​Məmur balasının 2,5 milyonluq saatı… - Və aylıq 200 manatla yaşamağa məhkum edilən Azərbaycan xalqı

Baxış sayı:
14491

İspaniyanın məşhur turizm bölgəsi olan İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 2,5 milyon manatlıq saatının oğurlanması gündəmin əsas xəbərlərindədir. İngilis mediasının məlumatına görə, adada yaxın dostu ilə gəzintiyə çıxan gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 1 milyon funt-sterlinq dəyəri olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Hadisədən sonra azərbaycanlı gənc polisə müraciət edib. Təbii ki, bu informasiyanın dünya mediasının diqqətini cəlb etmsi heç də 2,5 milyonluq oğurluq faktı ilə bağlı deyil. Burada əsas məsələ 22 yaşlı azərbaycanlının belə bahalı saat taxması faktıdır. Hansı ki, oğurlanan “Richard Mille” saat markasına aid “50-03 McLaren F1” modeli dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır. Qeyd edim ki, İngilis mediası İspaniyanın İbiza adasında soyğuna məruz qalan azərbaycanlının kimliyi haqda heç bir açıqlama verməsə də, həmin informasiyadan az sonra bu gəncin kimliyi ortaya çıxdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu haqda özünün Facebook səhifəsində yazıb: “Bu 22 yaşlı azərbaycanlı kimdir? Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladlarına 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir? Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. 22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir”. C.Həsənli yazır ki, Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmilyonlu şirkətlər açıb. Londonda “Camellia House”-də 5 milyonluq mənzil sahibidir: “İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var”. Doğrudur, Saleh Məmmədovun rəhbərlik etdiyi Avtomobil Yolları Dövlət Agentliyindən bu informasiyanın həqiqəti əks etdirmədiyi bildirilib: “Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”. Amma Agentliyin bu açıqlaması çoxları üçün inandırıcı deyil. Ən azı ona görə ki, Azərbaycanda məmur övladlarının milyonluq saat taxması heç də qeyri-adi hadisə deyil. Bu gün təkcə ölkənin yüksək çinli oliqarx-məmurlarının deyil, Saleh Məmmədov kimi “ortabab” imkan sahibi olan vəzifəli şəxslərin övladlarının adına ölkədə və xaricdə dəyəri on milyonlarla dollar olan villaların, ticarət obyektlərinin, avtomobillərin olduğu kimsəyə sirr deyil. Çox güman ki, İngilis mediasının marağını cəlb edən də məhz bu amil olub. Yəni hər zaman İngilitərə mediasında ofşordakı milyonları ilə diqqət mərkəzinə gələn Azərbaycan məmurları və onların gül balaları bu dəfə 2,5 milyon dəyəri olan saatla jurnalistlərin maraq dairəsinə düşüb. Əslində isə, bu bizim üçün sıradan bir xəbərdir. Sadəcə, görünür, İngiltərə məmurlarına və onların övladlarına belə bahalı saat taxmaq xoşbıxtliyi qismət olmadığından, ölkə mediası bu xəbəri manşetə daşıyıb. Halbuki, bizim ölkəmizdə könlünə ayı əti düşən məmur balası öz nəfsini öldürmək üçün 1 milyon dollar xərcləməkdən çəkinmirsə, S.Məmmədovun oğlunun hansısas bahalı model saat taxması elə də qeyri-adi olay sayıla bilməz. Əlbəttə, bu faktın başqa düşündürücü tərəfi də var. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda maddi imkanlarına görə “ortabab” məmurlardan biri olan Saleh Məmmədovun oğlu 2,5 milyon manatlıq saat taxırsa, görəsən, daha imkanlı məmurların övladları neçə milyonluq saatdan istifadə edir? Bu sualı təsadüfən vermədim. Axı, heç bir halda düşünmək olmaz ki, məsələn, “Fövqəlnazir” Kəmaləddin Heydərovun, yaxud Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Avtomobil Yolları Dövlət Agentliyi rəhbərinin gül balasının taxdığı “ucuz” saat markasından istifadə etsinlər. Çünki hər kəs öz yerini və öz çəkisini bilməlidir… Son olaraq bir məsələni də qeyd etmək istərdik. Sözsüz ki, məmur övladlarının hansı marka saat taxması, onun dəyərinin nə qədər olması bizi o qədər də maraqlandırmır. Sadəcə, onlardan bir ricamız olacaq ki, elə bahalı saatı və digər əşyalarını gedib ispana, ingilisə oğurlatmasınlar. Bir halda ki, bu saatlar Azərbaycan xalqından oğurlanan pullar hesabına alınıb, onun xeyrini niyə ispan, ingilis görməlidir? Yaxşı olmaz ki, “xeyir vətənə qalsın”?! Axı təkcə Saleh Məmmədovun övladının oğurlatdığı saatın pulu ilə ölkəmizdə 12 500 nəfərə maaş vermək olardı. Heyif deyil, bu pulları çölə atırsınız?! Günay ƏSƏDOVA, Muxalifet.az