Qərb diplomatları niyə Azərbaycan mediasına inanmır? – ONLAR ÜÇÜN SOSİAL ŞƏBƏKƏLƏR “DAHA ETİBARLIDIR”

Baxış sayı:
6082

Son günlər istər enerji böhranı, istər də Gəncənin icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi ilə bağlı yaranmış rəsmi informasiya qıtlığı ölkədə bir çox şayiələrə yol açdı. Xüsusən də Elmar Vəliyevə silahlı hücum məsələsi o qədər məxfi saxlanıldı ki, nəticədə istər sosial şəbəkələrdə, istər də əksər KİV-lərdə onun və mühafizəçisinin öldüyü haqda xəbərlər dolaşdı. Hansı ki, bu informasiyaların ilk mənbəsi də elə hakimiyyətə xidmət edən nüfuzlu media qurumları oldu. Hətta onlar tərəfindən icra başçısının “öldüyü” haqda o dərəcədə əminlik ortaya qoyuldu ki, “Daxili İşlər Nazirliyi az sonra məsələ ilə bağlı rəsmi açıqlama yayacaq” – deyə iddia etdilər. Lakin hadisə baş verən gün Daxili İşlər Nazirliyi və digər səlahiyyətli qurumlar tamamilə susqunluq nümayiş etdirdiyindən, Elmar Vəliyevin və mühafizəçisinin öldüyü haqda xəbərlər bir gün ərzində saytlarda baş yazı oldu. Hadisənin səhərisi günü isə rəsmi qurumlar icra başçısı və mühafizəçisinin sağ olduğunu, hətta müəyyən informasiya kanalları E.Vəliyevlə şəxsən əlaqə saxladıqlarını bəyan etdilər.

Əlbəttə, bütün bunlar cəmiyyətdəki informasiya boşluğunu doldurmağa və yaranmış ajiotajı aradan qaldırmağa hesablanmışdı. Doğrudur, həqiqətən də hər iki şəxsin öldüyü haqda məlumatlar öz təsdiqini tapmadı. Sonradan o da məlum oldu ki, istər E.Vəliyevin, istər də mühafizəçisinin sağlıq durumu rəsmi mənbələrin dediyi kimi çıxmadı. Çünki, əks halda indi icra başçısı özünün Gəncədəki kabinetində oturub, ənənəvi iş rejimini davam etdirməliydi. Amma bu gün onun nənki işə çıxmaq gücündə olduğu, əksinə, vəziyyəti kritik olduğundan, xüsusi təyyarə ilə İsrailə aparıldığı bildirildi.
Bütün bunlar isə bir daha təsdiq edir ki, bəzi rəsmi qurumlar Gəncənin icra başçısına silahlı hücum hadisəsinin təfərrüatlarını məqsədli şəkildə cəmiyyətdən gizlədiblər. Belə bir vəziyyətdə isə, şübhəsiz ki, ölkədə qısa müddətdə çoxsaylı şaiyələrin yayılmasına, hətta bu cür qeyri-dəqiq informasiyaların rəsmi KİV-lərin gündəminə çıxmasına belə, tamamilə təbii baxmaq lazımdır və burada heç bir halda medianı ittiham etmək doğru deyil.

Görünür, elə bu səbəbdəndir ki, Qərb dövlətlərinin ölkəmizdəki diplomatik korpuslarının nümayəndələri açıq şəkildə Azərbaycan mediasının obyektivliyinə inanmadıqlarını dilə gətirirlər. Məsələn, etibarlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, əksər səfirliklərin nümayəndələri konkret olaraq Elmar Vəliyevə qarşı silahlı hücum məsələsində medianın xəbərlərinə deyil, sosial şəbəkələrdə yayılan informasiyalara daha çox etibar etdiklərini dilə gətiriblər. Hansı ki, ən az son olaylar zamanı sosial şəbəkələrdə kifayət qədər təxribat xarakterli və qeyri-dəqiq informasiyaların yayıldığı istisna deyil. Maraqlıdır, belə olan halda Qərb dipolamtları hansı əsasla obyektivlikdən danışa bilərlər?! Təbii, mümkündür ki, hakimiyyətin nəzarətində olan rəsmi media bu və digər məsələlərdə bir çox həqiqətləri gizlətməkdə maraqlı olub. Burada ən azı onların bağlı olduğu məmur-oliqarxların siyasi maraqları nəzərə alınmış ola bilər. Lakin Azərbaycanda hər zaman həqiqəti yazan, müstəqil və kifayət qədər obyektiv informasiyalar verən KİV-lərin olduğu da danılmazdır. Çox təəssüf ki, Qərb institutları bu media qurumları arasında seçim etmək imkanında deyillər. Çünki, bir çox hallarda onları obyektiv informasiyadan daha çox, hakimiyyəti kəskin tənqid edən, olanı-olmazı yazan KİV-lər daha çox maraqlandırır. Ən azı ona görə ki, bu informasiyalara istinad edib, hakimiyyətə təzyiqlərini artırırlar...
O ki qaldı konkret Elmar Vəliyevlə bağlı sosial şəbəkələrdə yayılan informasiyalara, etiraf etmək lazımdır ki, bu məsələdə KİV-lər sosial mediadan xeyli geri qaldılar. Amma bu, heç də o demək deyil ki, E.Vəliyevlə bağlı bəzi informasiyalar, eləcə də onu güllələyən Yunus Səfərovun həyat yoldaşı Şərafət Səfərovanın “Ər-Rad TV” kanalına guya “icra başçısından İmam Hüseynin qisası alınıb” tipli açıqlaması həqiqət idi. Əksinə, bütün bunlar aşkar təxribat xarakteri daşıyırdı.

Şübhəsiz, biz burada Elmar Vəliyev haqda informasiya yayan şəxsləri və Şərafət Səfərovanı ittiham etmək fikrindən uzağıq. Əksinə, Gəncənin icra başçısının daha ağır nifrətə layiq olduğunu bilirik. Amma istisna deyil ki, istər onun haqda açıqlama verən bəzi şəxslər, istər də Yunus Səfərovun həyat yoldaşı özləri də bilmədən dövlətimizə qarşı fəaliyyətdə olan müəyyən qrupların maraqlarına uyğun yönləndirilməkdədirlər...

Muxalifet.az