Putin: “Yeltsinin niyə məni seçdiyini bilmirəm...”

Rusiya Prezidenti Vladimir Putin tanınmış amerikalı rejissor Oliver Stouna verdiyi müsahibədə maraqlı detallara toxunub.
 
Rejissor Putinin həyatı haqqında film çəkib. Dörd hissədən ibarət olan filmin birinci hissəsi artıq Amerikanın “Şou taym” kanalında yayımlanıb.
Sözügedən müsahibəsində Prezident Putin 2000-ci ildə Rusiya dövlət başçısı vəzifəsinə gətirilməsi haqda danışıb.
Putin o zaman prezident Boris Yelsinin ona baş nazir postu, daha sonra prezidentliyə namizəd olması təklifi haqda fikirlərini açıqlayıb. Putin deyib ki, bu vəzifələr çox böyük məsuliyyətlər yaratdığı, bütövlükdə həyatını dəyişdirəcəyi üçün buna hazır olub-olmadığından əmin deyilmiş. Onun sözlərinə görə, bürokratik sistemdə işləməklə qonaqlığa getmək, dostlarla görüşmək, teatrlarda olmaq imkanı verir. Ancaq Rusiyanın cavabdehliyini daşımaq fərqli bir şeydir.
Prezident Putin qeyd edib ki, bu təklifləri aldıqdan sonra tək düşündüyü məsələ övladlarını harda saxlayacağı olub:
“Siz təsəvvür edin, məni vəzifədən çıxarırlar, mühafizəm, heç bir şeyim yoxdur. Bu halda mən nə edə bilərəm? Ailəmin təhlükəsizliyini necə qoruya bilərəm? Nə qədər vəzifədə qalacağımı heç bilmirdim. Üstəlik prezident məni hər an vəzifədən götürə bilərdi. Ancaq sonradan “əgər qədər belə yazıbsa, sonuna qədər getmək lazımdır” deyə düşündüm. O zaman baş nazir olacağımı dəqiqliklə bilmirdim. Ancaq o gündən 17 il keçir”.
Bununla belə, Prezident Putin dönəmin dövlət başçısı olmuş Boris Yeltsinin məhz onu seçdiyinin səbəblərini bilmədiyini də qeyd edib./Teleqraf.com