"Sputnik Azərbaycan" da daha bir QALMAQAL: agentliyin baş redaktoru istefa verdi – ŞOK SƏBƏB

Baxış sayı:
9235

Rusiyanın “Sputnik” agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlu vəzifəsindən istefa verib. Muxalifet.az minval-a istinadən xəbər verir ki, Yaşaroğlu öz iradəsi ilə işdən ayrılıb.
Saytın məlumatına görə, Mətin Yaşaroğlu siyasi səbəblərdən işdən istefa verib. İddia olunur ki, "Sputnik Azərbaycan"nın Moskva bürosu Qarabağ məsələsində jurnalistin Ermənistanın mövqeyindən çıxış etməsini tələb edib. Bu tələbə cavab olaraq, baş redaktor agentlikdən istefa vermək qərarı verib:

"Mətin Qarabağ məsələsinə görə işdən ayrıldı, rəhbərlik münaqişə ilə bağlı yazılar verməməsini tələb edirdi. O, bu tələblərdən bezərək, agentlikdən çıxmaq qərarına gəldi", - jurnalistə yaxın qaynaq Minval-a bildirib.
Mətin Yaşaroğlunun özü işdən çıxarılma səbəbi ilə bağlı yerli mətbuata şərh verməkdən imtina edib. Öz növbəsində “Sputnik Azərbaycan”ın mətbuat xidməti də mövzu ilə bağlı hər hansı şərh verməyib.
Qeyd edək ki, bu, "Sputnik Azərbaycan" agentliyində baş verən ilk skandal deyil. Belə ki, bir neçə il bundan əvvəl oxşar bir hadisə Gülnarə Məmmədzadənin rəhbərliyi dönəmində də baş vermişdi. Həmin vaxt agentliyin rusdilli versiyasının bütün heyəti işdən ayrılmışdı. Buna əsas səbəb olaraq "Russia Today" agentliyininin Azərbaycancadakı nümayəndəsi Əziz Əliyevin informasiya siyasətində kəskin ermənipərəst mövqe tutmağa başlaması oldu. Bundan əlavə, jurnalistlərin ayrılmasının daha bir səbəbi də rəhbərliyin Qarabağ münaqişəsi ilə bağlı bir sıra bəyanatları çıxarması idi.

Yeri gəlmişkən,  AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Dilavər Əzimli də Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı danışıb: "Tanınmış jurnalist, Qarabağ mövzusunda illərdi təbliğat aparan Mətin Yaşaroğlu işdən çıxarılıb. Azərbaycanda Mətin Yaşaroğlunu tanımayan jurnalist və ictimai-siyasi xadim yoxdur. Qarabağ mövzusunda daima maraqlı yazılar yazırdı. Milli bir insandır. Son vaxtlar milli qüvvələrin üzərinə bir hücum başlanıbdır. Buna görə də Mətin Yaşaroğlunun uzaqlaşdırılması adi məsələyə oxşamır. Yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”.
Bununla bağlı "Yeni Sabah”a danışan Mətin Yaşaroğlu məlumatın doğru olduğunu bildirib. O qeyd edib ki, işdən çıxmaq qərarı qətidir, lakin səbəbləri haqqında danışmaq istəmir.
"Martın 15-dən etibarən işdən uzaqlaşacam”- deyə jurnalist vurğulayıb.

Muxalifet.az