QARANLIĞIN DÜŞMƏNİ… - Eldəniz Quliyev yazır

Baxış sayı:
4993

Nə yazıq, bir çoxumuz indiyəcən anlamamışıq, ya anlamaq istəməmişik ki, qaranlığın yegənə düşməni İŞIQDIR!
...Millətin qazının, işığınının, ərzağının qiymətini qaldırıb cıdır atının belinə mindirir... və deyir ki, mən "nastoyaşi" Ağanəzərəm, kefim istəsə, yerdə də, göydə də, lap 15 qəpiklik çayın 15 manat olduğu bulvarda da gəzərəm!..
Səmimiyiksə, ürəyimiz Allah sevgisi və mərhəmətlə doludursa, - ruhumuz bizə xoşbəxtlik qanadları bəxş edər!.. Yox əgər bizlər domuşub qorxunun əsarətində yaşayacağıqsa, onda... taleyimizə kölgə salan acı bir həqiqəti də qəbul etməliyik. Ki, xof çətir kimi bir şeydi, - vücudumuza ələnən Tanrı xeyirxahlığının ruhumuza yayılmasına əngəl törədir... Və bu əngəl artdıqca TANRIdan uzaqlaşır, uzaqlaşırıq...
Qarşıda isə bizi - şeytan gözləyir!..
Nə deyirsən de, nə münasibət sırgiləyirsənsə sərgilə, amma "aksioma" sayılan bir nəmənəni unutma: istənilən RƏYi dəyişmək, yozmaq, hətta pozmaq olar, FAKTı isə nə dəyişmək olar, nə də inkar etmək. Bu mənada, qorxu və qorxunun yaratdığı fəsadlar - bədbinlikdi, mütilik, qətiyyətsizlikdi, bunlar insan ömrünü puç edən səbəblərdəndir.
Düşünək...
Qorxu həm də, ruha hakim kəsilmiş bir zülmətdir...
Amma bəxtimizdən, nə yaxşı ki, qaranlığın gücü yoxdu...olsa-olsa,  zəhmi, vahiməsi var.
Əslində, qaranlıq həm də qorxaqdı - işıqdan qorxur!
Bəli, qaranlıq işığı öldürə bilmədiyi üçün çox zəifdi - o, öləziyən lampa işartısına belə qalib gəlmək iqtidarında deyil... Amma işıq - bapbalaca şam da olsa, - zülmət qaranlığa meydan oxuyur!..
Və bu, bir sirri-xudadır!..
Kim bilir, bəlkə də şükür etməliyik ki, bu belədir, əks-təqdirdə, qorxu Əzrayıl qiyafəsində gəlib nə qədər canlar alardı!..
İndi dəb düşüb, bəzi sürüşkən ekspert və alimlər, səviyyəsiz müəllim və mütəxəssislər, o cümlədən psixi xəstəliyi olan psixoloqlar toplumun mübarizə immunitetini zəiflətmək, məhv etmək yarışına girişiblər. Onlar hakimiyyətin çox güclü olması haqqında mif yaradır və xalqın bu güc qarşısında ram olmasına səy göstərirlər.  Bunun üçün min hoqqadan çıxır, min bir sifət göstərirlər - guya camaata "ağıllı", "müdrik" məsləhətləri verir, necə yaşamaq, necə davranmaq barədə "kreativ" yollar göstərirlər. Əlbəttə, bu alabəzək möüzələrdə sadə vətəndaşın təhtəlşüuruna yönəlik mesajlar aşılanır: "heç özünüzə əziyyət verməyin, başınızı salın aşağı, harda ölürsüzsə elə ordaca qalın. Nəbadə etiraz, yaxud qıcıq yaradan hər hansı qanun-qaydanı dəyişmək sevdasına düşəsiniz ha! Həyatınızı, gün-güzəranızı dəyişməkdən vaz keçin və qətiyyən atılıb-düşməyin. Mumlayın, mübarizə, mücadiləylə nəyisə düzəltmək arzularınızı bilmərrə unudun. Çalışın, hamı kimi, "mənə nə?" deyibən, palaza-zada bürünüb sürünməyə meydannan-zaddan axtarasınız..."
Bu günlərdə təsadüfən belə birisiylə mübahisəmiz düşdü. Dedim ki:
-  Sənin hər gün tirajlayıb millətə sırımağa çalışdığın "müdrik kəlamlar", əslində, insanları əzir, sındırır. Bu riyakar tövsiyələr onların öz taleyi ilə barışmasına yox, hakimiyyətin qurub-quraşdırdığı psevdo-taleyə boyun əyməsinə xidmət edir. Nəticədə, ləyaqətli yaşam tərzinə, azad, ədalətli gələcəyə bəslənən ümidlərə zərbə vurulur.
Cavabında:
- Bə nə, ram olmasan, boyun əyməsən, itaət eləməsən, yeri gələndə lap dombalaq aşmasan, olmaz! - dedi. - İndiyəcən hökümətnən hökümətlik eləmək kimə xeyir gətirib ki? Əzrayılla "çiling-ağac" oynamaqla nə qazanmaq olar ki? Şəxsən mənə görə, belə xülyalara uyub xalq üçün, ya özün üçün nəsə əldə etməyi, nəyisə dəyişmək istəyini mübarizə aparmaqda görmək, utopiyadan başqa bir şey deyil. Çax-çax özünü öldürsə də dəyirmana heçzad eliyə bilməz!
Dedim:
- Ay adam, bəs Prometey? Bəs Sizif? Bəs İmam Hüseyn? Bəs İsa məsih? Bəs Servantes? Bəs Janna De Ark? Bəs Vuktor Hüqo? Bəs Hemenque?Bəs Nəsimi? Bəs öz amalı, idealları naminə... Allahlıq sevdasına düşmüş tiranlarla, ya bit-birə kimi həyatımıza daraşmış yalaq-yulaqlarla ölüm-dirim savaşına qalxıb həyatını qurban vermiş saysız-hesabsız şərəfli şəxsiyyətlər, ləyaqətli  İNSANLAR?!
Bəs dünyanın çirkin və çirkli olduğuyla barışmayıb ONU xilas etməyə cəhd göstərən İLAHİ GÖZƏLLİK?.. Bəs nəhəng zülmət qaranlıqla dirəşən bapbalaca şam İŞIĞI?
Əlbəttə, belə misalları sonsuza qədər uzada bilərəm... Bizlər uca YARADANI tamamən unutsaydıq, insanların, eləcə də  Yer üzündəki bütün canlıların taleyi kimlərinsə yazıb-pozduğu qayda-qanunlara tabe edilsəydi...həyatın mənası, dadı-duzu, rəngi-ruhu olmazdı!..
Bu məqamda həmsöbətim:
- Nə yapışmısan ey bu şam işığından? - deyə, şit-şit irişdi.- Şam yeməyinə bir şey tapmırsınız... ac qarnınızın qurultusunu göy gurultusu kimi təqdim edirsiz!..
Söhbətimiz burada bitti. Bu nadan adama bihudə vaxt sərf etdiyimi anladım...
Bəli, mənim əzizlərim, həqiqətən yaman yerdə axşamlamışıq...  Hörmətli-izzətli hökumət müəllim camaatın suyunu, yol-yolağasını, hətta ruzisini kəsir... və ərz eləyir ki, mən Ərəbzəngiyəm, vəssalam, - yol da kəsərəm, lazım olsa lap baş da kəsərəm!
...Millətin qazının, işığınının, ərzağının qiymətini qaldırıb cıdır atının belinə mindirir... və deyir ki, mən "nastoyaşi" Ağanəzərəm, kefim istəsə, yerdə də, göydə də, lap 15 qəpiklik çayın 15 manat olduğu bulvarda da gəzərəm!..
...Götürüb vətəndaşların başına qapazlı cərimələr, abstrakt qadağalar və əndirəbadi qaydalar boyda bir daş salır...və deyir ki, mən Bağdaddakı kor xəlifəyə "fora" verənəm, kimsə də ağız bahəm eləyib "mıqqıldana"-da bilməz!..
...Az-çox müstəqil KİV-ni - qəzet-jurnalları, internet Tv-ləri, danışan ağızları və görən gözləri qapadır; elitanı xırda pul kimi cibinə qoyur, vətəndaş cəmiyyətini  "qıdığı gəlməyən" hala salır... və deyir ki, dədəm mənə kor deyib...
Ən pisi, bizlər də bütün bu həngamələrə dözməli, susmalı, gözümüzü qıyıb da mat-məəttəl baxmalıyıq... Sonra, yenə baxmalı və dübarə dözməli, dözməliyik!..
Bəs nə bilmisiz, uca, şərəfli, məğrur, üstəlik, dözümlü millət özgə cür ola, özgə cür yaşaya bilərmi?.. Əsla və qətiyyən yox!
Təəssüf və səd heyif ki, bizlər hələ də "çiling-ağac" oynamaqdan qorxuruq...Elə bil bizi qarğıyıblar, tilsimləyib-hipnoz ediblər...
Və nə yazıq ki, bir çoxumuz indiyəcən anlamamışıq, ya anlamaq istəməmişik ki... qaranlığın yegənə düşməni - İŞIQDIR!..
P.S. Nə sirr, nə müəmmadırsa, gözüQIPIQ millət, sonda çönüb mütləq gözüQIYIQ olur, - eynən Şimali koreyalılar kimi...
Eldəniz QULİYEV