​Bahar Muradova Berlində çağırış etdi: Qəti addımlar at...

Baxış sayı:
4192

Bu dəqiqələrdə Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 27-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın prezidenti Georgi Seretelinin məruzəsi ətrafında müzakirələr aparılır. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova müzakirələrdə çıxış edib.
Muxalifet.az xəbər verir ki, ATƏT PA-nın və şəxsən onun sədrinin fəaliyyəti barədə müsbət fikirlər söyləyən B.Muradova Azərbaycanın ATƏT PA ilə dialoqa böyük əhəmiyyət verdiyini, ölkəmizin onun işində fəal iştirak etməyə çalışdığını diqqətə çatdırıb.
Azərbaycan nümayəndəsi dövlətlərarası regional münaqişələrin faciəli nəticələri və suveren dövlətlərin ərazilərinin işğalı bağlı məsələlərin təşkilatın diqqət mərkəzində olmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, ATƏT PA-nın üzvləri belə münaqişələr nəticəsində insan haqlarının pozulmasına etirazını birincilər sırasında bildirməlidirlər.
Bahar Muradova həmkarlarını Avropada təhlükəsizlik və əməkdaşlıq konsepsiyasına uyğun olaraq daha qəti addımlar atmağa çağırıb.
Azərbaycan nümayəndəsinin nitqində ATƏT-in və onun parlament forumunun qərarlarının icra mexanizmlərinin daha da təkmilləşdirilməsi istəyi ifadə olunub.
B.Muradova çıxışının sonunda qeyd edib ki, Azərbaycan multikulturalizm sahəsində müsbət təcrübəsini bölüşməyə hazırdır.
ATƏT PA-nın prezidenti Georgi Sereteli başçılıq etdiyi təşkilatın fəaliyyətinin azərbaycanlı həmkarlar tərəfindən yüksək qiymətləndirilməsinə görə Azərbaycan nümayəndə heyətinin başçısına təşəkkür edib və belə bir fikirlə razılaşıb ki, ATƏT-in qərarlarının həyata keçirilməsi mexanizmləri həqiqətən təkmilləşdirilməlidir.
Sessiya işini davam etdirir.