1918 - Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili

Baxış sayı:
4381

1918-ci il Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili olub.

Həm gürcülər, həm də ermənilər Lori rayonunun Borçalı uyezdinə iddia edirdilər. Bu ərazi mübahisəsi 1918-ci ilin dekabrında Gürcüstan və Ermənistan orduları arasında silahlı toqquşmalara səbəb olur.

Britaniyanın müdaxiləsi nəticəsində ərazidə müharibənin qarşısı alınır. Qonşular Ərdahan ilə bağlı da razılığa gələ bilmirdi və bu da qarşıdurma yaradırdı.

Azərbaycanlılar ilə ermənilərin də Qarabağ, Qazax, Zəngəzur və Naxçıvan üstündə ərazi mübahisəsi mövcud idi. Bolşeviklər 1920-ci ildə gələnə qədər bu ərazi münaqişələri və silahlı qarşıdurmalar davam edib.

Gürcüstan və Azərbaycan Zaqatala okruqu, Borçalı uyezdi və Siqnaxın bir hissəsinə sahiblik barədə razılaşa bilmirdilər. Əvvəlki yazılarda bu ərazi mübahisələri haqda məlumat verilib. Mübahisələrin heç biri hərbi qarşıdurma yolu ilə həll olunmayıb. Hər iki tərəf məsələləri sülh yolu ilə həll etməyə çalışıb.

Bu isə qarşımızda maraqlı bir mənzərə açır. Həm Gürcüstan-Ermənistan, həm də Azərbaycan-Ermənistan ərazi mübahisələri silahlı toqquşmalarla müşayiət olunmuşdu.

Azərbaycan-Gürcüstan münasibətləri

AXC Nazirlər sovetinin heyəti

Fəqət Azərbaycan və Gürcüstan arasındakı bənzəri ərazi mübahisələrini yalnız Bakı və Tbilisi diplomatları üçün gərgin iş yükü kimi səciyyələndirmək olar. Bəs silahlı toqquşmalar fonunda bu sülhə səbəb nə idi?

Çox güman ki, iki ölkə arasındakı güclü qarşılıqlı iqtisadi münasibətlər.

Azərbaycan neftdən gələn gəliri ilə məşhur idi. Müasir Bakı müasir neft sənayesinin məhsulu idi. Müasir Azərbaycan üçün neft üzərindəki idarə həyati əhəmiyyət kəsb edirdi. Lakin bu kifayət deyildi. Azərbaycan iqtisadiyyatı üçün ixrac gəlirləri əldə etməkdən ötrü neftin dünya bazarına çıxarılması şərt idi.

1918-ci ildə Batumi limani Bakıya qədər uzanan müasir dəmiryolu xətti ilə Azərbaycan üçün yeganə neft ixracı dəhlizi idi. Bu dəmiryolu sayəsində qiymətli yük Bakıdan Batumiyə səmərəli şəkildə daşınırdı. Əsrin əvvəlində eyni marşrutun paralelində boru kəməri də çəkilməyə başlamışdı. Bakı nefti Batumi limanına uzanan daşınma dəhlizindən asılı idi.

Medalın bir üzü belə görünürdü. Amma digər üzü də var idi: Gürcüstan da Azərbaycandan müxtəlif şəkillərdə asılı idi.

Bakı kimi Gürcüstanın Batumi limanı da neft vasitəsilə inkişaf edirdi. Saxlanma və daşınma Gürcüstan üçün çox vacib iqtisadi fəaliyyət hesab olunurdu. Gürcüstanın Azərbaycan neftinə tələbatı həm də daxili istehlakdan asılı idi.

Başqa bir mühüm məsələ də Gürcüstan əhalisinə yetik qida təminatı ilə bağlı idi. Gürcüstanda kifayət qədər qarğıdalı əkilirdi. Lakin buğda və arpa yetəri qədər deyildi. 1918-ci ildən öncə Gürcüstanın ənənəvi dənli bitki qaynaqları Şimali Qafqaz, Stavropol və Qara dəniz quberniyaları və Rusiyanın Kuban oblastı sayılırdı.

1918-20-ci illərdə isə Gürcüstan Ukrayna buğdasını böyük çətinliklə əldə edirdi. Bolşeviklər, Ağ Ordu və Ukrayna millətçiləri arasında baş tutan Rusiya vətəndaş müharibəsi kənd təsərrüfatı məhsullarının istehsalı və nəqlinə mane olurdu.

Vətəndaş müharibəsini aparan tərəflərin gözündə isə Gürcüstanın yeri heç də yaxşı deyildi. Nə Bolşeviklər, nə də Ağların Tbilisidəki Menşevik hakimiyyəti ilə yaxşı münasibəti var idi.

Tərəflərin Gürcüstanın müstəqilliyi ideyasına qarşı niyyəti yaxşı deyildi və Gürcüstanın Ukraynadakı qara torpaqlardan alınan taxıla çıxışının qarşısını almaq üçün əllərindən gələni edirdilər.

Ukrayna millətçiləri güclü olan zamanda gürcülər qısa müddətlik də olsa, buğda əldə edə bilirlər. Bu imkan isə Denikinin ağ ordusu daha böyük əraziləri idarə etməyə başladıqdan sonra kəsilir.

1919-cu ilin payızında Gürcüstanın müxtəlif hissələrində mal-qara xəstəliyi yayılır və işlər daha da pisləşir. Bunun ardınca digər ərazilərdəki qida mənbələrinin əhəmiyyəti daha da artır.

Bu alternativlərdən biri də Azərbaycan idi. Azərbaycanda düyü əkildiyi halda, Gürcüstanda əkilmirdi. Müharibədən öncəki rəqəmlərə əsasən, Azərbaycan uyezdlərindəki buğda və arpa hasilatı Gürcüstan ərazisindəkindən iki dəfə çox idi.

Azərbaycanın Muğan düzündə yetişdirilən taxıl mühüm faktor idi. 1919-cu ilin biçini ötən ildəkindən daha yaxşı olduğuna görə hər kəs ümidli idi.

Başqa bir mənbə qida təminatı ilə zəngin (xüsusilə də balıq, düyü və taxıl) Xəzər İranı idi. Bu mənbəyə gedən yeganə yol isə Azərbaycandan keçirdi. Ermənistandan keçən Tbilisi-Culfa-Mərənd dəmiryolu fəaliyyət göstərmirdi. Azərbaycan Gürcüstan-İran ticarəti üçün tək nəqliyyat dəhlizi idi.

Tbilisinin Bakı ilə səmimi münasibətində ən mühüm rolu Gürcüstan əhalisinin yaşayış tələbatı oynayırdı.

1918-ci ildə ərazi mübahisələri Gürcüstan və Ermənistan arasında kiçik miqyaslı müharibəyə səbəb olmuşdu. Oxşar ərazi mübahisəsi Azərbaycan və Ermənistan arasında da silahlı qarşıdurma yaratmışdı.

Azərbaycan və Gürcüstan arasında ərazi mübahisələri heç bir döyüşə yol açmamışdı. Əksinə, hər iki tərəf bir-birini strateji müttəfiq kimi görürdü. Çünki hər iki tərəf münaqişə yox, məhz əməkdaşlıq yolu ilə çox şey əldə edə biləcəyini anlayırdı.