Ər-arvadın birgə mülkiyyətinə münasibətdə bağlanılan müqavilənin etibarsızlığı - AYSU NƏBİZADƏ YAZIR
Mülki hüquq mübahisələri arasında özünün spesifikliyi ilə seçilən məsələlərdən biri də bağlanılmış əqdin etibarsızlığıdır. Nikah dövründə əldə olunan əmlak birgə mülkiyyət hesab olunduğundan qanunverici həmin əmlaka dair sərəncamvermə faktını ərin(arvadın) razılğından asılı etmişdir. Belə ki, ərin(arvadın) razılığı olmadan bağlanılan əqd digər tərəfin vicdanlı alıcı olub-olmamasından asılı olmayaraq etibarsız hesab edilir.
Ümumiyyətlə, daşınar və daşınmaz əmlaklara münasibətdə vicdanlılıq məsələləri fərqli şəkildə təzahür etməkdədir. İlk növbədə daşınar əşyalarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsi tədbiq olunur: Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
Deməli, özgəninkiləşdirilən əşya daşınardırsa, qarşı tərəfin vicdanlı olma halında mülkiyyətçi hesab olunacaqdır.Lakin, daşınmaz əşyalara münasibətdə əldə edən şəxsə münasibətdə əmlakı əldə edərkən vicdanlı olub-olmamasına deyil, reyestrin məzmununa istinad edərək əldə etməsi əsas götürülür. Tutaq ki, A şəxsi əmlakı etibarnamə əsasında əldə edirsə, istinad etdiyi etibarnamədir. Amma reyestrdə mülkiyyətçi kimi qeydə alınan şəxsdən əldə edirsə, bu zaman istinad etdiyi reyestrin məzmunudur. MM-də isə reyestrin məzmunun həqiqiliyi prezumpsiyası mövcuddur. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.(Maddə 140)Ər-arvadın birgə mülkiyyətində olan əmlaka münasibət isə bu qəbildən olan münasibətlər arasında fərqli mövqedə durur. Belə ki,ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. Yəni istər alıcı vicdanlı olsun, istərsə də reyestrin məzmununa istinad etsin, tərəflərdən birinin razılığı alınmadan özgəninkiləşdirilən əmlak barəsində bağlanılan əqd hər bir halda etibarsız hesab olunacaqdır.A şəxsi B-nin razılığı olmadan əmlakı özgəninkiləşdirsə, artıq A-nın iddiası əsasında müqavilə etibarsız sayılacaqdır. Hesab edirik ki, qanunvericinin bu mövqeyi əldə edən şəxsin əmlakı əldə edərkən reyestrdə ər-arvaddan biri qeyd olunsa da, ehtiyatlı davranmalı olması mövqeyindən irəli gəlir. Belə ki, nikahda olan şəxsdən daşınmaz əşya əldə edilirsə, bu əmlakın birgə mülkiyyətdə olma ehtimalının da mövcudluğu nəzərə alınmalıdır.Əmlak üçüncü şəxsə özgəninkiləşdirdikdə isə məsələ yenə dəyişir. Bu zaman razılıq olmadan əldə edən şəxsin özgəninkiləşdirdiyi şəxsin vicdanlılığı qorunur. Yəni əvvəldən başlayaraq müqavilələr etibarsız sayıla bilməz. Çünki bu halda sərəncam əqdinin qarşı tərəfində ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyekt dayanmış olur. İndi isə məsələni biraz daha fərqliləşdirək. Deyək ki, tərəflərdən (ər-arvad) biri digərinə etibarnamə vermişdir. İllər sonra isə münasibətlər pisləşən zaman nikah dövründə əldə olunan əmlak satılmışdır. Aydındır ki, bu situasiyada əmlakların özgəninkiləşdirilməsinə münasibətdə razılıq mümkün ola bilməzdi. Artıq qeyd edilən situasiyada mövcud bir etibarnamə vardır. O zaman əsas göstəricimiz sayılan razılıq əlamətinin olmaması risk altına girir. Belə situasiyada yaranan bir sıra məqamlara nəzər yetirə bilərik:
- Əmlak kimə satılmışdır?
- Əmlak nə zaman satılmışdır?
- Əmlak birgə nikah dövründə əldə olunmuşdur.
Bəhs edilən məqamların araşdırılması ilə həqiqi iradə ifadəsinin mövcud olub-olmaması barədə araşdırılma aparılması və müəyyən cavabların əldə olunması mümkün ola bilər. B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021- ci il tarixli qərarlarda qeyd olunur: Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
Unutmamaq lazımdır ki, əqd görünüşdə olan iradə ifadəsinə uyğun nəticə yaratmalıdır. Əks halda iradə ilə onun ifadəsi üst-üstə düşməzsə, bu əqd uydurma əqd hesab olunacaqdır. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Maddə 340.1)
Aysu Nəbizadə
Hüquqşünas