PREZİDENTƏ QARŞI SABOTAJ

Ruspərəst məmurlar ölkəmizin Qərblə münasibətlərinin düzəlməsinə imkan vermir, prezidentin nüfuzuna zərbə vururlar
Yanvarın 9-da tanınmış bloger Mehman Hüseynovun polislər tərfindən saxlanılaraq, təzyiqlərə məruz qalması ölkədə ciddi etiraz doğurdu. Belə ki, istər müxalif partiyalar, istər də ayrı-ayrı müstəqil ekspertlər və media nümayəndələri gənc blogerin şəhərin mərkəzində 8 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən bir “terrorçu” kimi həbs olunmasını sərt şəkildə qınadılar. Xüsusən də onun başına torba keçirilərək, polis idarəsinə aparılması və orada həmin vəziyyətdə saatlarla başıaşağı saxlanılması böyük etiraza səbəb oldu. Üstəlik, əksər ekspertlər vurğuladılar ki, saxlanıldıqdan bir gün sonra 200 manat cərimə edilərək azadlığa buraxılan M.Hüseynovun bu cür səs-küylü həbsi hakimiyyət daxilindəki müəyyən qüvvələrin çirkin niyyətlərinə xidmət edib. Burada isə əsas hədəflər Rusiyanın ölkəmizdəki “5-ci kolon”una yönəlir...
“Prezidentin vəziyyətini mürəkkəbləşdirirlər”
Sözsüz ki, M.Hüseynovun həbsi prezidentin iradəsinə qarşı atılmış addımdır. Çünki mən düşünmürəm ki, prezidentin buna xüsusi olaraq ehtiyacı olsun. Əksinə, hakimiyyətdə maraqlı şəbəkələr var ki, onlar cəmiyyətdə bu cür qorxu, xof hissinin yaradılmasına, qütbləşmənin çox olmasına çalışırlar. Çünki bu cür antoqonizm və qütbləşmə olduqca, hakimiyyətdə həmin şəbəkəyə ehtiyac da çoxalır. Onlar bu mühitdə özlərini daha rahat hiss edirlər. Amma təbii ki, bu da Azərbaycan prezidentinin beynəlxalq rəydə nüfuzuna ciddi surətdə zərbə vurur. Ona görə, təbii ki, prezident bu məsələdə maraqlı ola bilmız.
“5-ci kolon”un maraqları
Şübhəsiz, baş verən proseslər hakimiyyət daxilində gedən qaranlıq oyunlara kifayət qədər işıq salır. Ancaq onu da qeyd etməliyik ki, ruspərəst məmurların prezidentə qarşı sabotaj və təxribat xarakterli əməlləri yeni deyil. Biz bundan öncə də iqtidar daxilindəki Rusiyanın “5-ci kolon”una bağlı olan qüvvələrin dəfələrlə prezidentə qarşı şantaj xarakterli əməllərə imza atdığı ilə bağlı oxucularımızı bilgiləndirmişik. Lakin, təəssüflər olsun ki, bu qüvvələrin fəaliyyəti getdikcə daha təhlükəli hal alır və bütövlükdə dövlətimizin milli maraqlarını zərbə altında qoyur. Bu baxımdan, güman edirik ki, ölkə başçısı çox da uzaq olmayan zamanda məlum qruplaşma ilə “hesablaşmaq” məcburiyyətində qalacaq. Çünki, əks halda Azərbaycan dövlətini istər mövcud sosial-iqtisadi böhran vəziyyətindən çıxarmaq, istər də ölkəmizin Qərblə münsaibətlərini normallaşdırmaq mümkün olmaycaq...
Əlbəttə, gənc blogerin 8 nəfər polis əməkdaşı tərəfindən başına torba keçirilərək həbs olunması heç də peşəkarlıq göstəricisi deyil. Bu, əksinə polisin qeyri-peşəkarlığının, silahsız və tamamilə zərərsiz bir vətəndaş qarşısında acizliyini nümayiş etdirir. Lakin, görünür, “yuxarıda” əməliyyat planı məhz bu şəkildə hazırlandığından, polis də onu olduğu kimi icra etmək məcburiyyətində qalıb. Əks halda, 8 nəfər polis əməkdaşının sıradan bir jurnalistin başına torba keçirərək həbs etməsinə nə ehtiyac vardı ki?!
Bütün bunlardan isə belə anlaşılır ki, həqiqətən də Mehman Hüseynovun bir “terrorçu” kimi həbs edilməsi hakimiyyət daxilində hansısa qüvvələrin maraqlarına xidmət edib. Həmin qüvvələrin də Rusiyameylli məmurlar olduğu üzə çıxır.
Mehman kimin haqda verilişlər hazırlayırdı?
Əslində, o fikr də həqiqətdir ki, M.Hüseynovun həbsi prezidentin marağına xidmət etmir. Çünki, biz diqqət etsək görərik ki, indiyə qədər gənc bloger prezident və onun ailəsi haqqında heç bir veriliş hazırlamayıb və hansısa açıqlama verməyib. Bəllidir ki, onun hədəfində daha çox korrupsioner məmurlar və qanunsuz yollarla böyük sərvət əldə edən deputatlar olub. Belə bir vəziyyətdə şübhəsiz ki, ölkə başçısı Mehman Hüseynovun həbsinə razılıq və ya göstəriş verə bilməzdi. Deməli, bütün problemlərin kökü yenə də korrupsiya və talançılıqla böyük pullar toplayan məmurlara və qanunsuz yollarla sərvət sahibi olan deputatlara gedib çıxır.
Maraqlıdır, bu cür qanunsuz həbsin həyata keçirilməsinə göstəriş verən məmurlar, bundan sonra öz çirkin əməllərini gizlədə biləcəklərini zənn edirlər? Onlar Mehman Hüseynovu, eləcə də digər jurnalistləri təzyiqlərlə susdura biləcəklərini düşünürlər? Zənnimizcə, bu, mümkün deyil. Əksinə, yəqin ki, biz yaxın günlərdə M.Hüseynovun timsalında haqsıq yerə təqib və təzyiqlərə məruz qalan gənclərin, blogerlərin, jurnalistlərin və s. insanların korrupsioner məmurların qarşısında geri çəkilməyəcəyinin bir daha şahidi olacağıq...
Muxalifet.az
P.S. Dünən Mehman Hüseynovun “polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirməsinə” görə, Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılması isə, sadəcə, “axradan atılan daş”a bənzəyir. Çünki, bundan sonra blogeri həbs etməyin belə, heç bir faydası olmayacaq...