SOSİAL MEDİADAN QORXAN MƏMURLAR: “O cür görüşlər türməni xatırladır”

Baxış sayı:
6157

Azərbaycanda əksər nazirlərin sosial şəbəkədə aktivliyi gözə çarpmır. Düzdür, son zamanlar canlı yayımlara çıxan, sosial media vasitəsilə vətəndaşlarla ünsiyyətdə olan nazirlər, komitə sədrləri və digər qurum rəsmilərini görürük. Buna baxmayaraq virtual fəaliyyəti boş çoxluqdan ibarət olan rəsmilər də mövcuddur.
Öncə qeyd etməliyik ki, “Yeni Sabah” nazirlərin və komitə sədrlərinin “Facebook”, o cümlədən “Twitter”dəki hesablarını araşdırıb. Nəticəni təqdim edirik:
Daxili İşlər naziri Ramil Usubov , Ekologiya naziri Muxtar Babayev, Energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev , Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ( sosial şəbəkələrdə adına hesablar açılıb), Gənclər və idman naziri Azad Rəhimov, Xarici İşlər naziri Elmar Məmmədyarov  (sosial şəbəkələrdə adına hesablar açılıb), İqtisadiyyat naziri Şahin Mustafayev, Maliyyə naziri Samir Şərifov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Müdafiə naziri Zakir Həsənov, Səhiyyə naziri Oqtay Şirəliyevin (“Twitter”də adına hesab açılıb) hər iki sosial şəbəkədə hesabları yoxdur.
Qeyd etdiklərimizdən fərqli olaraq Kənd təsərrüfatı naziri İnam Kərimovun (“Facebook”da sonuncu paylaşımı mayın 16-sındadır) Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin (“Facebook”da sonuncu paylaşımı dünən olub), Təhsil naziri Ceyhun Bayramovun (Sonuncu paylaşımı dünən olub), Vergilər naziri Mikayıl Cabbarovun ( Sonuncu paylaşımı mayın 27-si) sosial şəbəkələrdə hesabları mövcuddur və müəyyən qədər də olsa aktivliyi müşahidə olunur.
Komitə sədrlərindən yalnız Fuad Muradov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri), Vüsal Hüseynovun (Dövlət Miqrasiya Xidmətinin sədri) və Mübariz Qurbanlının (Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri) aktivliyini görə bilirik. Yerdə qalan komitə sədrləri isə görünür, sosial şəbəkəyə əhəmiyyət vermirlər.
Mövzu ilə bağlı Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz saytımıza danışarkən qeyd edib ki, nazirlərimizin böyük əksəriyyəti buna önəm vermirlər:
“Bu isə çox mənfi tendensiyadır. Son dövrlərdə biz bir neçə nazirlərin, mərkəzi icra orqanları rəhbərlərinin canlı yayımlara çıxdıqlarını, vətəndaşlarla  müzakirə apardıqlarını müşahidə etdik. Bu da çox yaxşı qarşılanıb. Amma əksəriyyət köhnə tendensiyanı davam etdirirlər. Yəni mənasız görüşlər baş tutur. Məsələn, yalandan açıqlama verirlər ki, filan nazir filan yerdə vətəndaşları qəbul edəcək. Baxırsız ki, bəsit görüş, 3-4 nəfər yığılıb, icra hakimiyyəti buna qabaqcadan hazırlaşır. Orda qoyunlar kəsilir, qarşılamağa hazırlaşırlar, adamları yığırlar, vətəndaş da qalır kənarda. 
Təsəvvür edin, bir rayonda görüş təyin ediblər, ondan 150 kilometr aralıda olan rayonun vətəndaşı ora gəlməlidir. Hansı ki, onun Bakıya gəlməyi daha ucuzdur, nəinki, o rayona getməyi. Yəni əhəmiyyətsiz, mənasız, heç bir faydası olmayan, hökumət, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, eyni zamanda vətəndaş üçün də faydasız tədbirlər.
Böyük bir işlə məşğul olası təbəqənin isə işi-gücü tökülüb qalıb. Amma fayda da yoxdur. İldə-ayda bir dəfə belə görüşlər təşkil etmək olar. Ancaq hesab edirəm ki, bununla bağlı prezidentin fərmanına dəyişiklik edilməsinə ehtiyac var. Prezidentin fərmanında artıq məcburi şəkildə sosial media üzərində görüşlərin keçirilməsi öz əksini tapsa, daha yaxşı olar. Eyni zamanda oflayn formada ildə bir-iki dəfə. Yəni oflayn görüşlərin məcburi olmasına ehtiyac yoxdur, nazir istəsə bunu edə bilər. Amma sosial media üzərindən görüşlər həm məcburi olmalıdır, həm də ildə bir neçə dəfə qabaqcadan elan etməklə vətəndaşlarla bağlantı yaradılmalıdır. 
Nazirliklərin ictimaiyyətlə əlaqələr qurumları var, onlar hazırlıq görə bilərlər. İndiki görüşlər sadəcə formal xarakter daşıyır. Şəkillərdən baxanda belə görünür. Sanki məhbus valideyni ilə görüşə gəlib. O cür görüşlər türməni xatırladır”.
O.Gündüz qeyd edib ki, sosial mediada çox prosesləri izləsə də, məqsədyönlü şəkildə izlədiyi nazir yoxdur:
“Nazir öz sahəsi üzrə vətəndaşlara xidmət göstərməlidir. Nazir necə xidmət edir? Kabinetində oturur, rayona qəbula gedəndə də eynilə… Çıxsın bir canlı yayıma. Azərbaycanda iki milyona yaxın adam sosial mediadadır. Xalq ordadır. Prezident də xalqa xidmət etməyi tapşırıb. Bunun üçün nazir sosial mediaya gəlməlidir axı. Otaqda üç adamı qəbul etməklə xalqa xidmət etmək olmur”.
Sonda önəmli bir məsələni də qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva aktiv sosial şəbəkə istifadəçiləridir.