​Elmar Vəliyev Bakıya mer gətirilə bilər? – İCRA BAŞÇISINA QARŞI HÜCUMUN PƏRDƏARXASI MƏQAMLARI

Baxış sayı:
6004

“Turan” İnformasiya Agentliyi “Elmar Vəliyevin yıxılması” sərlövhəli analitik yazısında Gəncə şəhər icra başçısının vurulması ilə bağlı bəzi məqamlara aydınlıq gətirir. Agentlik məlumatlı mənbələrə istinadən yazır ki, Yunis Səfərov Elmar Vəliyevə atəş açmayıb: “Onun E.Vəliyevə tapançadan atəş açması barədə informasiya öncə yayılıb, sonra inkar edilib.
Mənbələrin məlumatına görə, Y.Səfərov E.Vəliyevin cangüdəninə iki atəş açıb, ancaq icra başçısını vura bilməyib, belə ki, tapança ilişib. O, Vəliyevin arxasınca qaçıb və onu tapançanın qundağı ilə başına zərbələr endirib. Vəliyev, yıxılan anda başı bordyura dəyıb.
Türkiyə Bahçeşehir Universitetinin tibb fakültəsuinn dekanı Türkel Kılıçın dəvət edilməsi bu informasiyanın doğruluğundan xəbər verir. O, sui-qəsd zamanı başından yaralanan türkiyəli müğənni İbrahim Tatlısəsi də müalicə edib”.
Sonda isə “Turan” agentliyinin təhlilçisi yazır ki, ümumiyyətlə, “E.Vəliyevin də daxil olduğu hakimiyyət dairələrində onun indiyədək vakant olan Bakının meri postuna qədər yüksəlməsi ilə bağlı planlar hazırlana bilər...”.
Yeri gəlmişkən, məlum hadisədən öncə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postuna real namizədlər arasında Elmar Vəliyevin də adı hallanırdı. Müxtəlif saytlar iddia edirdi ki, E.Vəliyevin gəncədəki fəaliyyəti, xüsusən də quruculuq işləri ölkə rəhbərliyini qane etdiyindən, onun Bakı meri vəzifəsinə təyin olunması ehtimalı yüksəkdir.
Əlbəttə, bu informasiyaların maraqlı qüvvələr tərəfindən mətbuata sızdırıldığı şübhə doğurmurdu. Bu isə onu deməyə əsas verirdi ki, Elmar Vəliyevin içində olduğu hakimiyyətdaxili qruplaşma paytxata rəhbərliyi ələ almağa çalışır. Üstəlik, bu vəzifənin aylardır boş qalması iqtidar daxilində bu post uğrunda nüfuz savaşı getdiyini də ortaya qoyurdu. Odur ki, bu gün Elmar Vəliyevin güllələnməsinə təsadüfi bir hadisə kimi baxmaq yanlış olar...
Təbii ki, biz E.Vəliyevin daxili nüfuz savaşının qurbanı olduğu fikrini israr etməkdən uzağıq. Amma o da mümkündür ki, burada hakimiyyətdaxili savaşı daha da qızışdırmaq istəyən üçüncü qüvvənin əli olub. Hər halda, yəqin istintaq tezliklə bu məsələlərə aydınlıq gətirəcək.
O ki qaldı E.Vəliyevi Bakı meri gətirmək istəyən qüvvələrin bu niyyətinin bundan sonra baş tutub-tutmayacağına, şübhəsiz, hazırda bu sualın cavabı icra başçısının sağlıq durumuna bağlıdır. Ancaq onun İsrailə aparılması və səhhəti ilə bağlı informasiyaların tam məxfi saxlanılması bu haqda nikbin danışmaq üçün ciddi əsaslar vermir...

Günay ƏSƏDOVA,

Muxalifet.az