​"Arsenal" Azərbaycana ədalətsiz davrandı - Deputat

Baxış sayı:
6853

Rusların gözəl bir misalı var. Deyir, pis rəqqasa hər şey mane olur. “Arsenal”ın oyunçuları və məşqçi heyəti də uduzacaqlarını bilirdilər. Ona görə də bəhanə edirdilər ki, guya yol uzaqdır, müvafiq şərait yoxdur və sair. Açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, bu bəhanələr heç nəyi dəyişmirdi: “Çelsi” də İngiltərə klubudur, “Arsenal” da. Demək istəyirəm ki, hər ikisi eyni məsafə qət edərək Bakıya gəlirdi. “Çelsi” Azərbaycana yaxın bir ölkənin klubu olsaydı, deyərdin ki, bu klub yaxın məsafədən, “Arsenal” isə uzaqdan gəlir. Yəni, bunlar çox uzaq məsafə uçurlar, yorulurlar. Digər klub isə deyək ki, bir saat uçur. Halbuki hər ikisi İngiltərə klubudur”. Qüdrət Həsənquliyev bildirib ki, “Arsenal” klubu və onun heyəti Azərbaycana qarşı çox ədalətsiz və vicdansız davrandı: “Hesab edirəm ki, bu ədalətsizliyin və vicdansızlığın cavabını da İngiltərənin başqa bir klubu verdi. Yəni, elə özləri bunun cavabını verdilər və o cür biabırçı məğlubiyyətə uğradılar. Burada bir ilahi haqq-ədalət də var. Bu baxımdan hesab edirəm ki, gərək idman siyasətə qatılmasın. İdmançılar erməni lobbisinin, ayrı-ayrı siyasi dairələrin əlində oyuncağa çevrilməsinlər. Onlardan bu cür biabırçı formada istifadə olunmasına imkan verməsinlər. Bundan əlavə provokasiya ilə məşğul olmasınlar. Biz dəfələrlə demişdik ki, “Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycana gələ bilər. Amma Bakı küçələrində arxasına “Mxitaryan” sözü yazılmış köynəklər geyinib gəzmək əslində təxribat idi. İstəyirdilər ki, hansısa azərbaycanlı gənc bunların başına qapaz vursun, sonra da desinlər ki, bizi orada döydülər və sair. Şükür Allaha ki, hər şey yüksək səviyyədə keçdi. Mən təşkilatçılara da öz təşəkkürümü bildirirəm və hesab edirəm ki, Azərbaycanın tanıdılması baxımından bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi çox vacibdir. UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi də növbəti uğurlu beynəlxalq idman tədbirlərindən biri idi”