RUSİYA YAXIN ŞƏRQDƏ İSRAİLDƏN ÇƏKİNİRMİ

Baxış sayı:
3547

Moskva növbəti dəfə Suriyaya S-300 satmaqdan vaz keçdi, Moskva dünyanın ən böyük lobbisi ilə qarşı-qarşıya gəlmək istəmir

Rusiya Suriyaya S-300 zenit-raket kompleksləri göndərməyə hazırlaşmır. Bu barədə açıqlamanı “İzvestiya” qəzetinə Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin açıqlama verib. Kojin deyib ki, Suriyaya müasir silah sistemlərinin verilməsi gündəmdə deyil.
Ancaq aprelin 24-də Rusiya xarici işlər naziri Sergey Lavrov, ondan əvvəl isə Rusiya Müdafiə Nazirliyi Suriyaya S-300 Hava Hücumundan Müdafiə Sistemləri veriləcəyini bəyan edib. Bunun əsas səbəbi isə aprelin 14-də ABŞ. Fransa və Britaniya “üçlüyünün” Suriyaya hava zərbələri olub. Bu zaman Suriya ordusu əlində olan minimum imkanlarla, əsasən sovet istehsalı olan S-200 Pantsir-1 sistemləri ilə atılan raketləri zərərsizləşdirməyə çalışıb. Ancaq sovet sistemləri müəyyən nəticə göstərsə də, ümumilikdə müasir silahlara qarşı zəifdir. ABŞ və müttəfiqlərinin, eləcə də vaxtaşırı olaraq İsrailin Suriya ərazilərini, əsasən hökumət qüvvələri, hava və hava hücumundan müdafiə güclərini hədəfə almasının qarşısında yalnız nisbətən müasir hava hücumundan müdafiə quröuları dayana bilər. Doğrudur, Rusiyanın Suriya ərazisində, əsasən də Laziqiyyə və Tratus bölgələrində dənizdə və quruda müasir S-400 hava hücumundan müdafiə batareyaları var. Ancaq ruslar bu texnikaları ABŞ və İsrailə qarşı istifadə etmir.
İndi isə məlum olur ki, ruslar söz versələr də, Suriyaya S-300 sistemləri vermək istəmirlər. Bunun isə əsas səbəbi heç şübhəsiz ki, İsraildir. Məsələ ondadır ki. İsrail ilk gündən bəyan edib ki, Rusiya Suriyaya S-300 verərsə, İsrail bu sistemləri məhv edəcək. Ancaq aydın məsələdir ki, bu amil rusların Suriyaya yeni hərbi texnika verməsi qarşısında maneə ola bilməz. Çünki istənilən halda satılan texnikaya onu alan cavabdehdir. Yeri gəlmişkən, ruslar Suriyaya S-200 sistemlərindən təxminən 40 ədəd verib.
Ancaq daha müasir müdafiə sistemləri vermirlər. Bu məsələdə əsas maneə İsraildir. İsrail müdafiə naziri Aviqdor Liberman hədələyərək deyib ki, Bəşər Əsəd S-300-lərdən İsrailə qarşı istifadə edərsə, o zaman İsrail cavab atəşi açacaq. Maraqlıdır ki, son aylarda bir neçə dəfə İsrail rəsmilərinin Rusiyaya, Rusiya müdafiə naziri, eləcə də xarici kəşfiyyatın (QRU) rəisi də İsrailə səfər edib. Bununla paralel olaraq Rusiya prezidenti ilə İsrail baş naziri arasında bir neçə dəfə telefon danışıqları olub. Ən sonuncu dəfə isə Netanyahu keçən həftə Rusiya prezidenti ilə telefonla danışıb və bundan sonra İsrail və Suriya arasında qarşılıqlı atəş həyata keçirilib.
Qəribə də olsa, Rusiya İsraildən çəkinir. Söhbət ondadır ki, Rusiya açıq şəkildə Bəşər Əsədi müdafiə edir, onun məğlub olmaması üçün ordu göndərir, ciddi maliyyə və silah dəstəyi verir, hətta əsgərlərini Suriyada ölümə göndərir. Ancaq eyni zamanda Rusiya İsrailin heç bir hüquq və beynəlxalq normaya sığmadan Suriya ərazilərini bombalamasına göz yumur. Halbuki Rusiya istədiyi zaman Suriya ərazilərini Türkiyə və digər qonşu ölkələrə bağlaya bilir.
İsrail isə çox sərbəstdir, istədiyi zaman təyyarələrini qaldıraraq Suriyanın istədiyi nöqtəsini, hətta paytaxt Dəməşqi belə bombalayır. Bunun nəticəsində Suriya ordusu ağır zərbə alır, silah və hərbi gücünü itirir. Məntiqlə ruslar buna qarşı qoymalı, Bəşər Əsədin İsrail qarşısında bu qədər əzilməsinə imkan verməməliydi. Ancaq qəribə də olsa, Moskva Təl-Əviv qarşısında çəkingəndir.
 
Bəzi müşahidəçilərə görə, Rusiyanın İsrail qarşısında bu qədər güzəştli davranışının arxasında dayanan faktorlardan biri Rusiyadakı nüfuzlu yəhudilərdir. Rusiyanın biznes, siyasət, mədəniyyət dairələrində hələ də güclü olan yəhudi icmasının Kremlə təsiri çox böyükdür və onlar İsrailə qarşı qərarların verilməsinə mane olur. İkinci mühüm amil dünyadakı yəhudi lobbisidir. Rusiya yəhudi lobbisini özünə qarşı çevirmək, onlarla qarşı-qarşıya gəlmək istəmədiyi üçün İsraillə bağlı siyasətində ehtiyatlı davranır. Eyni zamanda mümkündür ki, Rusiya özü də müəyyən dərəcədə Suriyanın və İranın güclənməsində maraqlı deyil. 1948-ci il noyabrın 26-da BMT-də keçirilən səsvermədə SSRİ yeni qurulacaq İsrail dövlətinə səs vermişdi. Həmin vaxt İkinci Dünya müharibəsi yeni bitmişdi və Hitleri dəstəkləyən ərəblərlə müqayisədə müharibənin qurbanları olan və dünyada böyük dəstək görən yəhudilərə dəstək vermək Stalin hökumətinin maraqlarına uyğun idi. Həm də tamamilə Britaniya, Fransa və ABŞ-ın (o zaman qismən - K.R.) təsirində olan Yaxın şərqə daxil olmaq üçün yeni münaqişənin olması həm də Moskva üçün pis variant deyildi. Düşünüldüyü kimi oldu və sonrakı illərdə SRRİ ABŞ və Qərb blokundan küsən ərəb rejimlərinə himayəçilik etdi.
Hazırda isə situasiya fərqli olsa da, Rusiya rəhbərliyi bəlli səbəblərdən İsrail dövlətini qarşısına almaq istəmir. Ancaq Yaxın Şərqdə şərtlər çox sürətlə dəyişə bilir.