Prezidentin açılışını etdiyi “Az DUTİ FRİ ŞOPS LTD” MMC 100 nəfərdən çox insanı işsiz qoydu / Şikayət

Baxış sayı:
6943

Astara sakinləri hesab edir ki, bəzi məmurlar prezident saxtakarlıq etməklə İlham Əliyevə yalan məlumatlar verirlər. Onların fikrincə, bu saxtakarlıq işsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərdə də özünü büruzə verir. Muxalifet.az-ın redaksiyasına müraciət edən sakinlər bildirir ki, yeni istifadəyə verilən, hətta prezidentin açılışını etdiyi bir sıra müəssisələrin az müddət sonra fəaliyyəti dayandırılıb. Ölkə başçısına isə məlumat veriblər ki, guya, bu müəssisələrin hər birində yüzlərlə sakin çalışır. Halbuki, bu sakinlərin fəaliyyəti yalnız kağız üzərindədir, bu da məhz "işsizliyin aradan qaldırılması" ilə bağlı süni görüntü yaratmaqla yanaşı, statistikanı şişirtmək məqsədi daşıyır. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl prezident İlham Əliyev tərəfindən Astaradakı filialının açılışı edilən “Az DUTİ FRİ ŞOPS LTD” MMC fəaliyyətə başlayanda burada yüzlərlə rayon sakini üçün iş yerləri yaradılacağı bildirilirdi. Amma şirkətin Astara filialının açılışından az müddət sonra məlum oldu ki, bütün bunlar sadəcə prezidenti aldatmaq üçün deyilib. Şikayətçilər bildirir ki, yüksək səlahiyyətli məmurlardan birinə aid olduğu bildirilən “Az DUTİ FRİ ŞOPS LTD” MMC-nin Astara filialı açılışı ediləndən az müddət sonra tamamilə qapadıldı. Bununla da şirkətdə işləyəcəyi vəd olunan sakinlərin ümidləri növbəti dəfə puç oldu. "Cənab prezidentə qarşı çıxan bir qrup şəxs firmanın fəaliyyətini dayandırıb, işə qəbul etdikləri işçilərin əmək müqavilələrinə xitam verdilər. Bu şirkətdə 100 nəfərdən çox insan çalışırdı. İndi onların hamısı işsidir. Biz hesab edirik ki, bütün bunlar prezidentin ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı siyasətinə qarşı çıxmaqdır" - deyə, sakinlər bildirir. Muxalifet.az Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.