"Putin Azərbaycan hökumətinə tapşırıq verdi ki, rus dilini beyinlərə və qəlblərə yeridin" - ADP SƏDRİ

Baxış sayı:
20968

Qazaxıstan prezidenti Nursultan Nazarbayev son zamanlar rus dili, daha doğrusu, ölkədə rus dilinin təsir dairəsinin minimuma endirilməsi ilə bağlı ciddi islahatlara imza atıb və bu istiqamətdə siyasətini davam etdirməkdədir. Çünki bu gün qazaxların əksəriyyəti, o cümlədən mühüm dövlət postlarında təmsil olunan şəxslər ana dilini lazımi səviyyədə bilmirlər. Elə bu səbəbdən də, ötən ilin mart ayından etibarən Qazaxıstanda Nazirlər Kabinetinin iclaslarında rus dilində danışmaq qağadan edilib. Bu ilin fevral ayında isə Nursultan Nazarbayev ölkə valyutasının rusdilli yazılarla buraxılmasının dayandırılması haqda qərar verib. Yəni bundan sonra yeni sikkələrin və əskinasların üzərindəki yazılar yalnız qazax dilində olacaq. Təkcə investisiya və kolleksiya sikkələrində xarici dillərdə yazılar ola bilər.

Qazaxıstan prezidentinin bir neçə gün öncə verdiyi qərara görə isə artıq parlamentdə də rus dilində danışmaq qadağan edilib. Beləliklə, Nursultan Nazarbayevin təlimatı ilə parlament və hökumət idarələrində ancaq qazax dilində danışılacaq. Qazaxıstan prezidenti, həmçinin qeyd edib ki, sinxron tərcümələr də qazax dilində aparılmalıdır. Nəzərinizə çatdıraq ki, tədricən çoxmillətlilik statusunu itirən Qazaxıstanda artıq rus məktəblərinin bağlanması ilə bağlı təkliflər də intensivləşib. Təəssüflər olsun ki, Azərbaycanda isə bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, Rusiya prezidenti Vladimir Putinin ötən ilin sentyabr ayının 27-də ölkəmizə baş tutan səfərindən sonra təhsil naziri Ceyhun Bayramov rus dilinin 50 orta məktəbdə intensiv tədrisi ilə bağlı əmr imzalayıb. Məhz bundan sonra ölkənin orta təhsil məktəblərində rus dilinin tədrisi bəzi siniflərdə hətta 1 saatdan 3 saata qaldırılıb. Bu isə gələcək nəslin rus adət-ənənəsinə uyğun yetişməsinə, əhalinin öz doğma dilindən uzaq düşməsinə səbəb ola bilər. Odur ki, bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rus dili ilə bağlı apardığı siyasət, Azərbaycanda rus dilində təhsilin fəsadları və digər mühüm mövzularla bağlı söhbətləşdik.

"İnsan hansı dildə danışırsa, həmin xalqın nümayəndəsi kimi düşünür"

- Sərdar bəy, Nazarbayevin rus dili ilə bağlı apardığı islahatları necə qiymətləndirirsiniz?

- Əvvəla, onu deyim ki, dil məsələsi siyasi məsələdir. Yəni insan hansı dildə danışırsa, həmin xalqın nümayəndəsi kimi düşünür. Bundan başqa, hər bir dil bir qayda olaraq həmin xalqın maraqlarını ifadə edən informasiya daşıyır. Məsələn, siz rus dilində bir mövzu oxuyursunuzsa, həmin mövzu Rusiya dövləti, rus xalqı və əxlaqına aiddir. Baxmayaraq ki, dil öyrənirsiniz, lakin dillə bərabər informasiya da alırsınız. Bu baxımdan, bütün dünyada dövlətçilik şüuru olan xalqlar dil məsələsində olduqca mühafizəkardırlar. Məsələn, 1960-cı illərdə ABŞ-da ispandilli əhali məsələ qaldırmışdılar ki, ingilis dilindən sonra ikinci dil kimi ispan dili də dövlət dili olsun. Onlar bu məqsədlə Nyu-Yorkda dinc yürüşə çıxmışdılar. Lakin ABŞ demokratiyanın beşiyi olmasına baxmayaraq, mitinqçilərə hücum etmişdi və nəticədə yüzlərlə adam ölmüşdü. Yəni adicə bir dilin dövlət dili kimi təklifinə ABŞ bu cür sərt reaksiya vermişdi. Bu isə öz növbəsində, dilin dövlət üçün nə qədər önəmli olduğunu önə çəkir.

"Dövlət dili rus dili olan ölkələr daha çox ruslaşmaya məruz qalıb, rus kimi düşünüb, öz xalqının tarixini, mədəniyyətini bilmək əvəzinə, dilin gətirdiyi informasiyanı alıblar"

Nazarbayevin rus dili ilə bağlı qərarlarına gəlincə, bildiyiniz kimi, bu gün Qazaxıstan postsovet dövlətləri arasında ən çox ruslaşdırılmaya məruz qalan ölkədir. Çünki bütün SSRİ-də sürgün olunanlar Qazaxıstana göndərilib. Sonradan SSRİ-nin ərzaq təchizatı ilə bağlı Qazaxıstan önə çıxdı. Eyni zamanda, atom sınaqları və kosmik uçuşların hamısı Qazaxıstanın ərazisində həyata keçirilməyə başlandı. Beləliklə də faktiki olaraq sovet hökumətinin mövcud olduğu dövrdə Qazaxıstan rusların birbaşa hədəfində idi. Bir tərəfdən SSRİ-nin çörəklə təchizatı, digər tərəfdən kosmik uçuşlar və nüvə silahlarının sınaqdan keçirilməsi - hamısı Qazaxıstanla bağlı idi. Ümumiyyətlə, Qazaxıstanın taleyi elə gətirib ki, sovet hökumətinə müqavimət göstərən qazaxların böyük əksəriyyəti inqilabdan sonra Qazaxıstanı tərk edib Çinə köçüblər. Yəni faktiki olaraq SSRİ-də yaşayan qazaxlar dünyadakı qazaxların az bir hissəsini təşkil edib. Nazarbayev hakimiyyətə gəldikdən sonra isə Çində olan qazaxların hamısının geri qayıtması məsələsini təmin etdi. Eləcə də Rusiyanın özündə 1 milyona yaxın qazax yaşayır. Nazarbayevdən öncə isə onların sayı daha çox idi. Beləliklə, faktiki olaraq qazaxların geri qayıtması, rusların və ora sürgün olunan digər millətlərin Qazaxıstandan getməsi çox ciddi demoqrafik proses əmələ gətirdi. Bununla da hazırda Qazaxıstan əhalisinin 80 faizini qazax və digər türkdilli əhali, yerdə qalan 20 faizini isə ruslar təşkil edir. Onu da qeyd edim ki, artıq ruslar sürətlə Qazaxıstanı tərk edirlər. Çünki artıq Rusiya Qazaxıstanda hansı məqsədlə ruslaşdırma həyata keçirmişdisə həmin məqsədlərin heç biri yoxdur. Belə ki, artıq atom silahları Qazaxıstandan yığışdırılıb. Bununla yanaşı, Qazaxıstan öz taxılını müstəqil şəkildə dünyaya satır və Rusiya bundan istifadə edə bilmir. O cümlədən, artıq Qazaxıstan xalqların sürgün olunduğu ərazi deyil. Ona görə də Qazaxıstanda milli dövlətçilik sürətlə formalaşmağa başlayıb. Nazarbayev isə qeyri-adi dərəcədə böyük uzaqgörənlik nümayiş etdirərək ardıcıl olaraq Qazaxıstanın milliləşməsi, müstəqillik və suverenliyinin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atır. Bunun ilkin əlaməti Astananın yaradılması idi. Bildiyiniz kimi, əvvəllər Qazaxıstanın paytaxtı Almatı idi. Şimal bölgədə əhali sıx yaşayırdı, Almatının yerləşdiyi ərazidə isə əhali çox seyrək idi. Bu səbəbdən də paytaxt Astanaya köçürüldü. Nazarbayevin Qazaxıstanın milliləşməsi istiqamətində atdığı növbəti addım isə rus kəndlərinin ləğv edilərək onların sakinlərinin daha böyük kənd və qəsəbələrə köçürülməsi ilə bağlı verdiyi qərardır. Qeyd edim ki, bu tip kəndlərin sayı çox olsa da, əhali olduqca az idi. Bu səbəbdən də Nazarbayev rus kəndlərinin ləğvi və onların bir qəsəbədə yerləşdirilməsi ilə bağlı göstəriş verdi. Beləliklə də çoxlu sayda rus kəndinin əvəzinə bir kənd əmələ gəldi. Bundan başqa, qazax dili dövlət dili elan olundu və məktəblərdə qazax dilində təhsilə başladılar. Paralel olaraq rus dilinin istifadəsi daraldı. Nəzərinizə çatdırım ki, Qazaxıstanda mən yaşda olan adamlar öz dillərində ədəbiyyatı oxuyub başa düşmürlər. Bunun səbəbi odur ki, Azərbaycan, Rusiya və Ukrayna istisna olmaqla, keçmiş SSRİ respublikalarının hamısında dövlət dili rus dili idi. 1956-cı ildə Azərbaycanda dövlət dili Azərbaycan dili oldu. Dövlət dili varsa, dövlət yazışmalarının hamısı Azərbaycan dilində gedirdi, məhkəmələr Azərbaycan dilində qərar çıxarırdı, universitet təhsili Azərbaycan dilində idi və s. Lakin dövlət dili rus dili olan ölkələrdə isə bunun tam əksinə, bütün dövlət yazışmaları, ali təhsil rus dilində idi. Faktiki olaraq, qazaxlar, özbəklər və digərləri 4-cü sinfə qədər oxuyurdular, bundan sonra isə dillə əlaqələrini itirirdilər. Nəticədə isə dövlət dili rus dili olan ölkələr daha çox ruslaşmaya məruz qalıb, rus kimi düşünüb, öz xalqının tarixini, mədəniyyətini bilmək əvəzinə, dilin gətirdiyi informasiyanı alıblar. Bu baxımdan, dil məsələsi olduqca vacibdir. Odur ki, Nazarbayevin apardığı siyasəti Qazaxıstan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardır.

"Azərbaycanda tam müstəqil hakimiyyət yoxdur"

- Sizcə, bu sahədə Azərbaycanda vəziyyət nə yerdədir? Necə düşünürsünüz, rus dilini dövlət dili olan Azərbaycan dili ilə bərabər işlək dil səviyyəsinə gətirib çıxarmaq istəyənlərin əsas məqsədi nədir?

- Təəssüf ki, Azərbaycanda bu istiqamətdə Qazaxıstandan fərqli proseslər cərəyan edir. Belə ki, Azərbaycan dili hələ 1956-cı ildə dövlət dili elan olunmasına baxmayaraq, bu gün iqtidar Azərbaycan dilinin sıxışdırılması və yenidən "rusifikasiya" siyasətini həyata keçirir. Çünki iqtidardakı bəzi qüvvələr başa düşür ki, Rusiyaya yaxınlaşmayacaqları təqdirdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə cavab verəcəklər. Bu gün Azərbaycanda aparılan ruslaşdırma siyasətinin arxasında duran yeganə niyyət budur. Yəni onlar yenidən ölkəni ruslaşdırmaq, Rusiyanın burda təsirini artırmağa çalışırlar. Xatırlayırsınızsa, Rusiya prezidenti Vladimir Putin Azərbaycana son səfərində rus dilinin Azərbaycan xalqının ürəklərində və beyinlərində olduğunu bəyan edib. Bu, əslində o demək deyil ki, doğrudan da rus dili bizim beynimizdə və qəlbimizdədir. Bununla, Azərbaycan hökumətinə tapşırıq verdi ki, rus dilini beyinlərə və qəlblərə yeridin. Qəlblərə yeridin o deməkdir ki, rus dilinə məhəbbət yaradın, beyinlərə yeridin isə o deməkdir ki, rusdilli informasiyanı doldurun əhalinin başına. Putinin tapşırığı məhz bu idi. Azərbaycan hökuməti də onun tapşırığı altında Azərbaycanı idarə edir. Yəni Azərbaycanda tam müstəqil hakimiyyət yoxdur. Nazarbayev isə əksinə, baxmayaraq ki, Rusiyanın daha ciddi təsiri var, aparılan demoqrafik siyasət onun siyasətinə bir o qədər də cavab vermir, amma çox böyük müvəffəqiyyətlə bu siyasəti davam etdirir.

- Belə olan halda Rusiya nədən Nazarbayevin rus dili ilə bağlı apardığı siyasətinə sərt reaksiya vermir?

(Ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org