Kəndlərini bir-birilə dəyişən ermənilər və azərbaycanlılar

Baxış sayı:
4045

Kəndlərini dəyişən erməni və azərbaycanlılar - 30 ildir davam edən münaqişə

30 il bundan əvvəl, 15 iyun 1988-ci ildə Ermənistan SSR-nin Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qətnamə qəbul edir. Daha sonra isə SSRİ Ali Soveti bu qərarı ləğv edir.

Bunun nəticəsində baş qaldırmış Qarabağ münaqişəsi nəticəsində isə on minlərlə insan həlak olub, yüz minlərlə insan qaçqın düşüb.

BBC News Rusca erməni və azərbaycanlıların kəndlərini niyə və necə dəyişdirdiklərindən bəhs edir.

Cənubi Qafqazda qeyri-adi taleya malik iki kənd var: Azərbaycanda Kərkənc, Ermənistanda isə Dzünaşox.

30 il bundan əvvəl Kərkəncdə ermənilər, Dzünaşoxda isə (həmin vaxtı kəndin adı Qızıl Şəfəq olub) azərbaycanlılar yaşayıb.

Lakin həmin vaxt hələ bir ittifaqda birləşən Ermənistan və Azərbaycan arasında münasibətlər gərginləşir və nəticədə on minlərlə insan qaçqın düşür.

Belə bir xaos vəziyyətində bu iki kəndin sakinləri vəziyyətə nəzarət etməyə çalışırlar.

1988-ci ilin sonunda, yəni Qarabağda münaqişə başlayandan sonra Ermənistandakı azərbaycanlı kəndləri, Azərbaycanda isə erməni kəndləri boşaldılır.

Azərbaycanın Kərkənc kəndində erməni məzarlığı
Azərbaycanın Kərkənc kəndində erməni məzarlığı

Boşaldılmayan yalnız iki kənd qalır - Azərbaycanda Kərkənc, Ermənistanda isə Qızıl Şəfəq.

Onların qoruyan isə hər iki kəndin həddən artıq uzaqlığı.

Kərkənc və Qızıl Şəfəqə avtomobilin altını zədələmədən gedib çıxmaq mümkün deyildi.

Onlara aparan yollara heç vaxt asfalt döşənməyib.

Soyuq havalarda isə kəndləri qalın duman örtərdi.

Bayram Əlləzov Qızıl Şəfəq sovxozunun sədri olub

"Hər şey 88-ci ildə başlayır - həmin dövrdə Qızıl Şəfəq kəndinin sovxoz sədri Bauram Əlləzov deyir. - Azərbaycandan xəbər gəlir ki, Qarabağda və Yerevan ətrafında yaşayan azərbaycanlıları ermənilər deportasiya edirlər və növbə bizimdir".

Qızıl Şəfəq sakinləri getmək istəmirlər və çətin vaxtlarda gözləməyə qərar verirlər.

Məsələ o yerə çatır ki, tanış ermənilər vasitəsilə kənar dünya ilə əlaqələr yaranır və mümkün hücumlardan müdafiə üçün Moskvadan gənc kursantlar göndərilir.

Bir dəfə Əlləzov tanış məmurla söhbətində soruşur: "Bu işlərin axırı necə olacaq? Biz yaxın insanlarıq, bir yerdə duz-çörək kəsmişik".

O isə belə cavab verir: "Əlləzov, doğrudanmı başa düşmürsən?"

"Mən onda başa düşdüm ki, biz getməliyik", Əlləzov deyir.

İşxan Tsaturyan Kərkəncdən köçməyə rəhbərlik edib

Köçərkən yaranan çətinliklər

Əlləzov Bakıdakı ümumi tanışları vasitəsilə Kərkənc haqqında öyrənir.

Həmin vaxt, o xatırlayır, hər iki respublikada bir-birinə qarşı inamsızlıq hökm sürürdü.

Çox çətinliklərdən sonra o, rəhbərlikdən Kərkəncə getmək üçün icazə ala bilir. O zəmanət verir ki, onlar heç bir qan tökülməsinə yol verməyəcəklər.

Kərkəncdən olan həmkarı İşxan Tsaturyanla görüşüb evlərə baxış keçirirlər.

Kənddə ümumi 350 ev var idi, Kərkəncdə isə 150 ev. İnsanlar narazı idilər, Əlləzov deyir.

"Ümumiyyətlə camaat elədir ki, işlər yaxşı gedəndə elə bilirlər onlarlıqdır, işlər pis gedəndə isə sədri günahlandırırlar", o xatırlayır.

Azərbaycanlılar Dzünaşoxdakı evlərini tərk edirlər

Tsaturyan xatırlayır ki, köçmədən öncə bütün mal-qaranı satmalı oldular.

"Azərbaycanlılar üçün daha rahat idi, burada, qonşu Gürcüstanda qonşu kəndlərdə azərbaycanlılar yaşayırdı. Onlar bütün mal-qaralarını ora keçirdilər".

Onun sözlərinə görə, onlar öz heyvanlarını Azərbaycanda çox ucuz qiymətə satdılar - beş inəyi 1000 rubla: "Buna satmaq demək olmaz - havayı verdik". Lakin başqa çarə də yox idi.

Kərkənc sakinləri beş yük maşını tapırlar, Qızıl Şəfəqdəki azərbaycanlıların əşyalarını yükləyib Kərkəncə gətirirlər. Həmin maşınlarla da öz əşyalarını Qızıl Şəfəqə göndərirlər.

Tsaturyanın sözlərinə görə, heç bir problem olmadı.

Sadəcə yol uzaq idi. Kərkənc Azərbaycanın mərkəzində yerləşir, Qızıl Şəfəq isə (indi Dzünaşox adlanır) Gürcüstanla sərhəddə. Kəndlər arasında məsafə 400 kilometrdir.

Maşınların Azərbaycan nömrəsində olması işə yarayır.

"Orada postlardan başqa soyğunçular da dayanırdı. Bizim erməni olduğumuzu bilsəydilər, daş atacaqdılar ki, əşyalarımızı qoyub qaçaq", İşxan Tsaturyan deyir.

"Heç kim inanmırdı"

Qarabağ müharibəsi 850 min azərbaycanlını və 360 min ermənini qaçqın və məcburi köçkünə çevirir.

Müxtəlif mənbələrə görə, 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmaya qədər hər iki ölkədə 20 mindən 30 minə qədər insan həlak olub.

Münaqişədən və Ermənistandan qaçmağa məcbur olmalarından danışan Bayram Əlləzov hey təkrar edir ki, "heç kim Sovet hakimiyyətinin dağılacağına inanmırdı" və onun sovxozu sona qədər planı təhvil verib.

Digər kəndin təmsilçisi də eyni fikirləri bölüşür: Onlar kəndlərini müvəqqəti dəyişdiklərini hesab edirdilər və Moskvanın qayda-qanun yaradacağını gözləyirdilər.

"Biz inanırdıq ki, münaqişə həllini tapacaq və biz torpaqlarımıza geri qayıdacağıq", Tsaturyan deyir.

Onun sözlərinə görə buna qədər heç bir milli problem yox idi və "bir ailə kimi" yaşayırdılar.

Sərhədin o tayında

Artıq demək olar ki, bütün azərbaycanlılar getmişdi, yalnız bir neçə kişi qalmışdı, ermənilər isə yeni gəlirdilər.

Sonda qalmış kişilər azərbaycanlıların dəfn edildiyi məzarlığı yad edirlər.

"Onda belə razılığa gəlmişdik ki, mayda onlar gəlib məzarlıqlarını ziyarət edəcəklər, avqustda isə biz gedib öz qəbiristanlığımıza baş çəkəcəyik. Hardan bilərdik ki, dövlət sərhədi yaranacaq", Əlləzov deyir.

Dzünaşoxda Azərbaycan məzarlığı

Bir sözlə Ermənistan və Gürcüstan arasında sərhəd uzun illər şərti olub.

Əlləzovun sözlərinə görə, Gürcüstan ərazisində yerləşən və onun kəndindən cəmi dörd km aralıda yerləşən İrqançay kəndinin azərbaycanlı sakinləri ilə ermənilərin yaxşı münasibətləri olub.

1997-ci ildə Əlləzovlar İrqançayda qohumlarının toyuna gedirlər bə Bayraım kiçik oğlu Fuad uzaqdan evlərinə tamaşa edə bilir.

"Biz oranı tərk edəndə 16 yaşım var idi. Kəndimizə uzaqdan baxanda mənə çox ağır gəldi. İstədim gedim lap yaxından baxım, lakin ermənilərdən də qorxurdum, fikirləşdim əsir götürərlər", Fuad deyir.

Atasının qadağasına baxmayaraq, dumanlı noyabr ayında Fuad Gürcüstan nişanlı maşına oturaraq sərhədi keçir. O iki dəfə maşınla keçməyə risk edib və məzarlığı ziyarət edərək doğma evlərinin darvazasının şəklini çəkib.

Fuadın öz evlərinin darvazasını çəkdiyi şəkil

İndi hər iki kənd demək olar ki boşdur.

Əlləzovun özü Kərkəncdə yaşasa da bütün oğlanları çoxdandır Bakıdadırlar. Dzünaşoxda isə 150 ailədən cəmi 150 nəfər qalıb.

Əksəriyyət paytaxt Yerevana və ya Rusiyaya köçüb.

İşxan inanmır ki, o, münaqişənin sona çatmasını görsün.

"Bəlkə də 100 ildən sonra, necə ki indi Türkiyəyə gedirik, nəvələrimiz də turist kimi Azərbaycana gedəcəklər".

O, övladlarına və nəvələrinə Kərkəncin tarixindən bəhs edir və 100 yaşlı kəndin İrandan gəlmiş ataları tərəfindən qurulduğunu bildirir.

"İndi isə bu gənclər, bax bu qız ora niyə getsin ki? Uşaqlarımız ora üçün heç darıxmır", İşxan deyir.