PULUNUN OĞURLARNDIĞINI İDDİA EDƏN BAKI SAKİNİ POLİSDƏN ŞİKAYƏTÇİDİR – Bəsti Hüseynova: “Əgər polisin marağı yoxdursa, kameralar niyə açılmır?!”

Baxış sayı:
4936

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi 127 ünvanında yaşayan Hüseynova Bəsti Səməd qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. B.Hüseynova iddia edir ki, onun pensiyası oğurlanıb, polisə müraciət etsə də, şikayətinə baxılmır. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciəti olduğu kimi dərc edirik:
“Mən, Hüseynova Bəsti Səməd qızı, yazıb sizə bildirirəm ki, 17 fevral 2023-cü il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi, “Bazarstore” mağazasını qarşısında yerləşən bankomata kartımı taxdıqda balans  sıfır (00.00) göstərdi. Orada olan vətəndaşlar dedilər ki, balansınızda pul yoxdur. Bu zaman kartımı götürüb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdim. Oradan mənə bildirdilər ki, get “Kapital Bank”ın baş ofisinə şikayət et, onlar kamera vasitəsilə aydınlaşdırsınlar.
Bankda bildirdilər ki, polisdən bizə sənəd gətir, icazə verilsin, kameranı açaq.
8-ci polis bölməsinə getdim, rəis məni qəbul etmədi. Digər polis işçisinə sənədlərimi verib, şikayətim barədə məlumat verdim. O, mənə dedi ki, bu, bizim işimiz deyil.
22.02.2023-cü ildə Prezidentə və Birinci vitse-prezidentə teleqram vurdum. Bildirdim ki, 30 ildir I qrup əliləm, “Hepatit C” xəstəsiyəm, başıma gələnləri yazdım. Mehriban xanımın dəstəyi ilə müalicə olunduğumu da nəzərlərinə çatdırdım.
2 qız övladım var, ikisinin də həyat yoldaşı rəhmətə gedib. Vəziyyətimiz çox pisdir, yetim sahibiyəm. Müalicəmi etdirə bilmirəm, xahiş edirəm ki, 300 manatımın qaytarılmasında mənə kömək olasız. Kameralar niyə açılmır? Əgər burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və polisin marağı yoxdursa, bu məsələni niyə araşdırmırlar?
17 fevral 2023-cü il tarixindən bu günə kimi pensiyamı hələ ala bilməmişəm. Bəlkə mənim pulum bankomatda oğurlanıb, niyə araşdırılmır?
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev əlaqə saxladıq. Məsələnin araşdırılacağını bildirdi.
Jalə FAMİLQIZI