Canlı qəzetlər qəbiristanlığı üzərindən uçarkən - ARİF ƏLİYEV YAZIR

Səhər-səhər mənə zəng edib, “Azərbaycan jurnalistlərinin yeddinci qurultayı” kimi gurultulu adı olan Mətbuat Şurası barədə yazmağı xahiş eləməsəydilər, bu gün şəhərimizdə belə bir hadisənin baş verməsi ağlıma da gəlməzdi.
Qurultayın necə başlanacağı mənim üçün mühüm deyildi. Sözsüz ki, təntənəli himn və təmtəraqlı təbriklərlə. Mətbuat Şurası ilə onu idarə edənlərin çap olunan KİV-in indiki vəziyyətini necə qiymətləndirmələri mənim üçün vacib deyildi. Burada da yeni heç nə gözlənilmirdi. Artıq beşinci qurultaydır ki, vaxtilə çiçəklənən qəzet-jurnal bazarının xarabalıqları üzərində ucalaraq sanki meditasiya ilə məşğul olurlar. Artmaqda olan problemlərdən üz çevirir və şüurları dərin hipnoz vəziyyətinə salırlar: bizə yaxşıdır,.. biz inkişaf edirik,.. biz hamıdan müstəqilik,.. xoşbəxtik. Bu tədbirdə mənə və “Ayna”nın oxucusuna maraqlı olacaq yeganə şey bu idi: görəsən, hər halda bu adamlar sabahkı gün barəsində nə fikirləşirlər, öz gələcəklərini – jurnalistikanın və deməli, qismən ölkənin gələcəklərini necə görürlər?
Qurultay bu suallara birmənalı cavablar verdi.
İlk növbədə, Mətbuat Şurasına onun özü barəsində ayrıca qanun lazımdır. Bunsuz gələcəkdə nazirliyə qədər yüksəlmək istəyən ictimai təşkilatın gələcəyi necə olar? Çünki göstərişlər vermək, bütün KİV üçün vacib olan qərarları qəbul eləmək, cərimə eləmək hüququ almaq, dayandırmaq, hər hansı bir orqanı bağlamaq lazım olacaq. Adamlar qətiyyən anlamırlar ki, bununla Mətbuat Şurası ÖZÜnütənzimləmə orqanı kimi əhəmiyyətini itirir, cəza təhlükəsi altında qanunların məcburi icrası mexanizmlərindən birinə çevrilər. Ölkənin bütün digər yaradıcılıq təşkilatlarının – yazıçıların, naşirlərin, rəssamların... – bu cür iş rejiminə keçməsini təsəvvür edin. Bu necə bir inkişaf perspektivi olacaqdır?!
Sözsüz ki, ikinci addım hökmən internet üzərində nəzarəti gücləndirməsi, Mətbuat Şurasının xüsusi olaraq onlayn-media, sosial media ilə məşğul olacaq əlavə strukturlarını yaratması zərurəti olacaq. Bu gün təkcə mətbuatın materialları arasında qurdalanmaq artıq maraqsızdır: mətbuat nə gəzir – canlı qəzetlər qəbirstanlığıdır. Qurultayda redaktorların özünün dilindən səsləndirilən təkliflərini eşitdikcə, onlayn-medianın gələcəyi barəsində daha çox narahat olursan və bizim səbrli məmurlarımıza uzun ömür, can sağlığı arzulamaq istəyirsən: “domen ünvanların satışını məhdudlaşdıqmaq, internet jurnalistikasını lisenziyalaşdırmaq, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə riayət edilməsinə daha ayıq-sayıq nəzarət eləmək, xaricdəki bəzi saytlara girişi bağlamaq...” – deməli, görünür ki, Mətbuat Şurasının yeni bölmələri buna nail olmalıdırlar. Bu yerdə Miloş Formanın məşhur "Ququ quşu yuvası üzərindən uçarkən” filmindən məşhur ifadə yada düşür: “Mən demirəm ki, onu öldürüblər. Onun üzərində işləyiblər”.
Və təbii ki, pul çatışmazlığı barəsindəki daimi söhbətlər. Qurultay reklam bazarının süquta uğramasının səbəblərini, media sektorunda iqtisadi sabitliyə nail olmaq imkanlarını müzakirə eləmədi. Hamı problemin həll yolunda həmrəy idi: bizə haqq ödəyin! Daha çox verin!
Hökumət mətbu nəşrlərinə subsidiyaları artırmalı, internet resurslara isə ayrıca vəsait ödəməlidir! Bəziləri tələb edirdilər, əksəriyyəti isə itaətkarlıqla xahiş edirdi.
Beləliklə, mən heç bir sürpriz gözləmirdim. Amma sürpriz oldu! Qurultay MŞ-nın məmurlarının sayını artırmağı qərara aldı. Niyə? Mənim fikrimcə, qurultay nümayəndələrindən heç biri bunu bilmirdi. Onlar detallar barəsində düşünməyərək, siyahı üzrə səs verdilər. Nəticədə idarə heyətinə yeddi nəfər “ictimaiyyət nümayəndəsi” daxil oldu: iki biznesmen və beş nəfər hörmətli həmkarım. Lakin, bir dəqiqə, Nizamnamədə (əgər növbəti dəfə dəyişdirilməyibsə,) aydın yazılıb: ictimaiyyət nümayəndələri jurnalistika fəaliyyəti ilə məşğul olmayan və dövlət qtrukturlarına çalışmayan şəxslər arasından seçilir. Əks halda, onlar necə ictimaiyyət nümayəndəsi hesab edilə bilərlər? Seçilənlərin üç nəfəri dövlətin ali qanunverici orqanının üzvləri, dördü isə media təşkilatlarının rəhbəridir, yəni jurnalist fəaliyyəti ilə məşğul olurlar...
Yoxsa, mən səhv edirəm, bu, artıq jurnalistika demək deyil?
Arif Əliyev,
"Yeni Nəsil" Jurnalistlər İttifaqının sədri
Redaksiyadan: Yazı ruscadan tərcümə olunub.