QLOBAL HEGEMONLUQ UĞRUNDA SAVAŞ - ABŞ və ÇİN-in Arktika uğrunda mübarizəsi böyük fəlakətlərə yol aça bilər

Baxış sayı:
9708

Hazırkı dünya hegemonluğu üçün həyati əhəmiyyət kəsb edən mühüm faktor qlobal ticarətin üzərindən yürüdülən və onun şah damarları funksiyasını daşıyan tranzit yollarına nəzarətdir. Bu nünasa daha da dərindən nəzər salaraq deyə bilərik ki, qarşıdan gələn yeni düzənin “açar”larının qlobal ticarət yollarına nəzarət edən dövlətlərin əlində olacağı şübhəsizdir. Görünür, məhz bu həlledici məqamı qavradığına görə, ABŞ dünya ticarətinin həyata keçirildiyi tranzit yollarına nəzarəti əlindən verməməyə, əksinə, prosesə nüfuz etməyə çalışır.
ABŞ-ın “hegemon ölkə” statusunu saxlaması və onu itirməmək üçün müqavimət göstərməsi ilk öncə Çinlə rəqabətdə özünü tam çılpaqlığı ilə biruzə verir. Vaşinqton Çinin yüksəlişindən təşviş keçirir. Bu barədə “Təcavüzkar davranışın beyin mexanizmləri”, “Müharibə mədəniyyətinin tarixi və sülh fəallarının psixologiyası” üzrə amerikalı mütəxəssis, YUNESKO-nun keçmiş əməkdaşı Devid Adams da elmi müstəvidə maraqlı açıqlama ilə çıxış etdi və Amerika imperiyasının sona çatması faktını əsaslandıran rəy yazdı. Maraqlıdır ki, Adamsın fikrincə, Amerika imperiyası müharibə mədəniyyəti üzərində bərqərar olub və çox güman ki, BRİKS ilə əvəz olunacaq.
Əvvəlcə ondan başlayaq ki, ABŞ Çini iqtisadi müstəvidə Avropaya bağlayan Orta Dəhlizin əhəmiyyətini vurğulayır. Vaşinqton belə ifadə edir ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TİTR və ya Orta Dəhliz) üçün tranzit marşrutları kimi mühüm rol oynayır. Bunu “RAND Corporation" Araşdırma Təşkilatının baş elmi işçisi, ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri Vilyam Kortni fə eynilə ifadə edib.
“Orta Dəhlizin rolu bir neçə səbəbə görə, o cümlədən son vaxtlar Rusiya ərazisindən keçən dəniz nəqliyyatının artan siyasi riski ilə əlaqədar artır”, - deyə sabiq səfir vurğulayıb.
Kortni qeyd edir ki, Qərbin Ukraynadakı müharibəyə görə tətbiq etdiyi sanksiyalar Rusiyanın Avropa dəmir yolu nəqliyyat marşrutlarına çıxışını məhdudlaşdırıb.
"Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhliz üçün tranzit marşrutları kimi həlledici rol oynayır. Çin sərmayələri nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bu marşrutla yüklərin çatdırılması üçün də vacibdir", - deyə Kortni bildirib. Onun sözlərinə görə, Orta Dəhlizin əsas çətinliyi intermodal daşımaların olmaması və onun baha olmasıdır.
"Xəzər dənizində daha çox yükdaşıyan bərələrə, eləcə də Gürcüstanın Qara dənizdəki konteyner limanlarında ötürmə qabiliyyətinin artırılmasına, eləcə də Orta Dəhliz boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var. Dəmir yolu sistemlərinin özəlləşdirilməsi daha çox şəxsi kapital və texnologiya cəlb edə bilər", - deyə keçmiş səfir əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir. Bu çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Bu dəhlizlə hərəkət edən qatarlar Çindən Avropaya malları orta hesabla 20-25 günə çatdırır və bu məqam Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas üstünlüklərindən biridir.
Qayıdaq ABŞ-ın nəyə görə imperiya kimi tarixə qarışacağı proqnozlarına. Qəzzada yaşananlardan da göründüyü kimi, İsrailin Fələstinə qarşı soyqırımını dayandırmaq üçün effektiv vasitə yoxdur. “Ola bilsin ki, uzunmüddətli perspektivdə İsraili boykotlar, təcrid və sanksiyalar dayandıra bilər. Ancaq müzakirə etmədiyimiz başqa bir amil var: İsrail tam olaraq ABŞ İmperiyasının bir hissəsi kimi aldığı dəstəkdən asılıdır. Həmin imperiyanın sonu ilə İsrail sağ qala bilməyəcək”, - deyə Devid Adams vurğulayır.
“BMT-nin Baş Assambleyasının 3-cü Komitəsində noyabrın 7-də qəbul edilən qərarlara dair səsvermələr göstərdiyi kimi, ABŞ İmperiyası hələ ölməyib. Üç saatlıq sessiyada ölkələr demokratiya, insan haqları və mədəni müxtəlifliyi təşviq edən qətnamələrə qarşı çıxarkən muzdluların taktikasını və iqtisadi sanksiyaları dəstəkləyiblər. Bu ölkələri göstərən xəritə ABŞ İmperiyanın tam yayılma arealıdır: ABŞ və Kanada, Avropa, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Türkiyə və İsrail. Bunlar NATO-nun Ukraynada Rusiyaya qarşı müharibəsini və İsrailin Fələstinə qarşı savaşını dəstəkləyən ölkələrdir.
İmperiyanın sonunun çatdığını göstərən əlamətlər artır. Məsələn, CNN-in dekabrın 5-də apardığı təhlil belə deməyə əsas verir ki, Ukraynaya silah və texnika axını ABŞ Konqresi tərəfindən kəsilir. Təhlildən belə nəticə ortaya çıxır - Ukraynanın sağ qalması təhlükə altında olsa da, ABŞ-ın qlobal lider kimi reputasiyası da təhlükə altındadır... “Respublikaçılar Partiyasının dünyagörüşünün beynəlmiləlçi köklərdən uzaqlaşması və təcridedici “İlk öncə Amerika” mövqeyinə doğru dəyişməsi üstünlük təşkil edir”, - deyə Adams qeyd edir.
Bu deviz əslində ABŞ-ın “beynəlxalq hegemon” statusundan geriləyib, diqqətin daha çox ölkə daxilinə yönəlməsini nəzərdə tutur. “Trampın – İlk öncə Amerika - devizi ABŞ-ın qlobal gücü ilə bağlı fərziyyələri dəyişdi. Trampın ikinci müddətində dünyanı yenidən formalaşdırmağa iddialı siyasi qüvvələr artıq oyundadır. Bu siyasi dəyişikliyin arxasında ABŞ-dakı iqtisadi böhran dayanır: Baydenin çökən reytinqi ona Ukraynaya hərbi dəstək üçün zəruri olan ictimai dəstəyi almaqda mane olur, çünki orada da ərzaq qiymətləri və yaşam bahalaşır. Nəticədə ABŞ-dakı iqtisadi böhran ölkəni vətəndaş müharibəsi riski qarşısında qoyur. Bu, əlbəttə ki, İmperiyanın sonunu gətirəcək”, - Adams deyir.
Adams, “Noyabrın 7-də BMT Baş Assambleyasının 3-cü Komitəsində baş vermiş münaqişənin aspekti muzdlular, sanksiyalar, demokratiya, insan haqları və mədəni müxtəlifliyə dair qətnamələrin Qoşulmama Hərəkatı adından Kuba tərəfindən təqdim edilməsi idi. Kuba bu hərəkatda lider mövqe tutdu. Bu ilin oktyabr ayında Kubada Qoşulmama Hərəkatının 77-lik Qrupunun iclası keçirilib və orada Latın Amerikası, Afrika və Asiya ölkələrinin dövlət başçıları, o cümlədən Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Venesuela prezidenti Nikolas Maduro, Kolumbiya prezidenti Qustavo Petro, habelə BMT-nin Baş katibi Antonio Quterreş, 100-dən çox ölkədən diplomatlar və nümayəndə heyətləri iştirak ediblər. Onlar beynəlxalq iqtisadi sistemin islahatına çağırıblar və bu, açıq şəkildə ABŞ İmperiyasının çöküşünün görüntüsüdür.
“ABŞ İmperiyasının tənəzzülünün başqa bir sübutu BMT-də ABŞ-ın Kubaya qarşı iqtisadi sanksiyalarını pisləyən illik səsvermə idi. Bu il qətnamənin əleyhinə səs verən yeganə ölkələr ABŞ və İsrail idi, halbuki əvvəlki illərdə ABŞ-a İmperiyadakı müttəfiqləri də qoşulmuşdu”, - deyən ekspert bu ifadələri ilə imperiyanın çöküşünün əlamətlərini üzə çıxarmağa çalışır.
Bəs, ABŞ İmperiyası tənəzzül etdikcə, bundan sonra nə baş verəcək? ABŞ İmperiyasının müharibə mədəniyyəti olduğu aydındır, lakin dünyada sülh mədəniyyəti olacaqmı? Yoxsa yeni hegemon ABŞ-dan müharibə bayrağını təhvil alıb özü dalğalandıracaq?
Nüfuzlu ekspertlər bildirir ki, BRİKS koalisiyasının ABŞ İmperiyasının tənəzzülündən sonra dominant olacağı ehtimalı var. BRİKS-ə 2023-cü ilin avqustunda keçirilən sammitində ilk üzvlər Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, həm də Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yeni üzvlər kimi daxil oldu.
Bəs BRİKS-in hakim olduğu dünya sülh mədəniyyəti ola bilərmi? BRİKS-də Çin hakim olduğu üçün Pekinin qlobal siyasətə nələr gətirəcəyindən çox şey asılıdır. Çinlilər ABŞ İmperiyasının Tayvanla bağlı təxribatlarına sülh yolu ilə müqavimət göstərə biləcəkmi? Ukraynada belə təxribatlarla üzləşən ruslar müharibə tələsinə düşdülər: Çin vəziyyətdən necə çıxacaq? Çin həqiqətən də digər ölkələrlə iqtisadi münasibətlərində sülh mədəniyyətini təbliğ edəcək, yoxsa onları istismar edəcək? BRİKS ölkələri tərəfindən bu il Çində qurulan Yeni İnkişaf Bankı cənub ölkələrinə iqtisadi sanksiyalardan qurtulmağa kömək edə bilər. Çinlə ticarət indi Cənubi Amerika ölkələri üçün Avropa və Şimali Amerika ilə ticarəti üstələyib. Avropa və Şimali Amerikadan asılı olmayan bu yeni ticarət əlaqələri Cənub ölkələrinin istismardan xilas olmasına imkan verəcəkmi?
Bəs, ABŞ-ın pay verdiyi “demokratiya”nın gələcəyi nədir?
Devid Adams bu nüansa da toxunaraq bildirir ki, BMT-nin Üçüncü Komissiyasında “demokratik və ədalətli beynəlxalq nizamın təşviqi” adlı qətnaməyə dair səsvermə burjua demokratiyasının sonunun başlanğıcını göstərir. Yuxarıda qeyd edildiyi kimi, ABŞ İmperiyasının bütün ölkələri bunun əleyhinə səs verdi.
Burjua demokratiyası bir əsr əvvəl Vladimir Lenin tərəfindən dəqiq təsvir edilmişdir: “Demokratik respublika kapitalizm üçün mümkün olan ən yaxşı siyasi qabıqdır və buna görə də kapital bu ən yaxşı qabığa sahib olduqdan sonra... öz hakimiyyətini o qədər etibarlı, o qədər möhkəm şəkildə bərqərar edir ki, burjua-demokratik respublikada heç bir şəxs, qurum və ya partiya dəyişikliyi onu sarsıda bilməz.
Burjua demokratiyası Britaniya və ABŞ imperiyalarında öz zirvəsinə çatdı ki, bu da təbii ki, kapitalistlər üçün çox sərfəli idi. Milyarderlərin siyahısı hər il sürətlə artır!
Lakin Britaniya İmperiyası keçmişdə qalıb, ABŞ İmperiyası dağılır. Bununla da burjua demokratiyası dağılır. Macarıstanda Ərdoğan, Bolsonaro, Tramp, Orban, indi Argentinada Xavier Miley, İtaliyada Ciorgia Meloni və Hollandiyada Qert Vilders start götürür. Üfüqdə, Fransada Le Pen görünür. İnsanlar burjuaziyanın əleyhinə, bunun əvəzində isə faşizmə səs verirlər. Tramp bildirib ki, seçildiyi zaman miqrantlar və solçular üçün konsentrasiya düşərgələri quracaq”, - deyə Adams əslində məsələnin kökünə nəzər salaraq qlobal dəyişikliyin mahiyyətini açır.
İnsanlar niyə burjuaziyanın əleyhinə səs verirlər? Səbəb sadə, yəni iqtisadidir! Zənginlərin varlanmasını, kasıbların isə yoxsullaşmasını seyr etməkdən bezdilər.
Bəs Kuba və Qrup 77 (BMT-nin tərkibində inkişaf etməkdə olan ölkələrin təşkilatı) demokratiyanın yeni formasını inkişaf etdirəcəkmi?
Qoşulmayan ölkələrin əksəriyyəti BRİKS ölkələrinin alyansı ilə bir araya gəlməyə yönəlir. Və onların yanaşması necədir? Çin əbədi hökmdarının təntənəsinə dönüş etdi. Rusiya çarizmə qayıtdı. Hindistanın siyasəti ən yaxşı şəkildə “qəbilə” kimi səciyyələndirmək bilər. Cənubi Afrika korrupsiyalaşıb. Braziliya Latın Amerikasının digər ölkələri kimi istisnadır, Braziliya da əsl demokratiyanı dəstəkləyə biləcək sülh mədəniyyətini inkişaf etdirir, lakin prezident Lula ilə Braziliya hökuməti hələ də Bolsonaro rejimindən möhkəm qurtulmayıb; qanunverici orqan sağçı qüvvələrin əlində qalır, ordu isə hərbi diktaturaya mümkün qayıdış üçün cinahlarda gözləyir.
Və bütün bunlar demokratiyanın sonudurmu? Bəli, əgər demokratiya dövlətə və onun müharibə mədəniyyətinə bağlılıq deməkdirsə. Ancaq hələ ki, görüntü naminə də olsa yerli hakimiyyət orqanları üçün demokratik seçkilər qalacaq.
Adams bildirir ki, demokratiyanın gələcəyi varsa, bu, müharibə mədəniyyətini monopoliyaya alan milli dövlətlə bağlı deyil. İndiki halda hələ ki, milli dövlətlər olmadan, BMT-də təmsil olunmuş merlər tərəfindən idarə olunan dünyanı təsəvvür etmək asan deyil. Amma kütlələrin dövlətlərə qarşı çıxışı bunu ehtimal etməyə əsas verir.
Devid Adamsın, “Dövlət sərhədlər, vizalarla yanaşı, özünün birbaşa funksiyası funksiyası olan müharibə və müharibə hazırlıqları ilə birgə bunun üçün lazım olan vergiləri də tənzimləyir. Bunlardan başqa ədliyyə, kənd təsərrüfatı, ticarət, təhsil, enerji, əmək, səhiyyə, nəqliyyat və rabitənin idarə edilməsi artıq əksər hallarda BMT-nin müxtəlif agentlikləri və regional təşkilatlar tərəfindən idarə oluna bilər”, - düşüncələri də maraqlıdır. Hansı ki, bu yanaşa ilə qlobal səviyyədə effektiv idarə edən təşkilatların artıq mövcud olduğunu qəbul etməliyik: Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı kimi. Digərləri hələ effektiv olmaya bilər, lakin demokratik BMT ilə onlar - Beynəlxalq Cinayət Məhkəməsi, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Atom Enerjisi Agentliyi, Dünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı funksional hala gələ bilər. “Bu siyahı funksional baxımdan təkmilləşərsə, dövlətin funksiyalarını tükəndirəcək” cümlələrində təsbit olunan fikir göstərir ki, bəşəriyyət həqiqətən böyük dəyişikliklərin astanasındadır.
Bəs, ABŞ-ın köhnə dünyanın təmsilçisi qismində yeni dünyanın təmsilçisi Çinə müqaviməti onu deməyə əsas verirmi ki, bəşəriyyət bütün sferalarda iki qütbə bölünərək yaşayacaq? ABŞ bunu etməyə nə qədər müyəssər olacaq? Belə anlaşılır ki, ABŞ özünü “dünyanın mərkəzinə qoymaq” mübarizəsini sona qədər aparacaq. Başqa sözlə, Vaşqinton “Amerikayönlü qlobal dövlət” qurmağa çalışır. İlkin mərhələ kimi, o Çinin təsir arealına mümkün qədər az ərazinin düşməsinə çalışır. Belə ki, Birləşmiş Ştatlar birtərəfli qaydada öz ərazisini bir milyon kvadrat kilometrə qədər genişləndirərək, kontinental şelfin Arktika, Atlantik, Berinq dənizi, Sakit Okean və Meksika körfəzi və Mariana adaları sahillərində potensial resurslarla zəngin ərazilərinə qədər “qanad açıb”. ABŞ Dövlət Departamenti də bildirib ki, Birləşmiş Ştatlar kontinental şelfini genişləndirməklə, yəni ölkənin quru ərazisinin su altında davam etməsini təmin etməklə Arktikada nəzarət zonasını artırıb.
Arktikada hər şey ləng gedir. Buzlaqlar əriyir, qütb ayıları hardasa gəzir, buzlar və aysberqlər sürünür. Şimal Buzlu Okeanının dibində sərvətləriə kimin sahiblənəcəyi ilə bağlı çoxdan şiddətli mübarizə gedirdi və indi bu regionda öz maraqlarını bəyan edən dövlətlər, “Qızıla hücum”un qızılaxtaranları kimi, “sui-qəsd planları hazırlayırlar”.
Buna reaksiya çox əsəbidir. Rusiya Federasiya Şurası artıq bəyan edib ki, onların da bu zonaya “hüquqları var” və öz maraqlarını müdafiə etməyə hazırdırlar. Rusiya Dumasının deputatlar hətta ABŞ-ın Rusiya ilə mübahisəli su ərazisinin bir hissəsini az qala zəbt etdiyini deməyə başladılar. ABŞ suların 200 millik iqtisadi zonadan kənara çıxan hissəsini özünə məxsus elan edərək, beynəlxalq suları da əhatə edəcək şəkildə özünün Arktika sektoru çərçivəsində ərazi iddialarını genişləndirib. Moskva isə hesab edir ki, Rusiya Arktikada hegemona çevrilməlidir. Moskva Kanada və Danimarkanın eksklüziv iqtisadi zonalarında (Qrenlandiya vasitəsilə) yerləşən Arktika şelfinin təxminən 705 min kvadrat kilometr ərazisinə iddialarını bəyan etdiyi sənəd qəbul edib. Həmçinin, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) bölgədəki əsas ticarət marşrutu - Şimal Dəniz Yolunda "xarici təsirlərə və işğallara qarşı mübarizə" proqramı qəbul edilib. Ukraynanın işğalı Rusiyanın Arktikasının hərbiləşdirilməsinin intensivliyini ləngitdi - lakin prosesi dayandırmadı. Belə ki, bu yaxınlarda qəbul edilmiş 55 səhifəlik Rusiya dəniz doktrinasında Arktika 22 səhifədə qeyd olunub. Amma asılı olduğu Qərb texnologiyaları olmasa, Kreml Arktikanı necə inkişaf etdirəcək?
Katolik Milad bayramı ərəfəsində xarici investorlar, o cümlədən Çin CNPC və CNOOC və Yaponiyanın Mitsui və JOGMEC konsorsiumları, Arctic LNG-2 layihəsində iştirakını donduraraq, Rusiyanın mayeləşdirilmiş qaz hasilatı və istehsalı sənayesinə son qoydular. Bu, Rusiya rəhbərliyinin böyük pul qoyduğu əsas pilot Arktika layihəsi idi. Şimal dəniz marşrutu, qütb aviasiyası və daha çox gəmiqayırma sahəsində oxşar layihələr var ki, onlar Rusiyanın müvafiq texnologiyalarına malik olmadığı üçün dayanıb.
Moskva, əlbəttə ki, Arktikanı, yalnız inadkarlığına görə hərbiləşdirməni davam etdirəcək. Amma bu, sözün əsl mənasında “dondurulmuş pul” olacaq. Arktikadakı rəqiblərinin isə texnologiyaları inkişaf etdirmək, birgə istehsal, infrastruktur və logistika yaratmaq üçün səmərəli istifadə oluna biləcək vaxtı var.
İstənilən döyüş - və qarşıdan gələn onillik "Arktika üçün mübarizə" onilliyi olacaq, onun resursları və yeni ticarət yolları uğrunda döyüşdür, hansı ki, bu da qlobal transformasiyadan əvvəlki hazırlıq mərhələsidir. Rusiya burada uduzdu, Arktika üçün resursları Ukraynada itirdi. Deməli, üz-üzə Amerika və Çin olacaq.
Yeri gəlmişkən, ABŞ-ın Avropa ilə birgə Qırmızı dənizdə həyata keçirməyi planladığı “Rifah Keşikçisi” hərbi əməliyyatı da Avropa ölkələri tərəfindən bloklandı. Çünki Avropa Birliyi əməliyyat üçün gəmilərini ABŞ hərbi dəniz qüvvələrinin sərəncamına verməkdən imtina edir ki, bu da Çinin işinə yarayır. Anlaşılan odur ki, ABŞ 1863-65-ci illərə yaşadığı Vətəndaş müharibəsini içində bir daha yaşamaq perspektivinə baxmayaraq, qlobal hegemonluq uğrunda müharibəni də uduzmaq fikrindən uzaqdır.
Ülviyyə ŞÜKÜROVA