Əhməd Şahidov: “Dilqəm Əsgərovla girov saxlandığı yerdə görüşmüş 6-7 şəxslə təmasda oldum”

Baxış sayı:
5221

“Noyabrdan sonra məktublar tamam kəsilib, 8 aydır girovlardan heç bir xəbər yoxdur”

İyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülməsindən, Həsən Həsənovun isə qətlə yetirilməsindən 4 il keçir. 4 il öncə doğma rayonları olan Kəlbəcərdə erməni hərbçiləri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev amansız işgəncələrə məruz qoyulublar. İşğal altındakı Dağlıq Qarabağda Ermənistan və separatçı rejim Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Hər iki kəlbəcərli girovun azad edilməsi üçün Azərbaycan dövləti və hüquq müdafiəçiləri artıq 4 ildir iş aparır. Bu işdə xüsusi fəallığı seçilən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidovla söhbətləşdik.

- Əhməd bəy, 4 ildir Dilqəm Əsgərovu və Şahbaz Quliyevi təəssüf ki, azad edə bilməmişik. Burada Ermənistanın Dağlıq Qarabağ məsələsində, torpaqlarımızı işğal etməsində olduğu kimi, bu məsələdə də beynəlxalq qanunları ayaqlar altına alması, yoxsa başqa digər amillər də rol oynayır? Ümumiyyətlə, kəlbəcərli girovların məsələsi ilə bağlı hansı işlər aparılıb?

- Biz Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürüldüyü, Həsən Həsənovun isə qətlə yetirildiyi haqda ilk məlumat yayılan andan vətəndaş cəmiyyəti və hüquq müdafiəçisi olaraq Azərbaycanda akkreditasiya olunmuş xarici səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciətlər ünvanladıq. Xüsusən də ATƏT-də, Avropa Şurasında, BMT-nin Cenevrə ofisində bu məsələ ilə bağlı kommunikasiyalara başladıq. Həmin azərbaycanlı mülki vətəndaşların qeyri-qanuni həbs edilməsi, girov götürülməsi və üzərində qeyri-qanuni məhkəmə prosesinin keçirilməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərdə çıxışlarımız oldu. Hər dəfə də BMT-nin İnsan haqlarına dair Cenevrə konvensiyasının və digər beynəlxalq insan haqları qanunlarının kobud surətdə pozulmasını, mülki vətəndaşların öz torpaqlarında qanunsuz saxlanmasını, girov götürülməsini, işgəncələrə məruz qoyulmasını faktlarla sübuta yetirdik. Dilqəm və Şahbazovun azad edilməsinin zəruriliyi ilə bağlı çağırışlarımız oldu. Azərbaycan dövləti də bu istiqamətdə bir sıra addımlar atıb. Ölkə başçısı həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə görüşlərində, beynəlxalq səviyyəli tədbirlərdə mülki azərbaycanlılar olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov saxlandığı məsələsini və onların dərhal azad olunmasının gərəkdiyini qaldırıb. Həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi, Əsir və İtkin düşmüş, Grov Götürülmüş Vətəndaşlar üzrə Dövlət Komissiyası da bu iş üzərində ardıcıl fəaliyyət göstərir. Amma təəssüf ki, bütün bu və digər aparılan işlər hələ də müsbət bir nəticəyə gətirib çıxarmayıb. Ermənistanın beynəlxalq qanunları açıq-aşkar heçə sayması üzündən bu işdə müsbət nəticə əldə edilməyib.

Etibar mБsahib_ (2).JPG (234 KB)

- Beynəlxalq təşkilatların reaksiyası necədir?

- Bu işdə yeganə irəliləyiş ondan ibarətdir ki, Dilqəmlə Şahbazın məsələsinin beynəlxalq təşkilatlarda, ATƏT və BMT kimi qurumlarda gündəmdə saxlanmasına nail ola bilmişik, həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, Ermənistanda olan Avropa ölkələrinin səfirlikləri Şuşa həbsxanasında saxlanılan girovlara baş çəkiblər, onların səhhəti ilə maraqlanıblar. Bu da Ermənistan tərəfində müəyyən məsuliyyət hissləri yaradır ki, onların saxlanma şəraiti, qidalanması, həkim müayinəsi ilə bağlı müəyyən addımlar atsınlar. Amma yenə də Dilqəm və Şahbaz Quliyevin səhhətində problemlər var. 2017-ci ilin sentyabrında ATƏT-in Varşavada keçirilən zirvə toplantısında bu məsələni bir daha gündəmə gətirdik. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da Varşavada keçirilən zirvə toplantısına bizimlə getmişdi. Sentyabrın 19-da zirvə toplantısında Kürdoğlu Əsgərov çıxış elədi, atası ilə bağlı məlumat verdi. O çıxışa qədər artıq 7 ay idi ki, nə Dilqəmdən, nə Şahbazdan heç bir məlumat yox idi. Azərbaycan tərəfinin birtərəfli çağırışlarına məhəl qoymayan Ermənistan nə girovlardan məktub alınmasına imkan yaradırdı, nə də onlar barədə hər hansı bir məlumat verirdi. Mənim və Kürdoğlunun həmin zirvə toplantısında çıxışımızdan 10 gün sonra-sentyabrın 29-da Qırmızı Xaç Cəmiyyəti Dilqəm Əsgərov və Şahbaz Quliyevdən məktub, fotolar, videolar gətirdi. Təbii ki, həmin məktublar, fotolar və videolar onların ailəsinə təqdim olundu. Bu tendensiya noyabr ayına qədər davam elədi. Noyabr ayına qədər vaxtaşırı məktub gəlirdi.

- İndi gəlmirmi?

- Noyabrdan sonra məktublar tamam kəsildi və 8 aydır ki, girovlardan yenə də heç bir xəbər yoxdur. Bu da bizi ciddi narahat edir. Bizdə narahatlıq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər iki girovun səhhətində ciddi problemlər var. Şahbazın ödündə və digər həzm sistemi orqanlarında, Dilqəmin isə ürəyində, beynində ciddi ağrılar var, ayaqlarında ciddi problemlər mövcuddur. Hər dəfə Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bildirir ki, həm Dilqəm, həm də Şahbaz ailəsinə məktub göndərmək istəmir. Bu isə bizə inandırıcı gəlmir. Hər iki girovun ailələri də 8 aydır onlardan heç bir məktub gətirilməməsindən ciddi narahatdır. Narahatlıqlarını bizimlə hər dəfə görüşdə açıq ifadə edirlər. Ona görə də biz bu vəziyyəti bir daha ciddi şəkildə gündəmə gətirməyə çalışırıq. Mən artıq Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları üzrə ali komissarı xanım Dünya Miyatoviçə müraciət ünvanlamışam. ATƏT üzvü olan ölkələrin bu qurumdakı səfirlərinə müraciətlər ünvanlamışam. Ən azından Ermənistandakı səfirlikləri vasitəsilə rəsmi İrəvana girovlarla bağlı müəyyən təzyiqlər edilməsini xahiş etmişəm. Bu ay Gürcüstanın paytaxtı Tiflisdə ATƏT-in növbəti toplantısı keçiriləcək. Orada Azərbaycandan və Ermənistandan olan vətəndaş cəmiyyəti üzvləri, hüquq müdafiəçiləri də iştirak edəcək. Şəxsən mən də orada iştirak edəcəyəm. Dilqəm Əsgərov və Şahbaz Quliyevdən 8 aydır heç bir məlumat verilməməsi, məktub gəlməməsi və onların qanunsuz girov saxlanması məsələsini qaldıracağıq. Əsas məsələ olaraq yenə də ATƏT-in Varşavada bu ilin sentyabr ayında növbəti zirvə toplantısı keçiriləcək. Həmin zirvə toplantısında da girovların məsələsini qaldırmaq fikrindəyik. Yəni bizim fəaliyyətimiz bu istiqamətlərdir. Bu gün başqa edə biləcəyimiz bir şey qalmayıb. Çünki qarşı tərəf heç bir qanunlara, konvensiyalara məhəl qoymayan işğalçı Ermənistandır. Ermənistan girovlar məsələsinə də bu şəkildə yanaşır-heç bir beynəlxalq hüquqa məhəl qoymur. Beynəlxalq insan haqları təşkilatlarının girovlarla bağlı çağırışlarına əhəmiyyət vermir. Amma bu bizim ümidimizi kəsmir. Biz haqlı işimizə inadla davam edirik, dövlət və vətəndaş cəmiyyəti olaraq fəaliyyətimizi davam etdiririk. Ümid edirik ki, gec-tez Dilqəm Əsgərov və Şahbaz Quliyev azadlıqlarına qovuşacaqlar.

- Xeyli müddət öncə belə bir məlumat yayılmışdı ki, İrəvan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan ərazisində saxlanmadığını, Şuşada saxlandığını bəhanə edərək onlarla bağlı Azərbaycanın “Dağlıq Qarabağ Respublikasına” müraciət etməli olduğunu bildirib. Azərbaycanın isə belə bir addım atmayacağı təbii ki, məlumdur. Sizcə, Ermənistan Dilqəm və Şahbazın girov saxlanmasından bu cür siyasi məqsədinə nail olmaq üçün istifadə etməyə çalışır? 

Girovların hələ də azad edilməməsinin kökündə həm də bu məsələ daya bilərmi?

- Azərbaycana belə bir çağırış edilmişdi. Ancaq hər kəsə bəllidir ki, Ermənistanın belə bir çağırışının hüquqi əsası yoxdur. Ermənistan özü də yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi dünya tərəfindən tanınır, Dağlıq Qarabağdakı qondarma qurum heç bir ölkə tərəfindən tanınmır, hətta Ermənistanın özü tərəfindən belə tanınmır. Təbii ki, həmin qondarma separatçı qurumda “fəaliyyət” göstərən heç bir “struktur”un rəsmi, hüquqi əsası yoxdur. İkincisi, Ermənistan özü bir dövlət olaraq beynəlxalq təşkilatlarda girovlar məsələsində tərəf olaraq çıxış edir. Biz hər dəfə beyməlxalq təşkilatlarda kəlbəcərli girovlar məsələsini qaldırdıqda bizə qarşı tərəf kimi Ermənistan Respublikasının rəsmi nümayəndəsi, səfiri cavab verir. Bu, artıq o deməkdir ki, Ermənistan girovlar məsələsində məsuliyyətin onun üzərində olduğunu qəbul edir. Yəni ittiham ünvanı Ermənistandır və müraciətlər də ona edilir və edilməlidir. Sadəcə, Ermənistan qəsdən heç bir hüquqi əsası olmayan məsələni bir ara ortaya atmaqla siyasi məqsədlərinin olduğunu ortaya qoyurdu. Lakin istəyinə nail ola bilmədi. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülməsi, girov saxlanmasının məsuliyyəti birbaşa Ermənistan Respublikasının üzərindədir.

- Ermənistan beynəlxalq təşkilatlara belə bir rəyi sırımağa çalışırdı ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev mülki vətəndaş deyillər, diversantdırlar. İşğalçı ölkənin bu təbliğatının heçə çıxdığını və heç kim tərəfindən ciddi qəbul edilmədiyini söyləmək olarmı?

- Ermənistan ilk vaxtlar buna çalışdı. Lakin təbii ki, heç bir əsası olmayan uydurma rəyi heç kimə qəbul etdirə bilmədilər. Çünki hər kəsə bəllidir ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev Kəlbəcər rayonundandır. Onlar və dostları Həsən Həsənov erməni işğalı altındakı Kəlbəcər rayonunun Şapılar kəndindəki qəbiristanlıqda uyuyan doğmalarının məzarını ziyarət etmək üçün gediblər. Dilqəm Əsgərovun anasının məzarının yanında çəkdirdiyi fotosu da var. İşğal altındakı əraziyə gedən adamın isə üzərində gündəlik zəruri istifadə üçün hansısa kəsici alətin, binoklın, fotoapartın olması təbiidir. Bu normal haldır. Odur ki, heç bir diversiya qrupundan söhbət gedə bilməz. Ermənistan bu əsassız rəyi heç kimə qəbul etdirə bilməzdi və etdirə də bilmədi.

- Hüquq müdafiə təşkilatlarının, həmçinin sizin Qırmızı Xaç Cəmiyyətinə kəlbəcərli girovlarla görüşməsinə, yaxud ailələrinin görüşməsinə şərait yaradılması üçün müraciət etmək imkanınız var? Belə bir şəraitin yaradılması mümkün deyil?

- Mən 2015-ci ildə Cenevrədə Qırmızı Xaç Cəmiyyətinin baş mənzil qərargahında olarkən məhz Dilqəm Əsgərovla girov saxlandığı yerdə görüşmüş 6-7 şəxslə görüşdüm. Sizin dediyiniz məsələni mən orada qaldırdım. Ailə üzvlərindən kimlərinsə və ya bizim girovlarla görüşümüzün təşkil edilməsini istədim. Onlar dedilər ki, bu, Qırmızı Xaç Cəmiyyətinin mandatına uyğun məsələ deyil, qanuna görə, bu təşkilat münaqişə tərəfləri arasında bu şəkildə vasitəçilik rolu oynaya və tərəf tuta bilməzlər. Girovluqda və ya həbsdə saxlanan şəxslə Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları görüşə bilər. İndi də biz belə bir müraciəti etsək də yenə deyəcəklər ki, bu məsələ Qırmızı Xaçın mandatına daxil deyil. Bizim və ya kəlbəcərli girovların ailə üzvlərinin “Dağlıq Qarabağ”da görüş şəraiti yaradılması üçün müraciəti isə milli maraqlar baxımından mümkün deyil. İnanın, hətta nəzəri baxımdan hesab etsək ki, belə bir müraciət olunsa da onlar Dilqəmlə və Şahbazla görüşə imkan yaratmazlar. Lakin “Azərbaycandan Dağlıq Qarabağ Respublikasına müraciət edildi” tipində şou düzənləyərlər.

- Bir çox insanlar, həmçinin keçmiş nazirlər, hərbçilər var ki, Dilqəmlə Şahbazın azad edilməsinin yeganə yolunun işğal altındakı ərazidə əməliyyat keçirib bir neçə yüksək çinli erməni zabitini ələ keçirərək girovlarla dəyişmək olduğunu bildiriblər. Bu variant mümkünmü?

- Hüquq müdafiəçisi kimi bu suala cavab verməkdə çətinlik çəkirəm. Mən bir hüquq müdafiəçisi kimi beynəlxalq hüquq normalarının verdiyi imkanlar daxilində düşünmək və iş aparmağın tərəfdarı olmuşam. Amma bir vətəndaş kimi, girovluqda saxlanan qardaşlarımızın taleyini, onların ailələrinin mənəvi əziyyətlərinə son verilməsinin vacibliyini düşünən insan kimi qeyd olunan varianta normal yanaşmışam.

Ermənistan tərəfi kəlbəcərli girovları hesab edirəm ki, hansısa sıravi bir-iki əsgərlə deyil, daha böyük çəkili qiymətli nələrləsə dəyişə bilərlər. Bu baxımdan yaxın gələcəkdə daha yüksək rütbəli adamları ələ keçirilsə bəlkə dəyişmək məsələsi gündəmə gələ bilər.