Papağınızı dik qoyun, adınızı da “kişi” çağırsınlar...

19 oktyabr tarixində Azərbaycan xalqı ölkədəki avtoritar hakimiyyətə bir daha yox deyərək rejimin polis və mülki geyimli qoçu dəstələrinə qarşı əsl dirəniş göstərdi. Otuz ilə yaxındır şərəfli mübarizə yolunu keçən insanlar, xüsusilə də gəns nəsil heç bir təzyiqdən, polis dəyənəyindən və repressiyadan qorxmadıqlarını ortaya qoydular.
Dəyənəklə silahlanmış polis əməkdaşlarının və mülki geyimli qoçu dəstələrinin çoxluğuna baxmayaraq, aksiya iştirakçıları onların sabun köpüyünə bənzər kordonunu bircə həmlə ilə yarıb keçdilər. Hər şey göz qabağında idi. Bir tərəfdə apardığı mübarizənin haqq işi olduğunun qədərincə dərk edən aksiya iştirakçıları, əks tərəfdə isə rəhbərlərlərinin qanunsuz “vur”, əmrini kor-koranə icra etməyə məcbur olan “dəyənək” sahibləri. Bir tərəfdə azadlıq eşqilə vəcdə gələn əliyalın mübarizələr, o biri tərəfdə dəyənəyindən qan daman sizlər durmuşdunuz. Ancaq yazıqlar, yazıqlar olsun ki, siz nə qədər də miskin və aciz görünürdünüz. Bizim başqa bir istəyimiz yox idi ki.? Biz yalnız ölkədə azad, demokratik, firavan, ölkə vətəndaşlarının qayğılarına qulaq asan, onları həll etməyə çalışan bir hakimiyyət qurulmasını istəyirdik. Əcəba, bunun qarşılığı döyülməkmi, qanunsuz həbsə alınmaqmı? Olsun.
Siz uzun illərin təcrübəsindən yaxşı bilirsiniz ki, nə döyülmək, nə hədələrə məruz qalmaq, nə də həbsə alınmaq bizi qorxudan deyil. Nədən ki, biz mübarizə yolunu mərdanəliklə keçmişlərik. Zavallı dəyənikçilər, heç bilirsinizmi zindanda, quruca taxtanın üstündə əlini əzilmiş başının altına qoyub kişi döyüşünün ağrı-acısını yaşamaq nə qədər gözəldir? İnanırıq ki, siz bizi döyməkdən, söyməkdən, həbsə saldırmaqdan belə zövq alırsınız. Çünki, bunların biri dəmdən, digəri qəmdən olan şeylərdir. Qəmin yükü Vətən bütövlüyü qədər, dəmin yükü bioloji ləzzət başa çatana qədər.
Sıramızdan xeyli əzilənlər, xəsarət alanlar oldu. Xeyli aksiya iştirakçıları olan mübariz insanlar zindana dolduruldu. Həbsə atılan insanlar evinə dönə bilmədi. Onsuzda ehtiyac içində qara günü yaşayan insanlara azadlığın xiffətini gətirdiniz. Eyib etməz, papağınızı dik qoyun, adınızı da “kişi” çağırsınlar. Arsızın arınmaqdan nə qorxusu? Çəkilin, “podval” - restoranlara. Xidmətiniz müqaviləndə aldığınız paralarla yeyin, için, şellənin, bir sözlə kefinizi çəkin. Piyli qarnınıza bir qat, fır bağlanmış boynunuza bir zolaqda əlavə olunsun. Ancaq Allah əmanəti olan canımıza vurduğunuz dəyənəklərin, təpiklərin, yumruqların bədəlini nə vaxtsa qanun və ədalət qarşısında ödəyəcəyinizi də unutmayın...
Tural ŞÜKÜROV