Qaya kimi sərt, çiçək kimi kövrək!...

(Millət vəkili Qənirə xanım Paşayeva haqqında düşüncələrim...)

Qənirə xanımı ilk dəfə televiziya ekranlarında görmüşəm. ANS televiziya şirkətinin xəbərlər proqramında çıxışlarını həmişə səbrsizliklə gözləmişəm. Çünki Qənirə xanımın bir jurnalist kimi öz dəsti–xətti vardı. Dinlədikcə dinləmək istəyirdim. Bir çox həmkarlarının həsəd apara biləcəyi keyfiyyətləri onu biz tamaşaçılara daha çox sevdirirdi.
Sonra onu bir müddət televiziya ekranlarında görmədim. Bəlkə hər gün xəbərlər proqramında ağzından “od püskürən” bu xanımın enerjisi tükənmişdi?!.
Narahatçılığa əsas yoxmuş. Qənirə xanım ölkəmizin ictimai- siyasi həyatında xeyirxah missiyaları ilə tanınan Heydər Əliyev fonduna məsul vəzifəyə irəli çəkilimişdi...
Yenə ölkənin ictimai –siyasi həyatında baş verən hadisələrin önündə olmaq, qaynar bir həyat yaşamaq. Sanki bu, onun taleyinə yazılmış, alın yazısıdır.
2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə doğulub boya-başa çatdığı Tovuz rayonun seçiciləri onu Millət vəkili seçdilər.
Zaman göstərdi ki, seçiciləri səhv etməyiblər. Qənirə xanım həmişə öz seçicilərinin yanında olan, onların “ qayğıları” ilə yaşayan bir Millət vəkili idi.
Məhz buna görə də növbəti seçkidə də  seçiciləri  Qənirə Paşayevanı öz deputatları görmək istədilər.
Bu gün respublikamızda seçilib-sayılan ictimai-siyasi xadimlərdən olan Qənirə xanım Paşayeva qaynar bir həyat yaşayır. Yenə də Milli Məclisin plenar iclaslarında, beynəlxalq tədbirlərdə Qənirə xanımı ön sıralarda görürük.
Bizim sevdiyimiz Qənirə xanım  həm də çox dəyərli bir yazardı. Ən çox özü demişkən, “ ... gördüklərindən, oxuduqlarından,  öyrəndiklərindən, tanıdıqlarından, bir də yazdıqlarından yazır...”
Qənirə xanımın öz fikridir: “Elə insanlar var ki, onlar bizə kitablardan daha çox şey öyrədirlər. Həm də daha qısa bir zamanda...”
Son illər Qənirə xanım Paşayevanın bir-birinin ardınca oxucularına təqdim etdiyi “Səndən sonra...”, “ Məndən sonra...”,  “ Hesab vaxtı...”,  “ O” kitabları onun bütün pərəstişkarlarının stolüstü kitablarıdır. Bu kitablarda toplanmış və Qənirə xanımın qələmə aldığı bütün yazılarda onun ürək döyüntüləri, fəlsəfi düşüncələri və əsl vətəndaş münasibəti öz əksini tapıb.
“Hesab vaxtı” kitabındakı bu sətirlər diqqətimi çəkir: “...Dünyada hər şeyin də yerini bilmək çox önəmlidir... İnsanın da... Nə artıq, nə əskik dəyər verməlisən...Dəyərindən aşağı qiymət vermək haqsızlıqdı... Dəyərindən daha çox  qiymət  vermək isə özündənrazılıq, özünə vurğunluq...”
Qənirə xanım alovlu bir ürək sahibi, vətəninə, yurduna, ulu torpağına, qəlbən bağlı əsl vətənpərvərdir.
Hamımız kimi onu da Qarabağ dərdi, işğal altında olan torpaqlarımız daha çox sıxır.
Şerlərinin birində belə yazır:
Sənsiz ölsəm...
Bağışlama məni...
Qəbrim səndə qazılmasa...
Adım Şuşa qalasına yazılmasa,
Bağışlama, bağışlama, məni...
Bu, Qənirə xanımın içindən gələn haraydır.
“Aslanın erkəyi, dişisi, olmaz”. Bu el məsəlini təsadüfi xatırlamadım. Bizə yaşadığımız bu günlərdə Qənirə xanım kimi, ürəyi vətən eşqi ilə döyünən, Həcər , Nigar qeyrətli igid xanımlar daha çox lazımdır.
Qənirə xanımı növbəti dəfə seçkilərdə qazandığı qələbəyə görə, növbəti dəfə Tovuz rayonunun Millət vəkili seçildiyinə görə səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız bol olsun, Qənirə xanım!..
Fuad Biləsuvarlı
Redaksiyadan: Müəllifin xahişini nəzərə alıb bu yazını saytımızda dərc edirik. Yazı redaktə xarakterli ixtisar edilib.