Əməliyyat olunmaq üçün “AG Bank”dan 2500 dollar kredit götürdü, İNDİ 10 MİN MANAT TƏLƏB EDİRLƏR – Prezidentə ŞİKAYƏT

Baxış sayı:
8560

Bakı şəhər Abşeron rayonu Nübar qəsəbəsində yaşayan Şahvələdov Mütəllim Paşa oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə ölkə rəhbərliyinə müraciət edən şikayətçi yazır:
“Mən 2015-ci ilin sentyabrın 15-də müalicə olunmağım üçün “AG Bank” ASC-nin Şamaxı filialından 2500 ABŞ dolları kredit götürmüşdüm. 19 sentyabrda həkimlərin müayinəsindən sonra məlum oldu ki, infarkt keçirmişəm və təcili əməliyyat olunmalıyam. Noyabrın 3-də ürək əməliyyatı olundum. O zamandan indiyədək sağlamlıq vəziyyətim imkan vermir ki, işləyim. İndiyədək müalicə alıram ki, yaşaya bilim. Aldığım krediti o vaxt bir neçə ay ödəsəm də, sonralar iqtisadi və sağlamlıq vəziyyətim imkan vermədi ki, krediti tam ödəyim.
Ailədə həyat yoldaşımla birgə yaşayırıq. Keçən ili kredit aldığım “AG Bank” məni məhkəməyə verdi ki, pulu qaytarım. Və şişirdilmiş faizlərlə, cərimələrlə birlikdə məndən təxminən 10 000 AZN pul ödəməyimi tələb edirlər. Mən sağlamlıq vəziyyətimlə bağlı həkimin verdiyi sənədləri vaxtında banka təqdim etmişdim ki, nəzərə alsın, faiz hesablamasın. Amma xeyri olmadı. Pulu 3 qat artıqlamasilə tələb edirlər.
Cənab Prezident! Çox hörmətli Mehriban xanım! Sizlərdən çox xahiş edirəm ki, mənə bank tərəfindən artıq hesablanmış pulları nəzərə almadan, əsas borc olan 2500 dolların qısa müddətdə tam ödənilməsi üçün güzəşt edilsin. Əgər bank buna razı deyilsə, o zaman girov yazdıqları evimin əşyalarını – soyuducunu, xalçaları, televizoru, stenkanı, servantı, paltar dolabını, televizor altlığını gəlib aparsınlar. Mən o biri dünyaya borclu getmək istəmirəm. Amma bankın da insafı olsun. Xahiş edirəm, bu istiqamətdə mənə köməklik göstərilməsinə yardımçı olasınız”.

Muxalifet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.