​Azərbaycanlı səfirdən maraqlı təklif: 30 may tarixini...

Baxış sayı:
6505

Bu gün Xarici İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı - diplomat günüdür. Bütün həmkarlarımı ürəkdən təbrik edirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev bildirib.
"1919-cu il iyulun 9-da Xarici İşlər Nazirliyi katibliyinin fəaliyyəti ilə bağlı müvəqqəti əsasnamə qəbul edilib. Amma təbii ki, Xarici İşlər Nazirliyi dövlətin yarandığı ilk gündən mövcud olub və ən fəal qurumlardan biri kimi fəaliyyət göstərib. Əgər mənim fikrimlə maraqlanan olsaydı, çox güman ki, diplomat günü kimi 30 may tarixini təklif edərdim", - V. Quliyev qeyd edib.
O, təklifini belə əsaslandırıb: "Məhz həmin tarixdə XX əsr Azərbaycan diplomatiyası özünün və mənafeyini qoruduğu dövlətin mövcudluğunu dünyaya bəyan edib - ilk Xarici İşlər naziri Məmmədhəsən Hacınskinin imzası ilə dünya paytaxtlarına planetin siyasi xəritəsində yeni müstəqil dövlətin - Azərbaycan Cümhuriyyətinin meydana çıxdığı barədə radioteleqram göndərilib. Bu, sadəcə bir mülahizədir. Önəmlisi odur ki, Azərbaycan diplomatlarının da peşə bayramı var. Vəzifəsindən və ranqından asılı olmayaraq, xarici siyasət sahəsində çalışanların hamısına ən xoş arzularımı çatdırır, məsul fəaliyyətlərində uğurlar arzulayıram. Kim bilir, bəlkə də onların arasından işğalçı Ermənistanın danışıqsız təslim aktını imzalayan diplomatlar yetişəcək".