BMT Kaşıkçı cinayəti ilə bağlı hesabat verdi: vəliəhd şahzadə bin Salmana qarşı sanksiya tətbiq edilməli, Türkiyədən üzr istənməlidir

Baxış sayı:
9457

BMT-nin mühakiməsiz və özbaşına edam məsələləri üzrə xüsusi hesabatçısı Aqnes Kallamardın səudiyyəli jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı hazırladığı hesabatda deyilir: “Kaşıkçı beynəlxalq hüquqa görə, Səudiyyə Ərəbistanın məsuliyyət daşıdığı, qəsdən və planlı şəkildə həyata keçirilən mühakiməsiz edamın qurbanı olub”.

BMT İnsan Hüquqları Ali Komissarlığı tərəfindən (OHCHR) bu gün açıqlanan 101 səhifəlik hesabatda deyilir: “BMT-nin baş katibi (Antonio Quterres), Kaşıkçının öldürülməsi ilə bağlı kriminal istintaqı başlatmalıdır”.

Hesabatda Səudiyyə Ərəbistan iqtidarının Camal Kaşıkçının ailəsindən ictimai şəkildə üzr istəməli və ailə üzvlətinə təzminat ödəməli olduğu bildirilir.

Hesabatda Səudiyyə Ərəbistanının başqa dövlətin ərazisində zor tətbiq eləməmək qanununu pozduğu və diplomatik üstünlüklərdən sui-istifadə elədiyi üçün Türkiyə dövlətindən, həmçinin, Kaşıkçının ərazisində yaşadığı ABŞ-dan üzr istəməsi tələb edilir.

Hesabatda, həmçinin, ABŞ-ın Federal Təhqiqat Bürosunun da Kaşıkçı cinayəti ilə bağlı araşdırma aparması üçün çağırış edilib.

Hesabatda BMT üzvü olan ölkələrin Kaşıkçının öldürülməsində əli olduğu iddia edilən şəxslərə, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sanksiya tətbiq edilməli olduğu bildirilir: “Kaşıkçının öldürülməsi ilə bağlı sanksiyalar vəliəhd şahzadə və onun xaricdəki varidatına da şamil edilməlidir”.