​Qazaxda ermənilərə görə istinad divarları çəkildi - Foto

Baxış sayı:
3199

Qazax rayonunun düşmənə ən yaxın yaşayış məntəqəsi olan və birbaşa təmas xəttində yerləşən Məzəm kəndində evlərin qarşısına istinad divarlarının çəkilməsi başa çatıb.
Muxalifet.az xəbər verir ki, rayon icra hakimiyyətindən azərtac -a bildirilib ki, 65 evdən ibarət olan və müharibənin ağrı-acılarını gündəlik həyatlarında hiss edən məzəmlilər 8 şəhid veriblər. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi uğrunda canından keçərək qəhrəmancasına şəhid olub, 4 nəfər dinc kənd sakini isə düşmən tərəfindən atəşkəs şəraitində qətlə yetirilib. Bir nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Məhz Məzəm sakinlərinin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ötən il atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən 21 evin qarşısına müdafiə hasarları çəkilib. Vətəndaşların müraciətləri nəzərə alınaraq, kənddə bu il daha 12 evin qarşısına 3 metr hündürlüyü olan müdafiə hasarlarının çəkilməsi işləri başa çatdırılıb.