Rusiya yeni sanksiyalarla üz-üzə

Baxış sayı:
6334

Azərbaycana hansı təsirləri ola bilər?
ABŞ-da 5 senator - demokratlar Bob Menendes, Ben Kardin və Cinni Şeyxin, respublikaçılar Lindsi Qrem və Kori Qardner Rusiyaya qarşı daha kəskin sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürüblər.
“Kremlin aqressiyasına qarşı Amerikanın təhlükəsizliyinin müdafiəsi” adlı layihədə Menendes və Qremin 2018-ci ildə hazırladığı, “Cəhənnəmdən sanksiyalar” adını almış layihədən daha kəskin tədbirlər nəzərdə tutulur. DASKA adlı layihə qəbul olunmasa da, onun haqqında məlumat yayılan kimi Rusiya maliyyə bazarında ciddi panikaya səbəb olmuşdu: rubl 10 faizdən çox dəyər itirmişdi. İndiki layihədə digər ölkələrdə demokratik institutların fəaliyyətini əngəlləməyə dəstək verən Rusiya banklarına qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Bundan əlavə, Rusiyanın ölkədən kənardakı sıxılmış qaz layihələrinə investisiyalar, Putinin maraqlarına uyğun fəaliyyətlə məşğul olan siyasi xadimlər, oliqarx və məmurlar, Rusiyanın dövlət qiymətli kağızları da sanksiyalara məruz qalacaq.
Bu günlərdə o da məlum olub ki, Avropa İttifaqı Kerç boğazındakı hadisəyə görə Rusiyaya qarşı əlavə sanksiyaları razılaşdırıb.
Politoloq Şahin Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, yaxın həftələrdə və aylarda ABŞ-da Rusiyaya qarşı iki sanksiya qərarının qəbulu gözlənilir: biri hökumət, digəri qanunvericilik səviyyəsində: “Hökumət səviyyəsində tətbiq olunacaq sanksiya 2018-ci ilin martında Britaniyada Rusiya kəşfiyyatının sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi hadisəsi ilə bağlıdır. Artıq bu hadisənin Rusiya hərbi kəşfiyyatı - QRU tərəfindən törədildiyi tam sübuta yetirilib, icraçıların ad-soyadları da məlumdur. Skripal məsələsi ilə əlaqədar sanksiyaların ilk mərhələsi ABŞ tərəfindən ötən ilin avqust ayında tətbiq olnmuşdu. İlk mərhələdə Vaşinqton milli təhlükəsizlik və kimya sənayesinə aid malların və texnologiyalaırn Rusiyaya ixracına, eləcə də bu ölkəyə maliyyə yardımı göstərilməsinə qadağa qoydu. Bunlar yüngül sanksiyalar idi, onsuz da ABŞ Rusiyaya hər hansı maddi yardım göstərmirdi və həssas texnologiyaların ixracı Ukrayna məsələsinə görə tətbiq olunan sanksiyalar çərçivəsində zatən yasaq idi. İkinci mərhələdən vaz keçilməsi üçün Moskva kimyəvi silahlardan imtina etməli və öz kimyəvi silah obyektlərinə beynəlxalq müfəttişləri buraxmalı idi, lakin Kreml bu barədə ABŞ-ın tələbini tədd etdi. Ona görə də indi növbəti sanksiyaların tətbiqi gözlənilir”.

Şahin Cəfərli ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, bu mərhələdə daha sərt məhdudiyyətlər nəzərdə tutulur: “Qanuna əsasən ABŞ hökuməti ölkə banklarına Rusiyanın kreditləşdirilməsini qadağan etməli, bütün beynəlxalq təşkilatlarda Rusiyaya maddi-texniki yardımın göstərilməsini əngəlləməli, Rusiyaya ABŞ istehsalı olan istənilən məhsulun ixracına qadağa qoymalı, Rusiyadan qida və kənd təsərrüfatı məhsulları istisna olmaqla, istənilən malın idxalını qadağan etməli, diplomatik əlaqələri dayandırmalı və ya Rusiyanın ölkədəki diplomatlarının sayını ixtisar etməli, bu ölkənin dövlət aviaşirkətlərinin (”Aeroflot" və s.) ABŞ-a uçuşlarını dayandırmalıdır. Artıq ABŞ dövlət katibi Mayk Pompeo Skripal hadisəsi ilə əlaqədar növbəti sanksiyaların tətbiqinə hazırlaşdıqlarını Rusiyanın xarici işlər naziri Sergey Lavrovun diqqətinə çatdırıb. Qanunvercilik səviyyəsində tətbiq olunacaq sanksiyalara gəldikdə isə bu barədə qanun layihəsi 5 senatorun (3 demokrat, 2 respublikaçı) həmmüəllifliyi ilə fevralın 13-də Senata təqdim olunub. Layihənin “Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə” adlanan bölməsində isə 2018-ci ilin noyabrında Kerç boğazında Ukrayna gəmilərinə hücumda içtirak etmiş Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarına, boğazda naviqasiya azadlığını pozmağa davam edəcəyi halda Rusiyanın gəmiçilik sektoruna, ölkə daxilində və xairicindəki neft layihələrinə sanksiyalar nəzərdə tutulub. Bundan başqa, layihədə ABŞ hökumətinə tapşırılır ki, Rusiyanın terrora dəstək verən ölkə olub-olmadığını müəyyənləşdirsin, ABŞ-da yaşayış sahəsi əldə edən Rusiya şirkətlərinin sahibləri barədə məlumat, Putinin şəxsi sərvəti və aktivləri, eləcə də Boris Nemtsovun qətli barədə hesabat hazırlayaraq Konqresə təqdim etsin".
Ş.Cəfərlinin fikrincə, layihənin qanunlaşması bir qədər vaxt aparacaq, çünki əvvəlcə Senatın müvafiq komitələrində müzakirəyə çıxarılıb təsdiqlənməıli, sonra Nümayəndələr Palatasına göndərilməli və onların müvafiq düzəliş, əlavə və dəyişiklikləri iki palata arasında razılaşdırılaraq yekun sənəd hər iki palatanın ümumi yığıncaqlarında qəbul olunmalıdır: “Layihə prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Avropa Birliyində isə daha yumşaq sanksiya hazırlığı var. Çünki əvvəla, qurum daxilində çoxlu sayda ölkə təmsil olunur və qərarın qəbulu üçün onların hamısının razılığı lazımdır. İkincisi, Almaniya və Fransanın böyük biznesi əlavə sanksiyaların qəbuluna qarşı çıxır. Bir sıra üzv ölkələr, məsələn, İtaliya da yeni sanksiyaların əleyhinədir. Bu səbəblə, AB yalnız Kerç boğazındakı hadisəyə cavabdeh olan rusiyalılara sanksiya tətbiq edəcək”.
Ötən ilin iqtisadi yekunlarından hiss olunur ki, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb. Onların dərinləşməsi Azərbaycan üçün hansı nəticələrə gətirib çıxara bilər? Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun bildirdiyinə görə, Rusiya iqtisadiyyatında müəyyən müqavimətin yaranmasına gətirib çıxarmasına baxmayaraq, sanksiyalar heç də təsirsiz ötüşmür: “Rusiya iqtisadiyyatının əsasları mərhələli şəkildə sarsılır. Yeni sanksiyalar isə kifayət qədər dərinləşdirilib. Layihə olduğu kimi qəbul edilərsə, Rusiya üçün ciddi nəticələrə səbəb ola bilər. Bu fonda, təbii ki, Rusiya iqtisadiyyatında dalğalanmalar arta, yenidən resessiya meylləri yarana bilər. Bu da son nəticədə bir sıra istiqamətlərdə Azərbaycan üçün yeni şərtlər formalaşdıra bilər. Əvvəla, nəzərə almaq lazımdır ki, Azərbaycandan kənara gedən hər 100 miqrantdan 70-i Rusiyanın payına düşür. Problemlər bu adamların gəlirlərinin, deməli, həm də bura göndərdikləri vəsaitlərin azalmasına gətirib çıxaracaq. Digər tərəfdən,  Rusiyada əmək bazarında yaranan çətinliklər üzündən oradakı vətəndaşlarımızın bir qismi də geri dönmək məcburiyyətində qala bilər. Bu da Azərbaycanın əmək bazarında da şərtlərin pisləşməsinə səbəb olar”.
Ekspert deyir ki, Rusiyaya qarşı sanksiyaların bir zərəri də Azərbaycanın ixracına dəyə bilər: “Sanksiyalar insanların gəlirlərinə neqativ təsir göstərir. Bu isə alıcılıq qabiliyyətinin zəifləməsi deməkdir. Bu baxımdan, Rusiyaya qeyri-ərzaq məhsulları ixracında çətinliklər yarana bilər. Bundan əlavə, psixoloji faktorlar da var. Rusiyada baş verən problemlərin domino effektinin Azərbaycanda da özünü göstərməsi, məsələn, valyuta bazarındakı təlatümlərin burada manata təzyiqləri artırması mümkündür. Yaxud orada valyuta qıtlığı yaranarsa, bu, Azərbaycandan qeyri-rəsmi yollarla da olsa valyuta axınını gücləndirə bilər. Məsələyə biznes kontekstindən baxdıqda da Rusiyaya qarşı sanksiyalar qısamüddətli dövrdə həm Rusiyada bizneslə məşğul olan vətəndaşlarımıza, həm də Azərbaycanda olub Rusiya ilə əməkdaşlıq edən iş adamlarımıza mənfi təsirini göstərə bilər”./musavat