqolustana “Sedenbal agir xəstədir və vətəninə qayıtmaq imkanı yoxdur, özünüzə yeni başçı seçin” deyərək, onun yerinə özlərinə sədaqətli olacaq adamlarını rəhbər seçdirmişdilər. Sedenbal bu hadisədən on illər sonra da  Moskvada nəzarət altında yaşamaqda davam edirdi...

Nur Məhəmməd Təraki Əfqan xalqını rusların köməyi ilə xöşbəxt etmək istəyinin nə qədər yanlış oldugunu anladıqda adi bir rus polkovniki onun kabinetinə girib “Moskva sizin rəhbərlikdən getmənizi istəyir” iltimasını vermişdir. Təraki “Razıyam, istefa verib gedərəm” demişdir. Həmin polkovnik “sən istədiyin kimi yox, biz istədiyimiz kimi getməlisən” deyib, onu qonşu otaga aparmış, Gerasim Mumunu boğduğu kimi, balıncı onun ağzına basaraq kabinetində boğub öldürmüşdür.
Səddam Hüseynin ABŞ-a meydan oxumasının yeganə səbəbi arxasını ruslara dayaması olmuşdur. Amma Rusiya Çeçenistan qarşılığında İrakdan imtina etdikdən sonra, nəinki Səddamı müdafiə etmədi, əksinə Səddamın hərbi sirlərini amerikanlara satmaqla onun heç bir müqavimət göstərmədən  bir neçə günə təslim olmasını təmin etdi, özünün və iki oğlunun, eləcə də taleyini Sədamdan dolayısı ilə ruslara bağlamış yüzlərlə İraq rəhbərinin edama məhkum edilməsinə və üstündən on illər keçməsinə baxmayaraq İraqda vətəndaş müharibəsi başlamasına bais oldu. Ruslar bütün bunlara seyrçi qalmaqda davam edirlər. Çünki Səddam da Mumu kimi rus ağalarını öz hürüşü ilə narahat etmişdi.  
Müasir dövrdə Bəşər Əsəd Rusiyanın dəstəyi ilə dünyaya meydan oxuyur, Türkiyə-Rusiya münasibətlərindəki soyuqluqdan bəhrələnmək istəyən Dəmirtaş Rusiyaya səfər edib kürd separatizminə dəstək axtarır. Bu gün keçmiş SSRİ respublikalarının əksəriyyətində “5-ci  kalon” adı altında rus maraqlarına xidmət edən milli “elita” fəaliyyətdədir. “Dil haqqında qanun” olmasına baxmayaraq, Azərbaycanda rus dilini bilməyənlər belə, rus sözlərinin qol qabırğasını sındırmaqla rusca danışmaqla özlərinin ruspərəst olduqlarını hər addımda nümayiş etdirməyə cəhd edirlər. Ruslar öz uşaqlarına ingilis, fransiz türk təhsili verməyə cəhd etdikləri bir vaxtda yenə də meşşan, rusbaş azərbaycanlılar  öz uşağına öz ana dilindənsə, rus dilində təhsil verməyə üstünlük verməyə başlayıblar. Azərbaycan xaqını “qoyun” adlandıran Jirinovski Bakıya səfərində ən yüksək səviyyədə qarşılanır. Qarabağı işgal edib ermənilərə verən ruslardan Qarabağın azad edilməsini gözləyirik.
Amma ruspərəstlər bircə dəfə çaşıb rusların xoşuna gəlməyən mövqe ortalığa qoyduqda, Mumunun taleyini yaşayacaqlarını unudurlar. Çünki rusun qapısında it olmaq, avantajlı olduğu qədər də risklidir.

Sərdar Cəlaloğlu,
12.29.2015

Redaksiyadan: Mövzunun aktuallığını nəzərə alıb, yazının təkrar dərc edirik.