Paşinyanın Xankəndi bəyanatı Qarabağ ermənilərində də etiraz doğurdu

Baxış sayı:
11128

Ermənistanın baş naziri ABŞ səfəri öncəsi erməni diasporunu ələ almaq, pul toplamaq üçün bəyanatlarının “doza”sını artırır; Azərbaycan XİN və Dağlıq Qarabağın Azərbaycanlı İcması İrəvana cavab verdi; politoloq: “”Bu mövqe həm də separatçılara vurulan zərbədir..."

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndi şəhərində səsləndirdiyi sərsəm bəyanatın sülh danışıqlarını dalana dirədiyini anlayan və Azərbaycanın hərbi əməliyyatlara hər an qərar verəcəyi barədə məlumatlar ermənilərin özlərində də ciddi narahatlıq yaradıb. Bu səbəbdən Paşinyana etiraz edənlər sırasında ermənilərin özləri də yer almaqdadır. 

Ermənistanın baş naziri Nikol Paşinyan sələfi Serj Sərkisyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır. Bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianların irsinin bərpası üzrə hərəkat”ın bəyanatında bildirilib.

Sənəd Tiflisdə təsis olunan Ümumqafqaz Evi beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub. Report-un xəbərinə görə, bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndidə meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır: “Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”. Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianların irsinin bərpası üzrə hərəkat”ın fəalları imzalayıblar.

Qeyd edək ki, Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan da Paşinyanın bəyanatını müdafiə edib. O deyib ki, “Ermənistanın baş naziri İrəvanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi - red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”. Bununla da İrəvan danışıqların perspektivləri ilə bağlı gözləntilərin üstündən xətt çəkmiş olub.

Reallıq budur ki, N.Paşinyan və onun “qərbyönümlü” komandası müharibə partiyasının liderlərindən - Sərkisyan və Köçəryandan radikal mövqe sərgiləməkdədir. Bu il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin paytaxtlarında - Paris, Moskva və Vaşinqtonda - keçirilən danışıqların və əldə olunan razılaşmaların ardınca Paşinyanın sərgilədiyi mövqe savaşı tətikləməkdən başqa bir şey deyil. 

Azərbaycan XİN İrəvandan səslənən bəyanata cavabında bildirib ki, erməni nazirin Paşinyanın Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər: “Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir. Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, burada N.Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib. Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən ”qırmızı xəttin" aşılması kimi qiymətləndirir".

Hələlik nə ATƏT, nə BMT-dən, nə də həmsədr ölkələrin paytaxtlarından Paşinyanın dediklərinə reaksiya yoxdur. Z.Mnatsakanyan isə sərsəm bəyanatının ardınca utanmazcasına azərbaycanlı həmkarı ilə görüşdən dəm vurub.

N.Paşinyan isə ABŞ-dakı erməni diasporu ilə görüş öncəsi bildirib ki, “Ermənistan ”müdafiə ordusu" hərbçilərinin yaşayış problemlərinin həlli üçün 2,9. mlrd. dram ayıracaq". “Biz ”müdafiə ordusu"nun  yaşayış problemlərini 2023-cü ilədək həll etmək niyyətindəyik". Qeyd edək ki, 2,9 milyard erməni dramı təxminən 10, 2 milyon AZN deməkdir. Sözsüz ki, Paşinyan bununla erməniləri ruhlandırmaq, paralel olaraq ABŞ səfəri öncəsi diasporadan pul dilənmək üçün “əsas” yaratmağa çalışıb. Ancaq istənilən halda bu, quru söz olsa belə, beynəlxalq aləmə meydan oxumaq və Azərbaycanla aparılan danışıqlardan dolayı imtina xarakteri daşıyan mövqedir. Üstəlik, danışıqlarda Elmar Məmmədyarovla qarşı-qarşıya oturan Mnatsakanyanın da birmənalı şəkildə Paşinyanın hədyalarını müdafiə etməsi sülh danışıqlarına yer qoymur.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a Ermənistan XİN rəhbərinin mövqeyindən bəhs edərkən dedi ki, Zöhrab Mnatsakanyan başqa cür danışa da bilməzdi: “Çünki tək o yox, artıq bir neçə məmur məhz Paşinyanın qeyri-konstruktiv və qeyri-adekvat bəyanatlarından bezib. Paşinyanın bir-birinə uyğun gəlməyən bəyanatları bütün siyasi elitanı biabırçı vəziyyətə salıb. Bundan başqa, Mnatsakanyan bu haqda İrəvanda uruqvaylı həmkarı ilə görüş vaxtı deyib. Məlumdur ki, Uruqvay erməni diasporasının güclü olduğu ölkələrdən biridir”.

Lakin A.Nağıyev də təkrarladı ki, Paşinyanın Xankəndidə verdiyi bəyanat ermənilər arasında da birmənalı qarşılanmayıb: “Bu mövqe həm də separatçılara vurulan bir zərbədir. Onlar ”müstəqillik" arzusu ilə yaşadıqları bir vaxtda, “qeyri-legitim” adlandırıldılar və bir qurum olmadıqlarını eşitdilər. Təbii ki, həmin bəyanatlar əgər Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Patruşevin səfəri vaxtı səsələnirsə, bu, heç də təlimatsız məsələyə oxşamır. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olan mühüm bir dövlətdir və bu bəyanatlara, təəssüf ki, ciddi cavab vermir. Məlumdur ki, belə sərsəm bəyanatlara Bakıdan sərt cavab oldu, lakin bu bəyanatlardan sonra ikitərəfli görüşlərin keçirilməsi sual altına düşür".

Politoloq Paşinyanın sentyabr ayının 20-də Los-Ancelesə səfəri və diaspora ilə görüşü haqqında da şərhini bölüşdü:“Fikrimcə, bu ərəfədə belə bəyanatların verilməsi də düşünülmüş siyasi gedişdir. Təəssüf doğuran həm də odur ki, avqust ayının 5-də səslənən bu sərsəm bəyanatların üstündən ATƏT susqunluqla keçir. Təbii ki, bu danışıqlara son demək deyil, lakin artıq konstruktiv addımların atılmasının vaxtı çatıb”.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub ünvanlayıb. Məktubda deyilir: “5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, ”Pan-Ermənistan" oyunlarının açılışına qatılıb. Açılış “mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir"-deyilən məktubda qeyd edilir ki, Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub".

“Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvləri, ATƏT-in Minsk Qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”, - deyə etiraz məktubunda bildirilir.

Qeyd edək ki, bu məktub ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, Minsk Qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ Qölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.

****

Azərbaycanın işğal altındakı torpaqlarına sahiblənmiş ermənilərin 82, 3 faizi isə guya hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Azərbaycan ordusuna qarşı döyüşə yollanmağa hazır olduğunu bildirib. Moderator.az xəbər verir ki, işğalçı ölkənin  “Aravot” nəşrinin yaydığı məlumata görə, bu rəqəm  ermənilərin “EMPİRİCA” tədqiqat və konsaltinq firması tərəfindən Qarabağda keçirilmiş sorğu zamanı meydana çıxıb. Bildirilir ki, guya Qarabağdakı erməni respondentlərin 57 faizi Ermənistandakı dəyişikliklərə və baş nazir Paşinyana rəğbətlə yanaşır.

Beləliklə, erməni ictimai rəyi də savaş istəyir. Ən azı təqdimat belədir. Bununla nümayiş olunur ki, Paşinyan radikal bəyanatlar verərkən həm də xalqının mövqeyini nəzərə alır. Deməli, savaş qaçılmaz ola bilər.../musavat