Pandemiya dövründə məktəb: Azərbaycanda dərslər hansı formada başlayacaq…

Baxış sayı:
1934

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da tədrisə ciddi zərbə vurdu. Bu ilin fevral-mart aylarından etibarən virusun yayıldığı ölkələrin demək olar ki, hamısı, o cümlədən Azərbaycan ilk karantin tədbirlərindən biri olaraq məktəbləri, uşaq bağçalarını, universitetləri bağladı. Təhsil Nazirliyi sürətlə tədrisi yeni şəraitə uyğunlaşdıra bilmək üçün tədbirlər görməyə başladı-ilk dəfə ölkədə teledərslər praktikası və online tədris tətbiq olundu, “Teledərs”, “Virtual məktəb” layihələri həyata keçirildi.

Lakin etiraf olunmalıdır ki, pandemiya dövründə bütün dünyada, o cümlədən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması həm tədrisin keyfiyyətinə zərbə vurub, həm şagirdləri məktəblərdən, tələbələri universitetlərdən uzaq salmaqla onlara mənəvi baxımdan mənfi təsir göstərib.

Nazirlər Kabineti yanında Operativ Qərargah martın 3-dən etibarən tədris prosesini dayandırmaq barədə qərar verəndə bu tədbirlər müvəqqəti xarakterli hesab olunurdu, çünki pandemiyanın nə zamana qədər davam edəcəyini, virusun isti yay günlərində özünü necə aparacağı heç kimə məlum deyildi. Lakin indi yeni tədris ilinin başlamasına sayılı günlər qalır və koronavirusa yoluxma son bir ayda dəfələrlə azalsa da, hələ də davam etməkdədir. Belə vəziyyətə məktəblərin, uşaq bağçalarının, universitetlərin açılıb-açılmayacağı, tədris prosesi başlayacaqsa bunun hansı formada təşkil olunacağı gündəmin əsas mövzularından biridir. Çünki bu, ölkədə yüz minlərlə şağirdi və valideyinləri narahat edən məsələdir.

 

Vəziyyət sabitləşib, yoluxma azalıb, amma təhlükə qalır

Əlbətdə, Azərbaycan pandemiyanın dağıdıcı təsirlərinə məruz qalan yeganə ölkə deyil və bu vəziyyətdə digər ölkələrin praktikasını izləmək lazım gəlir. Son günlər müşahidə olunan tendensiya budur ki,  yoluxma hallarını lokallaşdırmağa müvəffəq olan ölkələr məktəbləri və uşaq bağçalarını açmağa qərar verir.  Amma məhdud formada, online təhsil praktikasından da istifadə etməklə. Məsələn, Türkiyənin Təhsil Nazirliyi məktəblərin açılmasına qərar verib, amma şagir sıxlığını azalda bilmək üçün parallel olaraq onlayn tədrisin də tətbiq olunacağını açıqlayıb.

Azərbaycanda da koronavirusa yoluxma sayı stabilləşib, ölüm göstəricisi aşağı düşüb. Və beləliklə də  təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaranıb. Lakin təhlükə qalır, COVİD-19 heç yana yox olmayıb və əlverişli fürsət gözləyir. Bu baxımdan tədris prosesinin ənənəvi formada, tam həcmdə bərpasının nə dərəcədə mümkün olacağı sual altındadır. Hazırda Təhsil Nazirliyi və digər müvafiq strukturlar bu məsələ üzərində intensiv müzakirələr aparmaqdadır. O cümlədən ictimaiyyətdən təkliflər irəli sürülməsi üçün müraciət edilib.

 

 

Belə görünür ki,  yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyəti müəyyən şərtlər çərçivəsində bərpa oluna bilər.  Bəzi təkliflərə görə, “yaşıl zona”ya daxil olan regionlarda tədrisin tam formada bərpası mümkündür, “narıncı zona”da isə daha məhdud forma seçilə bilər. İstənilən halda, fəaliyyəti bərpa olunan təhsil müəssisələrində sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət uşaqların sağlamlığının təmin olunması və virusin yayılmasına yol verməmək baxımından mühüm şərtdir.

Orta məktəblərdə dərslərə başlamağın mümkün variantları

Orta ümumtəhsil məktəblərində dərslərin keçirilməsi üçün ərazilərin və məktəblərin xüsusiyyəti nəzərə alınmaqla təhlükəsizlik qaydaları hazırlanmalıdır və onların icrasına ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır. Ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır. Ona görə də, bir çox təhsil mütəxəssisləri təklif  edirlər ki,  tədris ili daha tez başlasın və əvvəlki tədris ilinin təkrarı həyata keçirilsin.

Habelə optimal variantlardan biri kimi orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə, həftədə bir neçə gün dərs keçirilə bilər. Qalan günlərdə isə onlayn tədrisə üstünlük vermək mümkündür.

Bəllidir ki, Bakı məktəblərinin bir çoxunda sıxlıq hökm sürür, ona görə də yoluxma riskini azaltmaq üçün məktəbin üzərinə çox yük düşəcək. Bu zaman xüsusən ibtidai siniflərdə tədrisin fərqli sxemləri tətbiq edilməlidir. Çünki azyaşlı şagirdlərin bir-biri ilə təmaslarını məhdudlaşdırmaq ağlabatan deyil.

Məktəblərin üzərinə düşən yük, valideyinlər üçün seçim imkanı    

Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Burada söhbət yoluxan məktəb işçisinin və ya şagirdin, onlarla təmasda olan şəxslərin təcrid olunmasından gedir. Əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması qaçılmaz olacaq. 

 

  

Digər mümkün variantlardan biri isə valideynlərə övladlarının ənənəvi qaydada və ya onlayn rejimdə təhsil alması üçün seçim imkanlarının yaradılması ola bilərdi. Çünki narahatlıq var ki, yoluxma hallarının yenidən artması halında valideyinlərdən bir çoxu övladlarını məktəbə buraxmayacaq.

Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi də təkliflərdən biridir. Yuxarı siniflərdə ənənəvi tədris daha çox buraxılış  fənləri üzrə keçirilə bilər. Digər dərslər isə onlayn  rejimdə keçirilə bilər.

Bəs uşaq bağçaları?

Uşaq bağçalarının fəaliyyətinə gəldikdə, bəllidir ki, uşaqlar eyni yerdə qidalanır, eyni otaqda yatırlar. Bu da onların yoluxması riskini yüksəldir. Ona görə də bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemoloji vəziyyət nəzərə alınmaqla icazə verilə bilər. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda  bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra,  daha gec icazə verilməsi mümkündür.

Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı təkliflər var. Məktəbəhazırlıq qruplarında tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər.  Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür.

Universiteləri açmaq deyəsən mümkün olmayacaq

Ali təhsil müəssisələrinə gəldikdə, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin yoluxma riski olduqca yüksəkdir. Ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də tibb mütəxəssisləri, epidemoloqların fikrincə  bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur. Sanitar-epidemoloji vəziyyətdən asılı olaraq, ya tədricən ənənəvi təhsilə, ya da ki, yoluxma halları intensivləşəcəyi təqdirdə, distant təhsilə keçid tətbiq edilə bilər.

Təhsil eksperti Elmina Kazımzadə virtualaz.org-a açıqlamasında deyir ki, dərslərin hansı formada keçirilməsindən asılı olmayaraq şagirdlərdə tədrisə maraq yaradılmalıdır: “Tədrisin bərpası mövcud vəziyyətdə balansı saxlamaqla, qarışıq formada olmalıdır. Yəni həm onlayn dərslər keçirilə, həm də məktəbdə dərslərə başlaya bilər. Bu məsələdə xarici modellər var,  onların təcrübəsindən istifadə edilə bilər”,-ekspert deyib.

“Biz bu vəziyyətdə yaşamağa hazır olmalıyıq…”

E.Kazımzadənin sözlərinə görə,  hətta məktəblərdə hansı qoruyucu maskadan istifadə edilməsi məsələsi  belə nəzərə alınmalıdır, xarici ölkələrdə də bu, ciddi müzakirə edilir. “Biz pandemiya ilə yaşamağa hazır olmalıyıq. Başa düşməliyik ki, şərait, tələblər dəyişib. Məktəblərdə dərslər başlasa belə, yeni tələblər hazırlanmalıdır. Ciddi qaydalar işlənilir, bu qaydalar açıqlanandan sonra  məktəb rəhbərliyinə, şagirdlərə təqdim olunmalıdır. Valideynlər də dərslərin bərpası ilə bağlı qərarlara cəlb olunmalıdırlar, məktəblər onların fikirlərini də öyrənilməlidir”.

Ekspert qeyd edir ki, bəşəriyyətin virusa nə zaman tam qalib gələcəyi, yaxud bunun ümumiyyətlə mümkün olub-olmayacağı bəlli olmadığına görə Azərbaycan da digər ölkələr kimi tədris prosesini yeni, mürəkkəb şəraitə adaptasiya etməyə məcburdur.

“Virusa yoluxma tam sıfırlanana qədər gözləmək təhsilimizə dəyən zərbənin təsirlərini daha da ağırlaşdıra bilər, ona görə də ümid edirik ki, Təhsil Nazirliyi, digər aidiyyatı strukturlar hərtəfli təhlillər aparmaqla ən optimal, ən az riskli variantları tapacaq”,-o deyib.

 Digər təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov isə bildirib ki, yeni tədris ili yaxınlaşdıqca dərslərin hansı formada keçiriləcəyi ilə bağlı suallar yaranır.

 

“Ən məqbul variant hybrid formadır…”

“Hər gün yeni informasiyalar daxil olur, proseslərlə bağlı geniş araşdırma gedir. Təhsil Nazirliyi yanında İctimai Şura da dərslərin dayandırıldığı ilk gündən bir çox təkliflərlə çıxış edib, nazirlə onlayn görüşlərimiz olub. Təbii ki, hazırki dönəmdə vəziyyət nəzərə alınmaqla qərarlar qəbul olunacaq. Nazirlik təhsil ekspertləri və bir çox qurumlarla müzakirələr aparıb. Təhsil İnstitutu müvafiq təkliflərini irəli sürüb”,-Orucov deyib.

 Onun sözlərinə görə, tədris prosesi üç variantda başlaya bilər - ənənəvi, distant (onlayn) və qarışıq formatda (ənənəvi - onlayn). Hər üç versiyanın tərəfdarları var: “Onlayn təhsilin bütün tələbələri əhatə etmədiyini başa düşürük. Ənənəvi təhsilin isə hazırki vəziyyətdə tam  bərpası mümkün deyil. Çünki bir çox ölkələr ənənəvi təhsilə başladılar, amma yeni yoluxmalar oldu, risklər ortaya çıxdı. Qarışıq təhsillə bağlı təcrübələr var, bundan istifadə edilməlidir. Amma mənim bildiyimə görə,  istənilən halda tədrid başlayacaq”.  

Ekspert əlavə edib ki, ən məqbul seçim hibrid təlim formatıdır. Hazırda karantin rejiminin ləğv olunduğu ərazilər üçün aktual olan hibrid, qarışıq təhsil forması gündəmdədir.  

Ü.Xudiyeva