​Avropanın üz döndərdiyi İran Rusiya və Çinin əlinə keçir - “THE WALL STREET JOURNAL”

Baxış sayı:
8311

“Çin və Rusiya firmaları öz dövlətlərinin dəstəyinə güvənərək avropalıların İranda buraxdıqları boşluğu doldurmağa çalışırlar”, - “The Wall Street Journal” qəzeti yazır.
Məqalə müəllifi Benua Fokonun fikrincə, bu D.Tramp administrasiyasının İranı iqtisadi təzyiqlə yola gətirmək cəhdlərini heçə endirə bilər.
 “Keçmiş prezident Barak Obamanın İranla imzaladığı nüvə sazişindən sonra ölkədəki nəhəng iqtisadi layihələrə göz dikən Avropanın böyük şirkətlərinin ən üst idarəçiləri indi Pekin və Moskvanın Şərqin ən böyük bazarlarından birinə yiyələnməsini sadəcə seyr edirlər”, - yazıda qeyd olunur.
Jurnalistin verdiyi məlumata əsasən, bu il Çinin “China Petroleum&Chemical Corp” şirkəti bu ay öz nümayəndələrini Tehrana göndərərək İranda nəhəng “Yadavaran” neft yatağının istismarı üçün 3 milyard dollarlıq xüsusi saziş bağlamaq niyyətindədir. Halbuki “Royal Dutch Shell PLC” şirkəti müqaviləni bağlamağa çox yaxın idi , lakin sanksiyaların gətirəcəyi risklərdən çəkinərək şirkət geri çəkilməli olub.
 
Çinin daha bir dövlət nəhəngi - “China National Petroleum Corp.” (CNPC) İrandakı təbii qaz yataqlarının istismarı ilə bağlı 1 milyard dollarlıq sərmayə üçün opsion əldə edib. Əvvəllər bu pulu Fransanın “Total” şirkəti vəd edirdi. Fransızlara təsəlli verən tək şey CNPC-nin “Total”ın partnyoru olmasıdır.
 “Rusiya İrana iş tərəfdaşı olaraq daha ehtiyatla yanaşır, lakin onun şirkətləri burada geniş əlaqələr qurmaqda davam edirlər”, - yazıda bildirilir.
 “Rosneft” İranda dəyəri 30 milyard dollarla ölçülən strateji müqavilələr bağlamağa hazr olduğunu artıq bəyan edib. Rusiyanın başqa bir dövlət şirkəti “Zarubejneft” İranda sərmayəçilərə xam neftin əldə olunmasını nəzərdə tutan yeni müqavilə tipini imzalayan tək xarici şirkətdir.
 
Jurnalist bütün bunların Trampın İranı sıxmaq siyasətinin nə dərəcədə riskli olduğunu göstərdiyini yazır.
Fokon bir amerikalı yüksək rütbəli məmurun məsələ ilə bağlı şərhini də verib : “ABŞ sanksiyalarının təsiri o dərəcədə böyükdür ki, hətta Çin və Rusiya şirkətləri də bunları görməzdən gələ bilməz. Əgər sabah onlar ABŞ, yoxsa İran seşimi qarşısında qalsalar, çox güman ki, birinciyə üstünük verəcəklər”.
 
“İqtisadi müharibədə ABŞ-ın deyil, İranın tərəfini tutmaqla Rusiya və Çin Trampla saysız mübahisələr içində yeni cəbhə açmalı olacaqlar. Buraya Ukrayna münaqişəsindən tutmuş, metala tətbiq olunan rüsuma qədər hər şey daxildir. Lakin avropalı rəqiblərin sıradan çıxması olduqca cəzbedici perspektivdir. Rusiya İranı özünün Yaxın Şərqdəki ekspansiyasındakı növbəti plasdarmı və Qərblə mübarizədə o qədər də güvənli olmasa da, hər halda təbii müttəfiqi kimi görür. Pekin üçün isə İran “Bir kəmər, bir yol” strategiyası daxilində ticarət kanallarından biri sayılır”, - müəllif yazır.