Terror təşkilatı silahı yerə qoyacaq – Ankara rəsmən AÇIQLADI

“Münbiçin YPG-dən təmizlənməsi bir neçə ayda 3 mərhələdə tamamlanacaq. Silahlar YPG-dən alınacaq”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu amerikalı həmkarı Maykl Pompeo ilə iyunun 4-də Vaşinqtonda keçirdiyi görüşün nəticələrini şərh edən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
“Təsdiq etdiyimiz “yol xəritə”sinin birinci mərhələsində mütəxəssislərimiz hazırlıq işləri aparacaq. Daha sonra planın icrası mərhələsi başlayacaq. Üçüncü mərhələdə bölgənin kimlər tərəfindən idarə ediləcəyinə və təhlükəsizlik qurumlarında kimlərin yer alacağı müəyyən ediləcək. Burada sabitlik təmin olunduqdan sonra Münbiç modeli digər bölgələrdə tətbiq ediləcək. Biz bu modeli YPG tərəfindən işğal edilmiş digər bölgələrə də aparacağıq. Bununla bağlı razılaşmamız var”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.
Çavuşoğlu “yol xəritəsi”nin icrasında heç bir üçüncü ölkənin rol almayacağını söyləyib.
Türkiyənin xarici işlər naziri Qəndildə PKK terror təşkilatına qarşı keçirilməsi planlaşdırılan əməliyyat barədə danışıb. O, bu məsələdə Türkiyə, ABŞ, İraq və kürd muxtariyyəti arasında dördtərəfli əməkdaşlığın olacağını söyləyib.