İşıqforlar işləmədi, sıxlıq: POLİS NƏLƏR ETDİ? - Vaqif Əsədov

Son iki gündə maddi zərərlə nəticələn bir neçə yol nəqliyyat hadisəsi olub. Adətən işıqfor birləşmələrində qəzalar çox olur. Son qəzalar isə işıqforların işləməməsindən yox, tələblərə uyğun hərəkət edilməməsindən qaynaqlanıb.
Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında deyib. O bildirib ki, işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb:
“Düzdür, işıqforlar işləmədi, amma əməkdaşlarımızın işi vaxtı-vaxtında səmərəli təşkil etməsi, gücləndirilmiş iş rejimində çalışması, yolayrıcılarında xidmət aparması, hərəkəti nəzarət götürməklə, istiqamətin vaxtı-vaxtında dəyişdirilməsi qəzaların artmasının qarşısını aldı. Burada sürücülərimizin də rolu böyük idi. Onların da yollardakı peşəkarlığı danılmaz faktdır. İşıqforların işləməməsi, həqiqətən, pis nəticələrə gətirib çıxara bilərdi. Hətta metronun fəaliyyətini dayandırması insanların küçəyə axışmasına səbəb oldu, bu da öz növbəsində şəhərdə sıxlığın yaranmasına zəmin yaratdı. Bu sıxlıq xüsusən də 20 Yanvar dairəsində və Sumqayıt istiqamətində müşahidə olundu. Amma işıqforların işləmədiyi yerlərdə post-patrul avtomobillərindəki sayrışan işıqların işə salınması, eləcə də səsgücləndiricilərdən istifadə edilməsi müsbət nəticələr əldə etməyə səbəb oldu”./axar/