"Bundan sonra İrana qarşı daha sərt mövqe sərgilənəcək" – NATİQ MİRİ

"Tramp Rusiya ilə əməkdaşlıqda maraqlıdır, lakin Pentaqonda və Konqresdə bunu istəməyən çox ciddi qüvvələr var"
ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonla yollarını ayırmağı qərarlaşdırıb. Belə ki, bu barədə öz Twitter səhifəsində yazan Tramp Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib. ABŞ prezidenti bunun səbəbini açıqlayarkən Tillersonla İran məsələsində razılığa gələ bilmədiyini qeyd edib.
Bu qərarı təkbaşına verdiyini vurğulayan Donald Tramp uzun müddətdir ki, bu barədə düşündüyünü də əlavə edib: "Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm".
Heç şübhəsiz ki, Reks Tillersonun dövlət katibi vəzifəsindən uzaqlaşdırılması ciddi müzakirələrə yol açıb və bununla bağlı müxtəlif səpkili fikirlər, versiyalar səsləndirilir. Odur ki, siyasi ekspert Natiq Miri ilə sözügedən mövzu ətrafında söhbətləşdik.
- Sizcə, Reks Tillersonun vəzifəsindən azad edilməsinin əsas səbəbi nədir?
- Artıq bir neçə ay idi ki, ABŞ-da bir çox media qurumları Tillersonun tezliklə istefaya göndəriləcəyinə dair xəbərlər dərc edirdi və bu barədə deyilənlər təsadüf deyildi. Tillersonun rəhbərlik etdiyi departamentlə bilavasitə xarici siyasətlə bağlı prezidentin fikirləri arasında müəyyən ziddiyyətlər var idi. Bu ziddiyyətlər isə əsasən İran və Şimali Koreya ilə bağlı siyasətdə özünü göstərirdi. Yəni Tillerson İranla bağlanan müqavilənin ləğv olunmasının tərəfdarı deyildi. O, Tehrana qarşı bu cür sərt mövqeyin ortaya qoyulmasının bilavasitə əleyhinə çıxış edirdi. Bu isə öz növbəsində, ABŞ prezidenti Donald Trampı və onu dəstəkləyən yəhudi lobbisini çox ciddi şəkildə narahat edirdi. Bu baxımdan məhz yəhudi lobbisinin təkidiylə Tillersonun tezliklə istefaya göndəriləcəyinə dair bir fikir yaradılmışdı. Dünən müşahidə olunan hadisə isə bunun bilavasitə təsdiqi idi.
- Bundan sonra ABŞ-ın xarici siyasətində hər hansı dəyişikliyin baş verəcəyini gözləmək olarmı?
- Tillersonun gedişindən sonra ABŞ-ın xarici siyasətində hansısa dəyişikliklərin olub-olmamasına gəlincə, bu, İranla bağlı məsələlərdə özünü göstərə bilər. Çünki indiyə qədər İranla bağlı nüvə müqaviləsinin ləğvi məsələsində müəyyən tərəddüdlər vardı. Ola bilsin ki, bundan sonra Tehrana qarşı daha sərt mövqe sərgilənəcək və bu mövqe təkcə dövlət katibinin, eyni zamanda onun rəhbərlik etdiyi komandanın deyil, həm ABŞ-da mövcud olan yəhudi lobbisinin, həm də İsrail dövlətinin maraqlarına xidmət edəcək. Şimali Koreya ilə bağlı siyasətə gəlincə, artıq bu məsələdə nisbətən yumşalma prosesinin getdiyini müşahidə edirik. Hətta gələcəkdə ABŞ prezidenti ilə Şimali Koreya rəhbərliyinin görüşə biləcəyi ehtimalı da səslənir. Bu baxımdan, düşünürəm ki, ABŞ-ın xarici siyasətində qismən də olsa dəyişikliklərin olacağı qaçılmazdır.
- Tillersonun dövlət katibi postundan kənarlaşdırılmasında Rusiya faktoru hər hansı şəkildə rol oynayırmı?
- Düşünürəm ki, burda Rusiya faktoru o qədər də ciddi deyil. Əvvəla, nəzərə alın ki, Tillerson Rusiyada fəaliyyət göstərən böyük neft şirkətinin rəhbərlərindən biri idi. Ümumiyyətlə, o, Moskvaya qarşı sərt sanksiyaların tətbiq olunmasının tərəfdarı kimi çıxış etmirdi. Və bu konteksdə Donald Trampın fikirləri də Tillersonun fikirlərinə daha yaxın idi. Çünki ABŞ prezidentinin istəyinə qalsa, o, Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Sadəcə, həm Pentaqonda, həm də Konqresdə bunu istəməyən çox ciddi qüvvələr var. Məhz onlar Trampın Rusiya ilə əməkdaşlığının qarşısını alırlar. Bu səbəbdən də düşünürəm ki, Tillersonun dövlət katibi postundan kənarlaşdırılmasının kökündə duran əsas səbəblər Rusiya ilə bağlı deyil.
- Tramp Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini qeyd edib. Bu qurumun isə adı bu və digər şəkildə 2016-cı il 15 iyul tarixində Türkiyədə baş vermiş dövlət çevirlişinə cəhddə hallanır. Sizcə, CİA rəhbərinin dövlət katibi postuna gətirilməsindən sonra hazırda bir o qədər də xoş olmayan ABŞ-Türkiyə münasibətləri daha da gərginləşə bilər?
- ABŞ elə bir dövlətdir ki, orada fərdlər, şəxsiyyətlər o qədər də önəmli deyil. Əsas önəmli olan dövlətin yürütdüyü siyasətlə bağlıdır. Düşünürəm ki, Türkiyə həm güclü, vacib NATO ölkəsi, həm də ABŞ-ın strateji müttəfiqi olaraq Amerika dövləti üçün olduqca əhəmiyyətlidir. ABŞ rəhbərliyində təmsil olunan ağıllı insanlar da bilirlər ki, Türkiyənin bir müttəfiq olaraq itirilməsi Amerikanın regionda mövqelərini çox ciddi şəkildə zəiflədəcək. Bundan başqa, ABŞ-Türkiyə münasibətlərinin pozulması gələcəkdə Türkiyənin NATO-dan çıxması ilə nəticələnə bilər ki, bu da Şimali Atlantika Müqaviləsi Təşkilatının tamamilə dağılmasına gətirib çıxara bilər. Əslində Rusiya və Çin kimi dünya güclərinin istəyi də məhz budur. Bu baxımdan, düşünürəm ki, Mayk Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olaraq dövlət katibi vəzifəsinə gəlməsi ABŞ-Türkiyə münasibətlərinə mənfi mənada hər hansı bir təsir etməyəcək. Çünki buna ən azından dövlətin siyasəti imkan vermir. Odur ki, Pompeo da dövlət siyasətinin davamşısı olaraq çıxış edəcək və əlsinə, Türkiyə ilə münasibətlərdə müsbət töhfə verilməsinə çalışacaq.
- Eyni məntiqlə çıxış etsək, o zaman Tillersonun gedişindən sonra ABŞ-Azərbaycan münasibətlərində də hər hansı ciddi dəyişiklik gözlənilmir.
- Qeyd etdiyim kimi, ABŞ-ın siyasətini fərdlər, şəxsiyyətlər müəyyənləşdirmir. Onun siyasəti konkret siyasət şəbəkələrində, beyin mərkəzlərində, Konqresdə, eyni zamanda həm də Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi güc mərkəzlərində formalaşır. Buna görə də düşünürəm ki, Pompeonun dövlət katibi vəzifəsinə gəlməsi hətta bəzi bölgələrdə ABŞ-ın siyasətinə ciddi təsir etməyəcək. Hesab edirəm ki, Donald Tramp administrasiyası ilə xarici siyasət arasında müəyyən anlaşılmazlıqların olduğu sahələrdə, həmin bölgələrdə müəyyən korrektələr aparılacaq. Bu korrektələrin isə Türkiyə və Azərbaycan kimi strateji ölkələrlə siyasətə, münasibətlərinə elə də ciddi təsiri olmayacaq(hurriyyet.org).