“Qaydaları pozmasam da, DYP əməkdaşları məndən 500 manat istədilər” – RAMİL USUBOVA SENSASİON MÜRACİƏT

Ucar rayonu Gəraybəyli kənd sakini Məmmədov Sabir Qorxmaz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazır:
“Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edib, mənə qarşı qanunsuzluq ediblər. Belə ki, 04 mart 2018-ci il tarixdə Bakı şəhərində Səbail rayon ərazisində Bayıl qəsəbəsi istiqamətində təyin edilən sürətlə heç bir yol hərəkət qaydasını pozmadan, özümə məxsus 90 FU 616 nömrəli “Mazda” markalı avtomobilimlə hərəkətdə olan zaman Səbail RPİ-nin DYPB-nin əməkdaşları məni saxladıb qanunsuzluq etdilər. Sürət həddini aşmağımı bildirdilər. Həmin vaxt avtomobilimdə ailə-uşağımın olması məni çox narahat etdi. Polis əməkdaşları məni aldadaraq, “izahat yaz ki, sürət həddini aşmısan, səni buraxaq çıx get” dedilər. Mən də avtomobildə olan ailəmə görə narahatlıq yaranmasın deyə, həmin izahatı polis əməkdaşlarının diktəsi ilə yazdım. Bundan sonra onlar avtomobilimi cərimə meydanına gətirdilər. Avtomobilimin buraxılması üçün məndən 500 manat pul istədilər.
Qeyd edim ki, mən 04 mart 2018-ci il tarixdə Səbail rayon ərazisində heç bir yol hərəkəti qaydasını pozmamışam. Bunu təsdiq edən müşahidə kameraları var. Əgər həmin ərazidə olan müşahidə kameralarına baxış keçirilərsə, bu tam subut olacaq. Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyevin mənə qarşı tətbiq etdikləri prorokol tam qanunsuz və saxtadır. Bu korrupsiyaya qurşanmış 3 polis əməkdaşlarının fəaliyyətlərinin obyektiv araşdırılması üçün həmin sözügedən ərazidəki müşahidə kameralarına baxış keçirilməlidir və onların barələrində ciddi tədbirlər görülməlidir.
Bu minvalla 3 soyğunçu polis əməkdaşı çoxlusayda vətəndaşları talan etmişdilər. Polis əməkdaşı Elşən Ağamalıyev bu işi araşdırsa da, onun buna heç bir qanunu səlahiyyəti yoxdur.
Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edirəm.
Hörmətli nazir! Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında yüksək nizam-intizam yaradılmışdır. Ancaq çox təssüf olsun ki, adlarını qeyd etdiyim Səbail RPİ-nin DYPB-nin 3 əməkdaşı Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyev öz maddi maraqlarına görə dövlət qanunlarını tapdayıb, polis adına ləkə gətirirlər. Buna görə Sizdən xahiş edirəm, bu şikayətimi mənim iştirakımla yerində obyektiv araşdırllıb, qanuna müvafiq tədbirlərin görülməsinə tapşırıq verəsiniz.
Mən Sizin ədalətinizə səmimi olaraq inanıram”.
Muxalifet.az
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.