Qaliblər ali məktəblərə imtahansız girəcək...

Baxış sayı:
3400

“Təhsil haqqında” Qanunun yeni variantına görə, respublika fənn olimpiadalarının qalibləri qalib gəldikləri fənn üzrə universitetə birbaşa qəbul olmaq hüququ qazanacaqlar. Beynəlxalq yarışların qalibləri isə birbaşa istədikləri ixtisaslara qəbul olmaq hüququna malikdirlər. Hesab edirəm ki, bu dəyişiklikdə qüsurlar var.
Bu sözləri “Təhsil haqqında” Qanunun yeni variantını Muxalifet.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, respublika olimpiadasında bir çox problem mövcuddur:
“Olimpiada qaliblərinin müsabiqədən kənar ali məktəblərə qəbul olması yeni hadisə deyil. 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni bu təklif ölkədə 9 ildir ki, tətbiq edilir və hər il xeyli gənc bu hüquqdan istifadə edir. Təkcə 2017-ci ildə ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün DİM-ə 54 nəfər müraciət edib. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrə olub. Bu addımın qüsurlu olmasının birinci səbəbi Təhsil Nazirliyi tərəfindən həyata keçirilən olimpiadalarda təqdim edilmiş test tapşırıqlarının, sualların dünya standartlarına cavab verməməsidir. Eyni zamanda yerli olimpiadanın təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda haqsızlıq da olur. İkincisi, beynəlxalq yarış dedikdə bura musiqi festivalları da daxildir. Yəni kimsə musiqi üzrə beynəlxalq olimpiada, yarışın qalibi olsa, gəlib hüquq, tibb ixtisası üzrə təhsil ala biləcək. Bu isə heç doğru deyil. Bundan başqa, belə çıxır ki, kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər”.
Ekspert Təhsil Nazirliyinin təklif etdiyi yenilikdə təkcə olimpiada aparılmayan fənlər deyil, eyni zamanda, rus və ingilis bölməsində təhsil alan şagirdlərin də hüquqlarının pozulduğunu bildirib:
“Bildiyiniz kimi, olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçirilir. Rus və digər bölmələrin şagirdləri isə burda iştirak edə bilmirlər. Bir məsələni xüsusi vurğulayım ki, bu nöqsanlarına baxmayaraq, təhsilin əlçatımlığı baxımdan bu addım uğurludur. Qeyd olunan dəyişiklik ölkədə ali təhsilli insanların sayının artmasına dəstək verəcək. Ancaq əlbəttə, qüsurlar aradan qalxarsa, daha məqsədəuyğun olar”.