Şahmat taxtasında son gediş: Ermənistan ABŞ-Avropa İttifaqı qarşıdurmasından yararlana bilərmi? – ANALİZ

Baxış sayı:
5836
ABŞ və Avropa İttifaqı arasında fikir ayrılığının yaranmasının əsas səbəblərindən biri İranla münasibətlərin fərqli istiqamətlərdə inkişafı oldu. 2016-cı ildə hələ özünün seçkiqabağı kampaniyası dövründə ABŞ-ın hazırkı prezidenti Donald Tramp daim ölkəsinin İranla sövdələşmədə iştirakı barədə mənfi rəy bildirirdi. Tramp iddia edirdi ki, İran sövdələşmənin özünə aid hissəsini yerinə yetirmir və bu, ABŞ tarixində ən pis sövdələşmələrdən biridir. 2018-ci ilin may ayında Prezident Trampın qərarı ilə ABŞ 2015-ci ildə İranla 6+1 formatında imzalanan nüvə razılaşmasından çıxdığını elan etdi, bir neçə ay sonra isə İrana qarşı iqtisadi sanksiyaları bərpa etdi. Diqqət etsək, İranla müqaviləni imzalayan ölkələrin hamısı, Almaniyadan başqa, BMT TŞ-nin üzvləridir.

 

Tramp bunu İran tərəfindən razılaşmanın tələblərinin yerinə yetirilməməsi ilə əsaslandırdı. Onun iddialarına görə, İran tərəfi razılaşmanın tələblərini pozaraq zənginləşdirilmiş uran anbarlarını məhv etməyib. Təbii ki, Tramp məlumatların mənbəyini açıqlamırdı.

Lakin İrana səfər edən beynəlxalq ekspertlər və müqaviləyə üzv Avropa ölkələrin nümayəndələri nəinki bu qiymətləndirmənin əleyhinə çıxaraq İrana qarşı sanksiyaların tətbiq edilməməsinə, hətta razılaşmanın qorunmasına və İranla ticarət münasibətlərinin inkişaf etdirilməsinə çalışdılar.


Çox nadir hallarda rast gəlinən Böyük Britaniya-ABŞ, Avropa İttifaqı-ABŞ fikir müxtəlifliyi məhz İran məsələsində təzahür etdi. Adətən indiyə qədər bu ölkələr ABŞ-ın iqtisadi təzyiqləri ilə üzləşməmək üçün belə qarşıdurma metodlarına üstünlük vermir, hardasa ortaq məxrəci tapmağa çalışırdılar. 

2018-ci ilin oktyabrında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton regiona səfəri çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstana və Rusiyaya səfər etdi. 

Boltonun Azərbaycanla ABŞ-ın, o cümlədən bütün dünyanın maraq dairəsində olan enerji layihələri və Dağlıq Qarabağ, Gürcüstanla NATO-ya üzvlük və bazaların yerləşdirilməsi perspektivi, Ermənistanla İran ilə əlaqələrinin məhdudlaşdırılması, Rusiya ilə yaxın və orta mənzilli raketlərin yerləşdirilməsi müqaviləsindən çıxması kimi məsələləri müzakirə etdiyi ehtimal edilirdi. Səfərin bəzi pərdəarxası məqamlarına sonra toxunacağıq. Əvvəlcə aysberqin görünən tərəfləri barədə danışaq. 

Boltonun regiona səfərinin görünən tərəfləri

Boltonun Tiflisdə və Bakıda verdiyi bəyanatlar Cənubi Qafqaza səfər edən ABŞ dövlət xadimindən gözlənilən kontekstə nisbətən uyğun idi. İrəvanda Boltonun erməni tərəfini qıcıqlandıracaq bir tərzdə verdiyi açıqlamalar, diplomatik formata uyğun olmayan bəyanatlar hesab edilə bilər. ABŞ İrana qarşı sərt sanksiyalar tətbiq etdiyi dönəmdə belə Ermənistan-İran münasibətlərinə barmaqarası baxırdı. Lakin bu səfər ABŞ-ın mövqeyində dəyişiklik olduğunu göstərdi. 


Bolton səfər zamanı "Azadlıq" radiosunun Ermənistan xidmətinə belə bir açıqlama verdi: "Biz İrana təzyiq göstərəcəyik, çünki biz onun Yaxın Şərqdə və ümumilikdə bütün dünyada davranışlarının zərərli olduğunu düşünürük və bu dəyişiklik tələb edir". Bu aşkar şəkildə Ermənistana İranla münasibətlərinin çərçivəsini göstərmək idi.

Bolton bununla da kifayətlənməyib, həmçinin Ermənistanın Suriya ərazilərini minalardan təmizlənməsində Rusiyaya kömək etmək məqsədilə kiçik bir heyəti döyüş bölgəsinə göndərmək qərarını da sərt tənqid etdi: "Suriyadakı münaqişəyə hərbi mənada kiminsə müdaxilə etməsi cəhdləri yanlışdır. Yeddi və ya səkkiz ölkə artıq münaqişədə iştirak edir. Onlardan hər hansı biri ilə əlaqə qurmaq hər hansı bir ölkə üçün səhv olardı".

Səfər öncəsi Bolton ABŞ-ın Ermənistanda səlahiyyətləri başa çatmaqda olan səfiri Riçard Mills ilə görüşdü və səfir ona Qarabağ münaqişəsini həlli etmək üçün ermənilərin Azərbaycana güzəştə getməyə hazır olmadıqlarını bildirdi. 

"Həqiqətdir ki, istənilən qərar işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək", - deyə Mils EVN Report-a müsahibəsində bildirdi. 

Bolton və Milsin bu bəyanatları Qərbə doğru gedən İrəvanda dəstək qazanmadı. Lakin İrəvan həm Qarabağ, həm də İran məsələsi ilə bağlı rəsmi olaraq öz iradlarını da səsləndirməyə cürət etmədi.

Boltonun regiona səfərinin görünməyən tərəfləri


Səfər çərçivəsində Boltonun Paşinyanla İranın Ermənistanla sərhəddində HHM sistemlərinin yerləşdirilməsi sxemini də müzakirə etdiyi ehtimal edilir. Xatırladım ki, İranın ən zəif HHM sistemlərinin Ermənistanla sərhəddə yerləşdirməsi faktı nə Ağ Evin, nə Pentaqonun nəzərdən qaçıra biləcəyi bir məsələ deyil. Nəzərə alsaq ki, ABŞ üçün İran məsələsi bu gün ən prioritet mövzudur, deməli Boltonun Ermənistana səfərinin əsas məqsədi həm İranın zəif nöqtələrini Paşinyanla birgə müzakirə etməkdən, həm də onu Suriya məsələsindən çəkindirməkdən ibarət olub. Ermənistan İranla sərhəddi olan yeganə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, buna görə də İrəvan bu mövzuda həm Rusiya ilə, həm də ABŞ-la ikibaşlı “oynamaqda” şübhəli görünür.

Bolton Ermənistan hakimiyyətini aşkar şəkildə Azərbaycanla münasibətləri normallaşdırmağa çağırıb. ABŞ-ın son illərdə İrəvana bu qədər təzyiq göstərməsi faktını yəqin ki, heç kim xatırlamır. Bunun səbəbini çatdırmaq üçün hadisələrin daha geniş kontekstdə analizi vacibdir.

Ermənistanın İrandan intiqam almaq cəhdi

2018-ci ilin martın 30-da İran prezidenti Həsən Ruhaninin Azərbaycana iki günlük səfərinin yekununda səkkiz dövlətlərarası sazişin imzalaması, dəmiryolu xəttinin və müştərək avtomobil müəssisəsinin açılması, İranla Rusiyanı Azərbaycan ərazisi vasitəsilə birləşdirən “Şimal-Cənub” inkişaf dəhlizinin razılaşdırılması, ardınca bu ilin yanvarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Azərbaycana səfəri zamanı Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yüksək səviyyəli bəyanatları erməni tərəfini ciddi narahat etdi. Ümumiyyətlə, İran və rusiyalı rəsmilərin Bakı səfərləri Ermənistanda daim ciddi qısqanclıq və hətta qorxu ilə müşahidə edilir, lakin Baqerinin bu səfəri ermənilərin vəziyyətində həqiqətən də narahatlıq üçün ciddi bir səbəb yaradırdı. 


Çünki Bakıda keçirilən bütün görüşlərdə Baqeri rəsmən İranın Qarabağ torpaqlarının Azərbaycana aid olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını, qaçqın və məcburi köçkünlərin probleminin həll edilməsini və onların doğma evlərinə qayıtmasını arzu etdiyini bildirdi. 

Bundan əvvəl isə Ruhaninin Bakıya səfəri çərçivəsində 500 milyon ABŞ dolları dəyərində Astara-Rəşt dəmiryolu xətti layihəsi, ilk müştərək Azərbaycan-İran avtomobil zavodunun açılışı və Baqerinin son bəyanatları, Ermənistanın İrana qarşı bəzi gizli addımlar ata biləcəyini ehtimal etməyə imkan verirdi. Bu addımların mahiyyəti sonradan məlum oldu.

Həmişə olduğu kimi, indi də Ermənistan Tehranla münasibətdə həm nüvə razılaşmasından çıxan ABŞ-ı, həm nüvə razılaşmasını qorumağa çalışan Avropanı, həm Rusiyanı, həm də İranı razı sala biləcək “dördbaşlı” oyun oynamağa məcburdur. Adı çəkilənlərin hər biri ilə münasibətlərin pozulması, İrəvan inqilabının süqutu ola bilər. Bu daha çox “bir atın 4 süvarisi” olduğunu xatırladır. Təfərrüatlara qayıdacağıq.

MOSSAD-ın erməni fizik xəfiyyəsi 

ABŞ ilə İranın 2016-2017-ci illərdə nisbətən yaxınlaşması, sanksiyaların götürülməsi İrəvanın maraqlarına cavab vermirdi. İran-ABŞ əlaqələrinin gərginləşməsi üçün İrəvan müəyyən addımlar atmağı düşünürdü. Lakin birbaşa atılan addımlar faydasız ola bilərdi, buna görə də ən azından 3-cü və ya 4-cü tərəfə ehtiyac yaranırdı. Sonunda İrəvanın secimi MOSSAD və İsrail üzərində dayandı.


Adı açıqlanmayan mənbə, nüvə razılaşması əldə olunduqdan sonra İranın məxfi sənədlərinin Şorabad qapalı kompleksinə daşıması barədə məlumatları, əvvəllər Metsamor atom stansiyasında çalışan, hazırda isə İsrail kəşfiyyatının İranda fars adı və soyadı ilə fəaliyyət göstərən xəfiyyəsi olan erməni fizik tərəfindən MOSSAD-a ötürüldüyünü iddia edir. Erməni fizikin yəhidilərlə əlaqəsinin yaradılmasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin iştirakı istisna edilmir.

Bir az əvvəldən hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, ABŞ İrana qarşı sanksiyaları 2016-ci ilin yanvarında ləğv edib. Nəticədə Tehranın əli-qolu açıldı, Azərbaycan və digər ölkələrlə əməkdaşlığı inkişaf etdirdi, Ermənistanın isə İran üçün əhəmiyəti azalmağa başladı. Digər tərəfdən İran bütün iqtisadi və infrastruktur layihələrində Bakı ilə birgə əməkdaşlığa üstünlük verdi. Öz əhəmiyyətini ən qısa yolla bərpa etmək istəyən İrəvan Tehranın nüvə proqramını dondurmasını təkzib edən, bəlkə də həqiqətləri əks etdirməyən məlumatları İranın ən qatı rəqiblərindən olan İsrailin MOSSAD təşkilatına ötürməklə ABŞ-ı məlumatlandırdı. Reaksiya özünü çox gözlətmədi və ABŞ sanksiyaları bərpa etdiyi tarixi açıqladı. 

İstənilən vəziyyətdən yararlanmaq taktikası

Keçən ilin sentyabrında Böyük Britaniya, Almaniya və Fransa yeni təşəbbüslə çıxış edərək sanksiyalara məruz qalmamaq şərti ilə İrana vəsait köçürülməsi üçün yeni bir proqram hazırladılar. Proqram nüvə razılaşmasını qorumaq məqsədilə, ABŞ sanksiyalarına baxmayaraq üzv ölkələri təmsil edən şirkətlərin İranla ticarət əlaqələrinin inkişafına (Lakin bu addımların iqtisadi əhəmiyyətindən daha çox simvolik siyasi əhəmiyyəti olacağını düşünənlər də mövcuddur) şərait yaratmalı idi. 


Avropanın bu qərarı ciddi maliyyə problemləri olan Ermənistanın iştahasını qabartdı. İstənilən baş verən hadisəni öz xeyrinə dəyişmək istəyən İrəvan üçün “üçbaşlı oyun” taktikası avtomatik rejimdə formalaşdı: Ermənistan geosiyasi mövqeyinə görə İranla həmsərhəd və dostluq münasibətlərinə malik olduğunu, digər tərəfdən Rusiyadan tam “boşanmadığını”, həmçinin Avropa İttifaqı ilə dərinləşməkdə olan iqtisadi-siyasi əməkdaşlığını nəzərə alaraq İran-Avropa və bəlkə də İran-Rusiya arasında körpü rolunu icra edəcəyini xəyalında canlandırdı. 

Ermənistan və Aİ arasında ikitərəfli görüşlər və diplomatik təmaslar intensivləşdi. İrəvandan Aİ-yə infrastruktur layihələrinə maliyyə dəstəyi göstərilməsi üçün tələsik sifarişlər göndərildi. Artıq bir çox erməni ekspertlər “xüsusi məqsədli mexanizmə” malik erməni layihəsinin Avropa banklarının İranla maliyyə əməliyyatlarını məhz Ermənistan vasitəsilə həyata keçirməsinə, İranın isə bunun hesabına Avropa İttifaqı ilə münasibətlərdə iqtisadi faydalar əldə edəcəyini və İranın bütün məsələlərdə məcburən Ermənistanı dəstəkləyəcəyini bəyan etdilər. Dolayısı ilə Ermənistanın həm Aİ-dən vəsait əldə etməyə, həm də İranı özündən asılı vəziyyətə salmağa çalışdığı məlum oldu. 

Bəzi erməni siyasətçilər isə bir az da qabağa gedərək Azərbaycanla münasibətləri normal olan iranlı nazir və generalların təzyiq altında vəzifədən uzaqlaşdırılacağı ilə bağlı pərdəarxası müzakirələrə başladılar. 

Bu təklif Avropanı tam qane etdiyinə görə, qısa müddətdə Ermənistanın infrastruktur layihələrinə milyonlarla vəsait ayırıldı. Bununla qoca qitə həm Ermənistanı Rusiya təsirindən çıxarır, həm də İrana qarşı ABŞ sanksiyalarını zərərsizləşdirəcəyini düşünürdü. Lakin ABŞ bu planların bir qismindən xəbərdar olduqda dərhal Boltonun bölgəyə səfəri başladı. Səfər çərçivəsində Bolton tərəfindən Paşinyanın danlanmasının da əsas səbəbi “dördbaşlı” erməni oyunun üstünün açılmasında idi. 

Bolton İrəvanı tərk etdikdən bir həftə sonra Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yoxannes Hann, ruhdan düşən İrəvanı dəstəkləmək üçün Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüş keçirərək guya erməni iqtisadiyyatının prioritet sahələrini, həyata keçirilən birgə layihələri müzakirə etdi. Əslində isə görüşdə İrana axıdılacaq Avropa maliyyə vəsaitlərinin mümkün variantlarının müzakirə olunduğu ehtimal edilir.


Təbii ki, bu kompleks tədbirlər, əslində isə “dördbaşlı oyunlar” ABŞ və Rusiyanın diqqətindən kənarda qala bilməzdi. İndiki vəziyyətdə Rusiya Ermənistanı əlində saxlamaq (cilovlamaq) üçün real mexanizmlər tətbiq edə bilmir, buna görə də bu məsələlərdə qismən gözləmə mövqeyi tutur. Çünki Moskva bir tərəfdən İranın iqtisadi cəhətdən blokadada qalmasını istəmir, sonda bunun qarşılığının dolayı yolla Kreml tərəfindən ödəniləcəyini yaxşı anlayır, digər tərəfdən isə “sürüşkən” İrəvanın Avropa ilə bu qədər yaxınlaşmasına razı ola bilmir. 

ABŞ isə İranı dəstəkləyəcək bu manevrlərin istənilən versiyada tətbiqi barədə eşitmək belə istəmir. ABŞ-ın dünyada ən böyük səfirliyinin İrəvanda olması, İsrailin İranla bağlı hadisələri diqqətlə izləməsi, Ermənistanın bu coğrafiyada mümkün olan hər ölkəni özündən asılı vəziyyətə salmaq ideyasının üstünün açılmasına və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfər etməsi ilə nəticələndi. Bolton tərəfindən İrəvanda verilən bəyanatların ultimatum xarakteri daşıması da məhz növbəti erməni hiyləgərliyinin ifşa edildiyinin göstəricisi oldu. Məqalənin əvvəlində dediyim “pərdəarxası məqamlar” məhz bundan ibarət idi.

Ermənistanın digər niyyətləri

Ermənistan hakimiyyəti İran-Avropa dəhlizini ehtimal edilən döyüş əməliyyatları zonasına yaxın ərazilərdən keçirməklə, Azərbaycanın müharibəni bərpa etmək şanslarını azaltmaq məqsədi güdür.

Ötən ay ərzində mətbuatda yayılan Gürcüstan-Abxaziya yolunun açılması xəbərini də bir çoxları az qala İrəvanın İran və Rusiya arasında həm dəmiryol, həm də avtomobil yolu vasitəsilə əlaqə yaratmasına verdiyi töhfə kimi qiymətləndirdilər. Lakin bu məlumatların yayılmasından bir neçə gün sonra Gürcüstanın Xarici İşlər Nazirliyi bütün bu şayiələri təkzib edərək İran-Ermənistan-Rusiya dəhlizinin yaradılması barədə İrəvanın planlarını məhv etdi. Ermənistanın təbliğat-təşviqat aparatı tərəfindən yayılan bu şayiələrin əsas məqsədi Azərbaycan-Gürcüstan münasibətlərini zədələməkdən ibarət idi.


Digər tərəfdən isə Gürcüstan rəsmiləri Ermənistan ilə Abxaziya arasında nəqliyyat dəhlizinin mövcud olduğu müddətdə ermənilərdən ibarət Baqramyan taborunun Suxumuyə daşınmasını və orada dinc gürcü əhaliyə qarşı törətdikləri vəhşilikləri bu qədər qısa müddətdə unuda bilməzdilər. Hazırda həmin taborun silahlıları artıq özlərini Abxaziyada ev sahibi kimi hiss edirlər. Bunu son zamanlarda özlərini "Rusiyanın Cavakx diasporası" adlandıran, lakin Gürcüstandan olan ermənilərin Samtsxe-Cavakxetiya bölgəsini və Abxaziyanı növbəti hədəf olaraq seçməsi də təsdiqləyir. 

Bu əraizilərdə üsyanı alovlandırmaq hələlik mümkün olmayıb, lakin buna hərtərəfli və ciddi hazırlıq gedir. Erməni seperatçıları Samtsxe-Cavaxetiyanı yaxın 2-3 il ərzində Gürcüstandan qoparmaq üçün hazır fəaliyyət planına malikdir və artıq planın ilkin mərhələsi həyata keçirilir. Abxaziya isə qeyri-rəsmi olaraq erməni seperatçıların birbaşa nəzarətindədir. 

Ermənistan İran körfəzindən Qara dənizə körpü ola bilərmi?

İran körfəzi - Qara dəniz və İran-Ermənistan-Rusiya dəhlizinin yaradılması barədə İrəvanın planlarına qayıdaraq bu şayiələri yayan erməni mənbələrin nəzərinə bir neçə detalı çatdırmaq istəyirəm. İranın və Körfəz ölkələrinin Rusiya ilə ən qısa və ucuz dəniz əlaqəsi uzun illərdir ki, Xəzər dənizi vasitəsilə həyata keçirilir. Astara- SDK (Qusar) avtomobil yolu isə quru əlaqəsini təmin etməklə həm də körfəz ölkələrini İpək Yoluna bağlayır. 


Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi tam hazırdır, Rəşt-Astara hissəsində isə işlər sürətlə davam edir. Ermənistanın hələ düşündüyü, maliyyə axtardığı layihələr artıq illərdir ki, Azərbaycan ərazisindən fəaliyyət göstərir. 

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam istifadəyə verilməsi qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinə böyük təkan verəcək. Həm Azərbaycan, həm də İran Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edir. Ru layihənin tam başa çatması İranı Rusiya və Avropa, Azərbaycanı isə İran körfəzi sahilindəki Bəndər-Abass limanı vasitəsilə körfəz ölkələri ilə birləşdirəcək. Bu yolun işə düşməsi İran, Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq və hər üç dövlətin iqtisadi inkişafına əsaslı təkan verəcək. Bu dəhliz Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac olunan malları daşımağa da imkan verəcək. Bu yolun böyük perspektivi var və Asiya ölkələri bu yolun tikintisində maraqlıdırlar.

Digər tərəfdən həm İran-Rusiya, həm də İran-Gürcüstan marşrutunun Azərbaycandan keçən hissəsini, Ermənistandan keçən yol ilə müqayisə etməyə dəyməz. Ermənistandakı İran-Gürcüstan yolu illərdir ki, başa çatmaq bilmir. Bütün bunlar Ermənistanın Avropanın İranla münasibətlərindən yararlanaraq öz daxili infrastruktur layihələrinə “beynəlxalq” status qazandıraraq qoca qitənin maliyyə vəsaitlərini özünün daxili problemlərinin həllinə cəlb etməyə çalışdığını söyləməyə əsas verir.

İrəvan həm “Mossad”la, həm də Tehranla dil tapır?

ABŞ prezidenti İranla bağlanılan müqavilədəki iştirakını dayandırması barədə bəyanat verdikdən sonra İran tərəfi də həmin müqaviləni pozacağı barədə bəyanat verdi, lakin Avropa İttifaqı İrana iqtisadi güzəştlər vəd etdiyinə görə Tehran hələlik bu addımı atmayıb. İranın nüvə razılaşmasından çıxmamasının əsas fiquru olan Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini keçən ilin dekabrında bildirdi ki, Britaniya, Almaniya və Fransa İran ilə maliyyə mexanizmini qarşıdakı 1-2 həftə ərzində tətbiq edəcəklər. 

ABŞ İranın SWİFT beynəlxalq maliyyə hesablaşma cəmiyyətində iştirakını dayandıran kimi İrəvan öz xidmətlərini Avropaya təklif etdi. Təklif barədə konkret fikir səsləndirilməyib, lakin İranla ticarət əlaqələrinin əsas operatorun Almaniya olduğunu düşünsək, Paşinyanın fevralın 1-də tələsik kansler Angela Merkelin qəbuluna getməsinin əsas məqsədinin İranla bank əməliyyatları üçün Ermənistan banklarının müvəkkil edilməsi təklifini verməsindən ibarət olduğunu deyə bilərik. Paşinyan Berlində həm bir müddət məxfi materiallarını “Mossad”a ötürdüyü İranla, həm də Avropa İttifaqı ilə gözəl münasibətlərə malik olduğunu vurğulamağa çalışdı. Lakin məsələnin tam həll olunmadığına, bəlkə də erməni fiziklə bağlı xəfiyyə qalmaqalından xəbər tutduğu üçün Tehranın etirazı səbəbi ilə Merkel Paşinyanı təkrar İran Prezidenti Ruhaninin qəbuluna göndərib. 


Xatırlayırsınızsa keçən ilin sentyabrında Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşdə nəqliyyat-loqistika layihələrinin həyata keçirilməsi üçün Tehrandan maliyyə ayırmasını xahiş etmişdi. Lakin Ruhani Paşinyana BMT-nin iqtisadi əməkdaşlığın genişləndirilməsini detallı müzakirə etmək üçün heç də münasib yer olmadığını bildirərək Paşinyana mədəni şəkildə “yox” demişdi. 

Bu gün isə Paşinyan Tehrana səfər edərək İran Prezidenti Həsən Ruhani ilə görüşəcək. Paşinyan İranın iştirakı və Gürcüstan vasitəsilə Avropaya doğru nəqliyyat dəhlizinin formalaşdırılmasında və İrana göndəriləcək maliyyə vəsaitlərinin İrəvan banklarının köməyilə çatdırılmasında Avropanın, xüsusilə Almaniyanın istəkli olduğunu bir daha Ruhaninin diqqətinə çatdırmağa çalışacaq. Bu kontekstdə İrəvan məxməri inqilabdan sonra İranla münasibətlərin yeni keyfiyyətə çıxarılmasına çalışaraq, fizik-xəfiyyə qalmaqalını ya əvvəlki hakimiyyətin, ya da vəzifədən azad etdiyi Respublikaçılardan birinin üstünə yükləməyə çalışacaq. Lakin rəsmi Tehranın bu yaxınlarda Baş Qərargah rəisinin timsalında Ermənistanla bağlı mövqeyini müəyyənləşdirməsinə, həmçinin İrəvanın dolayı yolla deyil, birbaşa Qarabağı işğal etdiyini dilə gətirməsinə cavab olaraq “Mənim Adımım” fraksiyasının deputatı Hayk Koncoryanın İranı avtoritar rejim adlandırmasını nə İran qəbul edəcək, nə də Paşinyanın izah edə biləcək. 

Paşinyan fraksiyasına mənsub erməni deputat tərəfindən İranın avtoritar dövlət adlandırılması münasibətlərin kifayət qədər gərginləşməsinə səbəb olub. Hazırda bütün iqtisadi layihə və formatlardan kənarda qalan İrəvan çıxış yolunu uzunmüddətli ABŞ vədlərində deyil, cənub qonşusunun könlünü almaqda görür. Heç şübhəsiz ki, artıq İrəvanın “çoxgedişli” oyunları İranı da bezdirib, buna görə də əvvəllər olduğu kimi İranın ermənilərin təkliflərinə “hə” deyəcəyi ehtimalı böyük deyil, bunu İranın bu ilin əvvəlində Baş Qərargah rəisi səviyyəsində səsləndirdiyi bəyanatlarla İranın Azərbaycanı dəstəklədiyini bildirməsi də sübüt edir. İrana qarşı casusluq et, Tehran hakimiyyətini avtoritar adlandır, sonra İrəvan üçün nəsə istə... Bunu hər adam bacarmaz.

Hərbi ekspert Ədalət Verdiyev