“Çox gözləyirdim ki, Cümhuriyyət rəhbərlərinin heykəlləri qoyulacaq…”

Dilavər Əzimli: “Sovet təfəkkür sistemi indi də davam edir”
Artıq Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinin 100-cü ildönümünün tamam olmasına sayılı günlər qalıb. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Müsəlman Şərqində ilk parlamentli respublika məhz Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə olub ki, bu da Cümhuriyyət qurucularının demokratik dəyərlərə sayğı ilə yanaşdığının göstərcisidir. Bəs, demokratik dövlətçilik ənənələri olan, 100-cü ildönümü tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını biz asanmı əldə etmişdik? “Hürriyyət”in bu və ya digər suallarını tarixçi alim Dilavər Əzimli cavablandırıb.
- Xeyr, Cümhuriyyətin qurulması çətin və əzablı yollardan keçmişdi. Bildiyiniz kimi, Qacar türk imperiyası ilə Rusiya imperiyası arasında baş verən savaşdan sonra Qacar türk imperiyası Azərbaycan ərazilərinin böyük bir hissəsini itirdi. Bu, Arazdan bu tərəfə olan ərazilər idi və bu ərazilər Rusiyanın işğalı altına düşdü. Sonra Rusiyanın burada apardığı “əritmə” siyasəti öz təsirini göstərməyə başladı. Bizim ənənəvi təhsil sistemimiz böyük zərbə aldı və o böyük təhsil sistemi haqqında ümumiyyətlə, danışmaqdan məhrum oldular, ruslaşdırma siyasəti aparmağa başladılar. Azərbaycanda yaşayan bütün xalqların nümayədələrini, xüsusilə türkləri orduya cəlb etmədilər. Bu da onun gələcəkdə təhsildən və hərbdən uzaq olmasına söykənirdi. Amma bununla belə, onu tam şəkildə həyata keçirə bilmədilər. Onu da deyim ki, dini kəsim üzərində çox böyük işlər apardılar, məhv etdilər, məhv etmədiklərinin çoxunu da pulla satın aldılar. Amma bununla belə, Azərbaycanda 19-cu əsrin sonlarından neft bumu başlayanda kapitalizm inkişaf etməyə və ziyalı nəsli, qabaqcıl fikir nəsli yetişməyə başladı. Həsən bəy Zərdabilər, Əli bəy Hüseynzadələr, Mirzə Fətəli Axundovlar və bunların davamçısı olaraq 20-ci əsrin əvvəlində vətənə, dövətə, xalqa bağlı böyük bir ziyalı təbəqəsi yetişdi. Rusiyada da 1905-07-ci illər inqilabı Azərbyacanda inqilabi dəyişikliləri labüd etdi və fəallıq yüksəldi. 1914-cü il birinci dünya müharibəsi və bu ərəfədə baş verən proseslər sonradan Cümhuriyyətin qurulması ilə nəticələndi. Gördüyünüz kimi, böyük bir əzablı yollar keçirildi.
- 23 aylıq Cümhuriyyət dövrü bizə nə qazandırdı?
- Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək, “biz xalqa müstəqilliyin dadını dadızdırdıq”. Əslində, doğru deyirdi. Siz təsəvvür edin, müstəqiliyini itirmiş, köləliyə məcbur edilmiş bir xalqa yenidən dövlətçilik qaytarıldı. Həm də elə bir dövlətçilik qaytarıldı ki, Azərbaycan sözünü ehtiva etməklə, bütün indiki İran coğrafiyasında yaşayan azərbaycanlılar nəzərdə tutulurdu. Yəni onun sərhədləri qədim coğrafiyanı əhatə etmiş Azərbyacan ərazilərinə qədər işləyirdi. Bu mənada Azərbaycan sözünün üzərində dayanmaqları bizim üçün çox böyük dəyər kəsb etdi. İkincisi, itirilmiş dövlətçilyimizi bərpa etdilər. Üçüncüsü, milli dövləti bizə bəxş etdilər. Bu milli dövləti bizə bəxş etməklə, biz bügünkü İran fars şovinistlərinin üzərinə asanlıqla yeriyirik və onlar bizə həqarət edəndə sual olunur, sizin milli dövlətiniz ilk əvvəl olub, yoxsa bizim? Təbii ki, onlar dərhal susurlar. Çünki Cümhuriyyətdən qabaq Şərq dünyasında bütün dövlətlər dini əsaslara söykənib. Tarix bunu sübut edir. Amma məhz 1918-ci il milli dövləti ortaya qoydu, İranda isə 1935-ci ildə İran adında rəsmi dövlət yarandı. Yəni bu dövlətçiliyi bizə verdilər. Hətta bu dövlətçiliyi verəndən sonra, bolşeviklər hakimiyyətə gələndə də onlara xüsusi maddə ilə dövləti təhvil verdilər ki, bu maddədə Azərbaycan dövlətçilyinin davam etdirilməsi məsələsi əksini tapmışdı və o zaman deyilən “bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı böyük Məhəmməd Əmin Rəsulzadənin dilindən çıxmışdı və dəfələrlə bu bayraq qaldırıldı. Bu proses 1940-50-ci illərə qədər davam etdi, müxtəlif gizli təşkilatlar yaradıldı. “İldırım” və digər təşkilatlar yaradıldı. Konkret 1956-cı ildə bayraq “Qız Qalası”nın üzərində dalğalandı və 1988-ci il hadisələrində həmin bayraq “Azadlıq” meydanına gəldi, azadlıq təşnəsi daha da gücləndi və 1991-ci ildə biz indki müstəqil Cümhuriyyətimizə sahib çıxdıq. Düzdür, o ənənələri tam bərpa etməsək də, biz onun varisləriyik və inanıram ki, müəyyən müddətdən sonra ənənələr tam bərpa olunacaq.
- Cümhuriyyətin adı ilə bağlı sosial şəbəkələrdə müzakirələr gedir. Konkret Cümhuriyyətin adı tarixdə necə gedir?
- Azərbaycan Cümhuriyyəti “İstiqlal bəyannaməsi”ndə Azərbyacan Xalq Cümhuriyyəti kimi təqdim olunub. Bu da onun irəli gəldi ki, yəni bu Cümhuriyyət xalqın Cümhuriyyətidir. Bu, ciddi məsələdir. Amma “cümhur” da xalq deməkdir. Ona görə də bu, “İstiqlal bəyannaməsi”ndə belə əksini tapıb. Amma bütün sənədlərdə Azərbaycan Cümhuriyyəti şəkilində gedir. Yəni bunun adı Azərbaycan Cümhuriyyəti şəkilində əksini tapıb. Bir “İstiqlal bəyannaməsi”ndə o cür yazılması da ondan irəli gəlir ki, bizim Cümhuriyyətimiz xalqa məxsusdur. Amma bunun adı Azərbaycan Cümhuriyyətidir.
- Ümumiyyətlə, Azərbaycan Cümhuriyyətinin tarixi yetərincə araşdırılıbmı?
- Son illərdə Azərbaycan Cümhuriyyəti ilə bağlı güclü araşdırmalar gedib. Özü də o, araşdırmaçının adını bilirsiniz, Azərbaycan xalqı da bilir. Amma yenə də onu araşdırmağa böyük ehtiyac var. Bu yaxınlarda mən Leninqradda tədbirdə iştirak edəndə tədqiqatçılardan Nəsiman Yaqublu dedi ki, o zaman Cümhuriyyət rəhbərləri Tiflisə doğru gedirdilər, hamı düşünürdü ki, bunlar Tiflisə Avropaya getmək üçün gedirdi. Amma məlum olub ki, Gürcüstan hələ bizdən sonra işğal olundu, orada bizim Cümhuriyyət rəhbərləri “Azərbaycanı xilas” Cəmiyyəti yaradırlar və bu “Azərbyacanı xilas” Cəmiyyətinin əli ilə burada bütün proseslər idarə olunub, rus işğalına qarşı üsyanlar baş verib. Hesab edirəm ki, bu cür məsələlər tam tədqiq olunmayıb. Cümhuriyyətin gizli fəaliyyəti və orada baş verən proseslər hələ də araşdırılmalıdır. Hesab edirəm ki, hələ onun araşdırılmalı çox məsələləri var. Dil və digər məsələlər yenidən araşdırılmalıdır.
- Azərbaycan Cümhuriyyətinin varisi olan indiki Azərbaycan dövlətinin Cümhuriyyətin qurucuları, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Fətəli Xan Xoyski, Nəsib bəy Yusibəyli və baqşalarının adlarının əbədiləşdirlməsi ilə bağlı gördyü işləri necə dəyərləndirirsiniz?
- Mən həmişə bu suala cavab verəndə deyirəm ki, ağrılı-əzablı illər yaşadıq. Şəxsən mən iki dövr yaşamışam: Sovet dövrü və müstəqilik dövrü, Hərəkatda da olmuşam. Təsəvvür edin ki, bizim beynimizi necə dəyişmişdilər, biz daha çox SSRİ qəhrəmanları, işğalçı bir ordu ilə fəxr edirdik. O haqda Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Səyavuşu”nda gözəl yazır. Siz təsəvvür edin 46-cı illərə qədər bizim kommunistlərin içərisində belə bir meyl var idi, sonra onları məhv edirlər. 50-ci illərdən sonra tamamilə ayrı bir nəsil yetişdirirlər və bizim beynimizdən Cümhuriyyət rəhbələrini, dövlətimizi silirlər və unuduruq. Bu fikilər 80-ci illərdə meydana çıxır və xalq bununla üzləşir. Bu mənada bizə iki təfəkkür sistemi gəlir: biri Cümhuriyyət, müstəqillik təfəkkür sistemi, biri də Sovet təfəkkür sistemi. Hesab edirəm ki, bu, indi də davam edir. Mən çox gözləyirdim ki, bunlar üçün yaxşı bir park yaradılacaq, Cümhuriyyət qəhrəmanlarının, rəhbərlərinin heykəlləri qoyulacaq, orada eyni zamanda Nuru və Ənvər Paşa kimi qəhrəmanların da heykəlləri qoyulacaq və bizim qızlar gəlin köçəndə ora gedib, gül qoyacaqlar. Çox gözləyirdim ki, şəhərimiz çil-çıraqban olacaq və hər yerdən plakatlar asılacaq. Məsələn, mən Türkiyəyə gedəndə, orada böyük konfrans keçiriləndə bir də görürsən ki, İstanbulun küçələrində plakatlar asılıb və xalq bunu görür. Hesab edirəm, bu plakatlar daha çox asılmalı idi, hər yeri bürümləi idi. Deməzdim ki, biz bunu tam yüksək səviyyədə qeyd edirik və şəxsən mənim istədiyim səviyyədədir. Amma xalq özü Cümhuriyyət rəhbərlərini, qəhrəmanlarını istəyir və xalq öz Cümhuriyyətini sevir. Təsəvvür edin, məktəblərə, institutlara gedirsən, uşaqlar ayağa durur, onların adları çəkiləndə kövrəlirlər, səhnəciklər qoyurlar, fəxrlə Məhəmməd Əmin Rəsulzadə rolunu oynayan ora çıxır. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusibəyli-onlar könüllərin fatehləridir və bu millətin könlündə özlərinə yer ediblər. Hesab edirəm ki, zaman-zaman bu iki təfəkkür sistemi arasında gedən mübarizədə Cümhuriyyət təfəkkürü üstün gələcək. Çünki mən bunu şagirdlərdə, cavan uşaqlarda görürəm. Biz nəsil tamamilə məhv olacağıq, elə mən də o nəsilə daxiləm və o təfəkkür sistemi yoxa çıxandan sonra Allahın köməyi ilə burada təkcə Azərbaycan Cümhuriyyətinin 100 illiyi yox, hər ili təntənəli keçiriləcək. Amma 100 illiyin bu cür keçirilməsi də şəxsən məni qane edir. Hesab edirəm ki, gələcəkdə yüksələn xətlə inkişaf edəcəkdir və bu məsələdə xalq həmişə bir olacaq və bir nöqtəyə vuracaqdır.
- Cümhuriyyət irsinin öyrənilməsinə qısqanclıqla yanaşıldığını deyənlər var. Sizcə, bu, doğrudurmu?
- Bütün dövrlərdə bütün tarixlərə qarşı o cür münasibət olur. Götürün, Səfəvilər dövrünü, onda da elə davam edib. Bayaq dediyim kimi, kim o təfəkkür sisteminə malikdirsə, ona qısqanclıqla yanaşır. Çünki o təfəkkür sistemi onu qəbul edə bilmir. Amma kim cümhuriyyət, müstəqil dövlət təfəkkürünə məxsusdursa, onu öz balası kimi qəbul edir. Mən sizə bir şey deyim. Bizim işləyəcəyimiz gələcək mövzulardan biri bolşevik işğalının, bolşeviklərin cinayəti haqqında sanballı güclü, tənqidi əsərlər yazmaqla yanaşı, faktlara əsaslanıb, onları ifşa etmək, məhkəməyə verə biləcək materilları hazırlamaq olmalıdır. Mən elə bilirəm ki, biz onu hazırlasaq, millətdən tamamilə o təfəkkürü silə biləcəyik. Hesab edirəm ki, dünya tarixində bölşevik işğalı qədər murdar, əclaf bir dövr olmamışdır. Təsəvvür edin ki, 1920-ci ildən 1921-ci ilə qədər 8-9 ayda Azərbyacanda nə qədər hərbçi güllələyiblər, 40 minə qədər ordu heyətini məhv ediblər. Hələ mən 1936-37-ci il repressiyalarını demirəm. Biz onu etsək, o təfəkkür sistemini məhv edəcəyik. O təfəkkür sistemi məhv olunmasa, həmişə qısqanclıq olacaq.
- Dilavər müəlim, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra bəzi rəhbər şəxslər, nazirlər, Qərbə deyil, Tiflisə üz tutublar. Bu, hansı səbəblə bağlıdır?
- Çünki Tiflisdə mərkəz yaradılmışdı, “Azərbaycanın xilası” naminə təşkilat idi. O təşkilatı oradan idarə edirdilər və ora gedənlər də adi insanlar deyil, sanballı insanlar idi. Orada əsas məqsəd Azərbaycanın xilası idi . Əgər “Qızıl ordu” Azərbaycanda yıxılsaydı, Azərbaycanda yenidən Cümhuriyyət bərpa olunacaqdı. Bu məqsədlə ora getmişdilər.
- Cümhuriyyət dağıldıqdan sonra Azərbaycanın torpaqlarının bir hissəsi ermənilərə verilib. Sizcə, həmin dövrdə bunun qarşısını almaq mümkün idimi?
- Həmin vaxt bunun qarşısını almaq mümkün deyildi. Çünki artıq Rusiya Azərbaycanı işğal etmişdi. İngilislər və digərləri onları dəstəkləyirdi. Demək olar ki, beynəlxalq aləm onları dəstəkləyirdi, iş birliyi qurmuşdular və onlar gələcəkdə öz iqtisadi maraqları naminə Azərbaycan kimi yeri asanlıqla “qurban” verməyə hazır idilər. Necə ki, də “qurban” verdilər.
- Bəzi millət vəkilləri iddia edirlər ki, Azərbaycanın dövlətçilik tarixi məhz Cümhuriyyət dövründən başlayır. Ondan əvvəlki Azərbaycan dövlətlərini - Səfəviləri, Ağqoyunluları, Qaraqoyunluları inkar edirlər. Sizcə, bu nə dərəcədə doğrudur və bu cür fikirlər nədən qaynaqlanır?
- Bunlar hamısı başdan-ayağa yalandır, cəfəngiyyatdır, tarixi bilməməzlikdən irəli gəlir. Azərbaycanın adı həm coğrafi, həm də dövlət mənasında işlənib. Bu, tarixən belə olub. Bunu tarixi mənbələr də sübut edir. Bu, Səfəvilərin mənbələrində, ondan sonrakı tarix mənbələrdə də öz əksini tapır. 1918-ci ildə böyük Azərbaycanın bir hissəsində, balaca bir yerdə Azərbaycan adlı dövlət yaratdılar. Buna Azərbaycan adını verməkdə məqsəd məhz bütöv Azərbaycanı əhatə etmək üçün idi. Bu, ondan doğur. Amma Azərbaycan adı tarixdə həm coğrafi, həm də dövlət mənasında həmişə işlənmişdir. Onlar hamısı tarixə yad, ögey münasibətdən irəli gəlir. Onlar hamısı rus, Avropa tarixçilərinin yazdıqlarından götürərək bir növ İran tarixçilərinin xeyrinə işləyən ifadələr işlədirlər ki, o da yanlış fikirlərdir.
- Necə düşünürsünüz, Azərbaycan Xalq Cümhuriyyəti niyə süqut etdi? Onu saxlamaq şansı var idimi?
- Xeyr, Məhəmməd Əmin Rəsulzadə onu “Siyavuşun faciəsi”ində çox gözəl yazıb. Əsas o idi ki, özümüzə bir böyük qardaş, arxalanmağa kömək yox idi. Osmanlı imperiyası parçalandı, oradan bir türk cümhuriyyəti yaradan Atatürk çıxdı. Sonradan baş verən proseslərə nəzər salıb, Atatürkün və Türkiyənin hesabına Naxçıvana sahib çıxa bilmədilər, dövlətin üstündə iddiasını qoyub. Bu mənada köməksiz idi. Bunu “Əsrimzin Siyasvuşu”nda Məhəmməd Əmin Rəzulzadə yazır. Burada beynəlxalq kütlə bizim canımıza işlədi. Amma indi bu günlə müqayisə etsək görərsiniz ki, artıq böyük Türkiyə var. Xəlil Rza demişkən, nə yaxşı ki, Türkiyə var, nə yaxşı ki, Atatürk var. İndi fəxr ediləsi vəziyyətdir. O dövrə baxın, görün Türkiyə nə gündədir, Azərbaycan nə gündədir. Hesab edirəm ki, o işğaldan qaçmaq mümkün deyildi.
Şamo EMİN