​Polis rəisi dollar satanların yoxa çıxmasına aydınlıq gətirdi

Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) rayonun üç sakininin itkin düşməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
RPŞ rəisi, polis polkovniki Şamil Seyidli "Report"a açıqlamasında deyib ki, müxtəlif vaxtlarda rayon ərazisində 3 nəfərin yoxa çıxması ilə bağlı polis şöbəsinə məlumat daxil olub: "Əvvəla, itkin düşdüyü güman olunan şəxslər eyni vaxtda yoxa çıxmayıblar. Onlardan biri - 56 yaşlı Fatma Yadulla qızı Məhərrəmova ötən ilin avqust ayında evdən çıxıb, geri qayıtmayıb. İndi bəziləri həmin qadın və onun necə yoxa çıxması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya həmin qadın valyuta dəyişən olub. Əslində belə deyil. Fatma Yadulla qızı Məhərrəmova valyuta dəyişən olmayıb. Bu qondarma məlumatı onun qohumları sonradan əlavə edirlər ki, guya həmin qadın valyuta dəyişən olub. Amma bu, tamamilə yanlış məlumatdır".
Polis rəisi qeyd edib ki, itkin düşənlərdən biri Ruhi-Əsəb Xəstəlikləri Xəstəxanasında qeydiyyatda olub: "Bu ilin may ayında itkin düşən Vüqar Cənnət oğlu Hümmətov Ruhi-Əsəb Xəstəlikləri Xəstəxanasında qeydiyyatda olub. Onun bazarda qeyri-rəsmi valyua dəyişməklə məşğul olduğunu deyirlər".
Ş.Seyidli bildirib ki, oktyabrın 17-də evdən çıxıb geri qayıtmayan Valeh Qanboy oğlu İsmayılovun axtarışları davam edir. Rəisin sözlərinə görə, RPŞ-də əməliyyat-istintaq qrupu yaradılıb və müəyyən məlumatlar artıq məlumdur: "Lakin həmin məlumatlar istintaq sirri olduğu üçün açıqlaya bilmərəm".
Polis rəisi Ağcabədidə insan oğurluğu ilə məşğul olan quldur dəstəsinin olması ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, rayonda adam oğurlayan qulduq dəstəsinin olması haqda deyilənlər uydurmadır: "Bunu nəyə əsaslanıb yazırlar, niyə yazırlar, biz də bilmirik. Bu məlumatlar tamamilə yanlışdır və heç bir əsası olmayan informasiyalardır".
*    *    *16:20
Ağcabədi rayonundakı “Kolxoz bazarı”nda xarici valyutanın alqı-satqısı ilə məşğul olan Valeh İsmayılov və Vüqar Hümbətovun yoxa çıxması rayon sakinləri arasında təşviş yaradıb.
Baş verənlərin silsilə cinayətlər törədən hansısa cinayətkar qrup tərəfindən törədilməsi də istisna olunmur.
Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ərəstun Quliyev virtualaz.org saytına açıqlamasında faktla bağlı cinayət işi açıldığını, araşdırmalar aparıldığını bildirib: “İtkin düşən şəxslərin hər ikisi “Kolxoz bazarı”nda qeyri-qanuni fəaliyyət göstəriblər. Hazırda istintaq gedir”.
Ağcabədi rayonunda “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan rayon sakini, 1956-cı il təvəllüdlü Valeh İsmayılov oktyabrın 17-də səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Valeh İsmayılov evdən çıxanda üzərində 3000 manatadək pul olduğu bildirilir.
Qeyd edək ki, bu Ağcabədi rayonundakı “Kolxoz bazarı”nda ilk hadisə deyil. Belə ki, 2015-ci il, mayın 27-də “Kolxoz bazarı”nda xarici valyutanın alqı-satqısı ilə məşğul olan rayon sakini, 1975-ci il təvəllüdlü Vüqar Hümbətov də itkin düşüb. İndiyə qədər onun barəsində heç bir məlumat yoxdur.
Hadisələrin oxşarlığına gəlincə isə Ə.Quliyev bunun təsadüf olub-olmaması versiyasının araşdırıldığını deyir.
İtkin düşənlərin yaxınları ifadələrində onlar yoxa çıxdıqları gündən əlaqə saxlamaq mümkün olmadığını, telefonlarına zəng çatmadığını göstəriblər. Hazırda hər iki şəxsin axtarışları ilə bağlı əməliyyat tədbirləri aparılır.